"Ölkə Prezidentinin qanunvericilik təşəbbüsü əsasında Cinayət Məcəlləsinə bir sıra əməllərin dekriminallaşdırılması, azadlıqdan məhrumetmə cəzasının hədlərinin azaldılması, azadlığın məhdudlaşdırılması yeni alternativ cəza növünün daxil edilməsi, zərərçəkmiş şəxslə barışma institutunun təkmilləşdirilməsi, həmçinin həbsə alternativ qətimkan tədbirlərinin tətbiqinin genişləndirilməsi ilə bağlı 300-ə yaxın mühüm dəyişiklik edilib".
"Report” xəbər verir ki, bunu Azərbaycan ədliyyə nazirinin müavini Məhərrəm Əliyev 22 noyabr Ədliyyə İşçilərinin Peşə Bayramı günü münasibəti ilə "Xalq qəzeti"nə müsahibəsində deyib.
O, bildirib ki, hələ vaxtilə – 2000-ci ildə əvvəlki hüquq sistemindən fərqli olaraq, ölkənin müasir hüquq sisteminin fəaliyyətini tənzimləyən yeni qanunvericilik aktlarının qəbul edilməsi o dövrdə mütərəqqi addım idi, hazırda isə bu sərəncam hüquqi sahədə islahatların keyfiyyətcə yeni mərhələdə davam etdirilməsini şərtləndirib.
"Eyni zamanda, sərəncamla ölkəmiz üçün yeni olan Probasiya xidməti təsbit edilmiş, bununla bağlı qabaqcıl beynəlxalq təcrübə öyrənilib, fəaliyyətin təmin olunması üzrə mühüm işlər görülüb. Prezidentin 2017-ci il 7 noyabr tarixli fərmanı ilə nazirliyin aparatında ayrıca baş idarə səlahiyyətli Probasiya xidmətinin yaradılması bu sahədə işin səmərəli və mütəşəkkil qaydada təşkilinə xidmət edib. Bununla yanaşı, cəzaların icrası və qətimkan tədbirlərinin tətbiqi zamanı müasir informasiya-kommunikasiya texnologiyalarından istifadəni təmin etmək məqsədilə bu sahədə bir sıra dövlətlərin təcrübəsi öyrənilib, "elektron qolbağ”ın nümunələri pilot qaydada sınaqdan keçirilib", - deyə nazir müavini əlavə edib.
www.anews.az