Həyata keçirilən fəaliyyət nəticəsində ötən il Azərbaycanda daşınmaz əmlakla əməliyyatların həcmi öz tarixində ən yüksək həddə çatıb və rekord göstəricilər qeydə alınıb.
Əmlak Məsələləri Dövlət Komitəsindən ANS PRESS-ə verilən məlumata görə, daşınmaz əmlak qeydiyyatının artmasının bir neçə mühüm səbəbi var. Bu ilk növbədə ölkənin sosial-iqtisadi inkişafı və iqtisadi göstəricilərin yüksəlməsi ilə əlaqədardır.
Son vaxtlar Azərbaycanda iqtisadi fəallığının artması, kənd təsərrüfatı və sənayenin inkişafı, əhalinin sosial vəziyyətinin yüksəlməsi daşınmaz əmlak bazarını canlandırıb və əmlakla əməliyyatların sayının artmasına səbəb olub. Digər səbəb xidmətlərin vətəndaşlar üçün əlverişliliyinin təmin olunması, daşınmaz əmlakın qeydiyyatı prosesinin sadələşməsi və bu sahədə elektron xidmətlərin tətbiqinin genişləndirilməsidir. Son illərdə əmlakın qeydiyyatı prosedurlarının sayı və buna sərf edilən müddətlər azaldılıb. Paralel olaraq 2012-ci ildən etibarən tətbiqinə başlanan elektron xidmətlərin sayı indiyədək artmaqdadır. Bu xidmətlərin tətbiqi əmlakın qeydiyyatının faktiki olaraq avtomatlaşdırılmasına şərait yaradıb.
Son illər əhali arasında aparılan mütəmadi maarifləndirmə kampaniyaları və daşınmaz əmlakın qeydiyyatının faydalarının izah edilməsi öz məntiqi nəticələrini verib. Vətəndaşların daşınmaz əmlakın qeydiyyatına marağı artıb. Ölkə vətəndaşları qeydiyyatа alınmış əmlaka daha inamla yanaşmağa başlayıblar. Bu da əmlakın sənədləşdirilməsini və əmlakla əməliyyatların həcmini yüksəldib.
2014-cü ildə 205,2 min daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı aparılıb ki, bu da indiyədək ölkədə qeydə alınmış ən yüksək göstəricidir. 2014-cü ildə daşınmaz əmlakla əməliyyatların həcmi 2013-cü ilə nisbətən 28 min ədəd və ya 15,9% artıqdır. Son 5 ildə ölkədə qeydiyyatı aparılan əmlakların sayı 2,3 dəfə artaraq 2009-cu ildəki 89 mindən 2014-cü ildə 205,2 minə yüksəlib.
Ən sürətli artım isə 2011-ci ildə qeydə alınıb. Həmin il daşınmaz əmlakla əməliyyatların həcmi 56% artaraq 94,7 mindən 147,4 minə yüksəlib. Əmlakla əməliyyat sonrakı illərdə də mütəmadi şəkildə artıb. 2012-ci ildə 151,5 min, 2013-cü ildə 177,1 min, nəhayət 2014-cü ildə 205,2 min əmlakın qeydiyyatı aparılıb.
Qeyd olunduğu kim, ölkədə iqtisadi artım, əhali və sahibkarların iqtisadi fəallığı, xüsusilə də regionlardakı fəallıq adi vətəndaşların əmlak qeydiyyatına marağını kəskin artırıb. Nəticədə, 2014-cü ildə 58 min əmlak ilkin qeydiyyatdan keçərək sənədləşdirilib. İlkin qeydiyyatda bu indiyədək müşahidə olunan ən yüksək göstəricidir. 2013-cü ilə nisbətən ilkin qeydiyyat 16,6%, təkrar qeydiyyat 15,6% artıb. 2014-cü ildə ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 ərazi idarəsinin hamısında daşınmaz əmlakın qeydiyyatının artımı müşahidə edilib.
Ötən il mülkiyyət hüquqlarının qeydiyyatı aparılan əmlaklardan 41,5 mini fərdi yaşayış və bağ evi, 56,3 mini mənzil, 98 mini torpaq sahəsi, 4,7 mini qeyri-yaşayış binası, təqribən 3,6 mini qeyri-yaşayış sahəsi, 1066-sı əmlak kompleksi, 56-sı çoxmərtəbəli yaşayış binası, 44-ü çox illik əkmə olub. Ötən il 2013-cü ilə nisbətən torpaq sahələrinin qeydiyyatı 35%, fərdi yaşayış və bağ evlərinin qeydiyyatı 13%, çoxmərtəbəli yaşayış binalarının qeydiyyatı 19% artıb.
Əmlak bazarında regionların payının artımı 2014-cü ildə də davam edib. 2014-cü ilin yekunlarına görə, əmlakın qeydiyyatında regionların payı 69%-ə çatıb. Artıq ənənəvi olaraq fərdi yaşayış evi, torpaq sahələri, qeyri-yaşayış binaları və əmlak kompleksləri üzrə əməliyyatların böyük hissəsi, çoxillik əkmələrlə əməliyyatların isə hamısı regionlarda aparılır. Qeyd edək ki, bu dövrdə qeydiyyatdan keçən 56 çoxmərtəbəli binadan 45-i regionlardadır.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !