Mayın 25-də Putin Əliyev və Paşinyanın görüşü gözlənilir

15:26 | 18.05.2023
Mayın 25-də Putin Əliyev və Paşinyanın görüşü gözlənilir

Mayın 25-də Putin Əliyev və Paşinyanın görüşü gözlənilir

Mayın 25-də Moskvada Vladimir Putin, Nikol Paşinyan və İlham Əliyev arasında üçtərəfli görüş keçiriləcək. Baş nazir Nikol Paşinyan bu gün ER hökumətinin çıxışışında bildirib. 
 
"Biz Rusiya tərəfindən Rusiya prezidentinin vasitəçiliyi ilə mayın 25-də ən yüksək səviyyədə üçtərəfli görüşün keçirilməsi təklifi aldıq və biz bu təklifi qəbul etdik”, - Paşinyan bildirib.
 
Rəsmi Bakı bu görüş barəsində hər hansı bir təsdiq xəbərini bildirməyib. 

Baş nazirin sözlərinə görə, iyunun 1-də Kişinyovda Avropa Birliyinin 2-ci sammiti çərçivəsində Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şolsun iştirakı ilə beştərəfli görüş planlaşdırılır. Belə beştərəfli görüşün oktyabrda Qranadada da keçirilməsi planlaşdırılır.

"Brüsseldə növbəti üçtərəfli görüş iyul ayına planlaşdırılıb”, - Paşinyan bildirib.
 
Millət vəkili Ceyhun Məmmədov bildirir ki, Ermənistan tərəfi bundan sonrakı mərhələdə vaxt uzatmaq üçün daha çox Rusiya ilə əməkdaşlığa üstünlük verir.
 
"Hal-hazırda Rusiya, Avropa İttifaqı və ABŞ-ın moderatorluğu ilə danışıqlar prosesi üç istiqamətdə gedir. Azərbaycan bu proseslərə töhvə verə biləcək hər bir platformada fəal şəkildə iştirak edir. Bir müddət bundan əvvəl ABŞ və Avropa İttifaqının moderatorluğu ilə görüşlər keçirildi. Bu gün artıq hadisələr onu göstərir ki, Rusiya da bu prosesdə fəal iştirak edir. Məncə Ermənistan vəziyyətdən çıxmaq üçün son dövrlər daha çox Rusiya ilə əməkdaşlığa meyl göstərir. Əvvəlki dövrdə Ermənistan tərəfi çox çalışırdı ki, Avropa İttifaqı və ABŞ vasitəsi ilə Azərbaycana təzyiqlər edərək hansısa güzəştləri əldə etsin. Düşünürəm ki, artıq Ermənistan tərəfi qərbin ona təzyiq etdiyini görür və bundan sonrakı mərhələdə vaxt udmaq üçün daha çox Rusiya ilə əməkdaşlığa üstünlük verir. Bu yollada prosesləri ləngitməyə çalışır. Amma görünən odur ki, ABŞ və Avropa İttifaqı obyektiv mövqe nümayiş etdirərək Azərbaycanın ərazi bütövlüyünün tanınması və kommunukasiyaların açılması istiqamətində səylərini get-gedə artırır. Ermənistan tərəfinə Brüssel görüşündə nə deyilmişdisə, Moskva görüşündədə bu təkrar olunacaq. Ermənistan başa düşməlidir ki, gec-tez Azərbaycanın təklif etdiyi sülh prosesini qəbul edəcək və bu vaxt itkisi Ermənistana heç bir qazanc verməyəcək”, - millət vəkili bildirib.
 
Politoloq Qabil Hüsüynlinin sözlərinə görə, Rusiyanın təşkilatçılığı ilə keçirilən görüşlərin sülhə heç bir töhvəsi olmayacaq.
 
"Mən bu görüşdən müsbət mənada bir şey gözləmirəm. Çünki indiyədək bu cür görüşlər çox keçirilib və heç bir nəticəsidə olmayıb. Rusiya Ermənistanın sülh danışıqları prosesində vaxtı uzatmasına dəstək verən, onu silahlandıran ölkədir. Buna görə də Rusiyanın bölgədə sülh yaranmasında maraqlı olduğuna inanmıram. Rusiya Brüsseldə keçirilən sülh görüşlərini həzm edə bilmirlər və bu prosesi pozmağa çalışırlar. Düşünürəm ki, bu görüş qərbin təşkilatşılığı ilə həyata keçirilən sülh proseslərinə zərbə vura bilməyəcək. Məncə Rusiyanın bu pozuculuq işləri baş tutmayacaq və Rusiya son nəticədə Cənubi Qafqazdan çıxmaq məcburiyyətində qalacaq”, - politoloq bildirib.

 
Əliyev, Paşinyan sonuncu dəfə Şarl Mişelin təşkilatçılığı ilə Brüsseldə görüşüb. Görüş sonrası Ermənistan və Azərbaycan bir-birinin ərazi bütövlüyünü tanımasını təsdiq edib. 
 
Gülnar Nazimqızı 
Eltac Nurullazadə 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM