"Ötən aylarla müqayisdə Bakıda mənzillərin qiyməti 8 faizə yaxın azalıb"
ANN.Az xəbər verir ki, bu haqda məlumatı iqtisadçı-ekspert Vüqar Bayramov Bakıdakı mənzil bazarlarında olan qiymət dəyişikliyinə münasibət bildirərəkən deyib.
Ekspert hələ ötən ilin payızında Bakıda mənzillərin qiymətinin azalacağı ilə bağlı açıqlama yayanda bəzi tədqiqatçılar süni və psixoloji qiymət artımlarına nail olmaq üçün yaxın zamanlarda qiymət artımlarının olacağı haqda məlumatlar yaydıqlarını deyib: "Ötən müddətdə isə hər ay əvvəlki aya nisbətən qiymət azalmaları müşahidə edilir. Aprel ayının yekunları göstərir ki, mənzillərin qiyməti 8 faizə yaxın azalıb. Qiymət azalmaları sadəcə manat deyil, eyni zamanda dollar ifadəsində də özünü göstərməkdədir".
Növbəti aylarda qiymətlərin necə dəyişəcəyindən söz açan ekspert azalma tendensiyasının payızadək davam edəcəyini proqnozlaşdırdığını bildirib: "Əvvəlla, əmlak bazarında tələb kəskin azaldığı üçün real satış qiymətində azalmalar müşahidə edilir. Bazarda alıcıların sayı az olduğu üçün praktik olaraq qiyməti satıcıdan daha çox ev alan diqtə edir. Məsələn, bizim monitorinqlər göstərir ki, öz mənzilini son qiymət olaraq 125 min manata təklif edən satıcı real alıcı olduğu halda hətta 110 min manata razılaşır. Bu isə, təklif qiyməti ilə real satış qiyməti arasında kəskin fərqin olmasından xəbər verir".
Bundan başqa növbəti ikinci səbəb Rusiyaya tətbiq edilən sanksiyaların qüvvədə qalması şimal qonşumuzda yaşayan azərbaycanlıların Bakının mənzil bazarına tələbinin azalmasıdır: "Əksinə, onların bir qismi Azərbaycandakı əmlakını sataraq qiyməti daha çox ucuzlaşmış Rusiya və Ukrayna şəhərlərində mənzil almağa üstünlük verirlər. Üçüncü səbəb, qlobal iqtisadi çətinliklə bağlı olaraq nəinki Azərbaycanda, eləcə də bütün qonşu ölkələrdə vətəndaşlar daha çox yığıma üstünlük verirlər ki, bu da mənzillərə tələbi azaldıb. Dördüncü səbəb isə, neftin dünya bazar qiymətinin aşağı düşməsi ölkə ixracatının azalmasına və bununla da pul dövriyyəsində valyutanın payının məhdudlaşmasına səbəb olub”.
Bakıda mənzillərin qiymətinin son illər kəskin artması, praktik olaraq, qiymətlərin tavana dirənməsinə səbəb olduğunu deyən ekspert mənzil bazarında yaxın aylar üçün qiymət artımları gözlənilmədiyini deyib.
Bizi sosial şəbəkələrdə izləyin !