Mənzil bazarında nə baş verir?

09:12 | 29.10.2015
Mənzil bazarında nə baş verir?

Mənzil bazarında nə baş verir?

Bundan sonra dövlətin daşınmaz əmlak və xüsusən də mənzil bazarına nəzarət imkanları artacaq.

Bunu Milli.Az-a açıqlamasında iqtisadçı-ekspert Pərviz Heydərov Azərbaycan Prezidenti İlham Əliyevin İpoteka Fondunun yenidən təşkil edilməsi və Mərkəzi Bankdan ayrılaraq onun bazasında ayrıca "Azərbaycan İpoteka Fondu" Açıq Səhmdar Cəmiyyətinin yaradılması ilə bağlı fərmanını şərh edərkən deyib. Ekspertin fikrincə, prezidentin "Azərbaycan İpoteka Fondu" Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında fərman imzalaması mühüm və olduqca zəruri addım oldu: "Birincisi, bu sahədə yeni və müstəqil bir qurum yaradıldı. Hansı ki, sözügedən cəmiyyət bilavasitə ölkədə əhalinin yaşayış sahəsi ilə uzunmüddətli ipoteka kreditləşməsi vasitəsilə təmin edilməsi mexanizmini yeniləməyə, ipoteka kreditləşməsinə yerli və xarici maliyyə resurslarının cəlb olunması ilə bağlı işlərin indi daha uğurla və müsbət yerinə yetirməsinə yardım edəcək.

İkincisi, fərmanla yeni yaradılan qurumun ipoteka kreditləşməsinə cəlb etdiyi vəsaiti yaşayış sahəsinin 1 kvadratmetri üçün hesablanan qiyməti kreditin verilmə tarixinə ölkənin şəhər və rayon ərazilərinin müvafiq zonalarında orta bazar qiymətindən artıq olmayan, o cümlədən təmir edilmiş, Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq istismarına icazə verilmiş çoxmənzilli binalardakı mənzillərin və məlumatlandırma icraatı qaydasında inşa edilmiş, tikintisi başa çatdığı haqda məlumat verilmiş yaşayış evlərinin alınması üçün verəcəyi göstərilib".

Cari ilin I yarısında ölkənin sosial-iqtisadi inkişafının yekunlarına dair hökumətin dövlət başçısının rəhbərliyi altında keçirilən iclasında ipoteka kreditləşdirilməsinə 200 milyon manat ayırmaq haqda məsələ qaldırıldığını xatırladan iqtisadçı hesab edir ki, mövcud iqtisadi və maliyyə çətinliklərinə, neftin qiyməti ilə əlaqədar gəlirlərin azalmasına baxmayaraq, prezident tərəfindən bunun gündəliyə gətirilməsi gözlənilməz oldu: "Məsələ bundadır ki, ipoteka vəsaitinin dövlət büdcəsi hesabına artırılması, o cümlədən şərtlərin də yumşaldılacağı təqdirdə mənzil bazarında qiymətlərin yüksəlməyəcəyinə bizdə heç vaxt heç bir zəmanət olmayıb. 200 milyon manat isə az vəsait deyildi və bunun necə paylanacağı, hansı şərtlərlə bölüşdürüləyəcəyi aydın deyildi. Sadəcə, deyilirdi ki, hökumətin strukturları bu sahədə müvafiq təkliflər hazırlayır.

200 miyon manat pul mənzillərin bahalaşması ilə nəticələnəcəkdisə və əgər əhalinin, həqiqətən də, yaşamaq üçün evə ehtiyacı olan hissəsinə çatdırılacaq kredit resursları tikinti inhisarçıları və daşınmaz əmlak biznesi ilə məşğul olanlar tərəfindən "bəhanə faktoruna" çevriləcəkdisə, o zaman əlavə problemlər yaranacaq və böhran ortaya çıxaracaqdı. Ancaq fikrimcə, bundan sonra dövlətin daşınmaz əmlak və xüsusən də mənzil bazarına nəzarət imkanları artacaq. Belə ki, qiymətləri yenə bazar şərtləri müəyyən etməkdə davam edəcəksə də, hökumətə əhalinin, həqiqətən də, mənzilə ehtiyacı olan hissəsinə dövlətdən ayrılan maliyyə vəsaitlərinin məqsədəuyğun xərclənməsinə nəzarət etmək imkanı yaranacaq. Bu da xüsusilə də gənc və aztəminatlı ailələrin mənzilə və yaşayış evlərinə artan tələbatını ödəmək üçün və sözügedən kateqoriyadan olan insanların əlverişli maliyyələşdirmə vasitələri ilə, o cümlədən ipoteka kreditlərinə çıxış imkanları asanlaşdırılmaqla, ipoteka kreditləşməsi sisteminin təkmilləşdirilməsinə və sadələşməsinə yardım edəcək".

İqtisadçı əlavə edib ki, prezidentin təşəbbüsü ilə 200 milyon manat ayrılması da, ipotekanın tikinti sektorunun inkişafına xidmət etməli və dövlətin bunun vasitəsilə daşınmaz əmlak bazarına nəzarət etməli olduğunu ehtiva edir.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM