Siyasi məhbus kimi tanınan Şahin Verdiyev dekabrın 22-də Gəncə 2-ci istintaq təcridxanasında intihara cəhd edib. Bu barədə onun anası Seminarə Cəfərova məlumat verib.
Onun sözlərinə görə, oğlu narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı ittihamlara etiraz olaraq bu addımı atıb.
"Səhər tezdən kamerada özünü asmaq istəsə də, kəndir qırılıb. Bundan sonra kamera yoldaşı onun yenidən özünü asmaq cəhdinin qarşısını alıb. Oğlum martın 9-da narkotik saxlama maddəsi ilə saxlanılıb. O, bu böhtan xarakterli ittihama etiraz edir”, - Cəfərova bildirib.
Məhkumun vəkili Elçin Sadıqov bildirib ki, müdafiə etdiyi şəxsin intihara cəhd etməsi ilə bağlı Penitensiar Xidmətə məlumat verib.
"Şahin Verdiyev 2018-ci ilin iyulunda Gəncə hadisələri ilə bağlı daha əvvəl həbs edilib. Həbs olunduqdan sonra işgəncələrə məruz qalıb, bu da səhhətində ciddi problemlər yaradıb. Bir il sonra o, sərbəst buraxıldı. Bu ilin martında Verdiyev yenidən həbs edilib. Məhkəmədə o, yenidən döyüldüyünü və təcridxananın xəstəxanasına yerləşdirildiyini bildirib”, – vəkil bildirib.
Penitensiar Xidmət məsələyə ilə bağlı hər hansı açıqlama verməyib.
Verdiyev 2018-ci ildə Gəncədə icra hakimiyyətinin sabiq başçısı Elmar Vəliyevə sui-qəsddən bir həftə sonra saxlanılıb. Məhkəmədə o, polisin işgəncələrindən danışıb. O, başını suya salmaqla boğudulduğunu, dəyənəklə döyüldüyünü və stulun ayaqları ilə döyüldüyünü iddia edib.
Onun iddiasına görə, müstəntiqlər bu əməllərə onu "saxta etirafa imza atdırmaq məqsədilə” edib.
Hüquq müdafiəçiləri Şahin Verdiyevi siyasi məhbuslar siyahısına salıb. Rəsmi Bakı isə Azərbaycanda siyasi məhbusların olmadığını bildirir.
N.Təbrizli
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !