Mərdan Əfəndiyev: "Böhran yenilik etmək üçün fürsətdir" - MÜSAHİBƏ

20:56 | 10.12.2015
Mərdan Əfəndiyev:

Mərdan Əfəndiyev: "Böhran yenilik etmək üçün fürsətdir" - MÜSAHİBƏ

 
 
90-cı illərin sonunda respublika miqyasında ərzaq şirkətlərinin "sıfırdan” qurulmasında iştirak edən Əfəndiyev Mərdan, uzun illər azərbaycanlı biznesmenlərə şirkəti yeni səviyyəyə qaldırmaq və biznes-prosesləri qaydaya qoymaq barədə də konsultasiyalar verib. 

Onun müştəriləri arasında ciddi bank strukturları da olub. Mərdan Əfəndiyev ilk ciddi təcrübəsini hələ 16 yaşında olarkən əldə edib, sovet dövründə Azərbaycan hökumətinin aldığı sistem mərkəzlərinin kompüterləşdirilməsinə istiqamətlənən böyük layihədə iştirak edib. Sərhədlərin açılmasından sonra iki il biznesini Türkiyədə inkişaf etdirib. Şirkətlərə konsultasiyalar verməklə karyerasını Bakıda da davam etdirib, ümumrespublika miqyasında müxtəlif layihələrdə iştirak edib. Sonradan karyerasını Azərbaycan strukturlarındakı Britaniya investisiya şirkətlərində inkişaf etdirib. Yaradıcı təşkilatçılıq qabiliyyətlərinə görə Mərdan Əfəndiyev karyera pillələrində yuxarılara qalxıb, böyük şirkətin heyətində baş direktor vəzifəsinədək yüksəlib. 

Sonradan öz konsaltinq şirkətini açmaqla, o, Rusiya, Ukrayna, Türkiyə şirkətləri də daxil olmaqla şirkətlərə peşəkar yardım göstərib. Paralel olaraq gələcək analara paltar satışında ixtisaslaşan ailə biznes layihəsi olan "9AY"-ı açıb. 

Həyatının bir məqamında o prioritetlərini dəyişmək qərarına gəlib və cəsarətli addım atıb: prestijli işinə son verməklə, özünü xırda sahibkarlığa həsr edib. İnandırıcı görünmür? Bəli, ancaq "М&Partners" şirkətinin və "9AY” brendinin yaradıcısı üçün bu çox real hekayətdir və onun həyatının bir parçasıdır. Sahibkarlıq sahəsindəki imkanlardan yararlanan uğurlu iş adamının qarşısında yeni perspektivlər açılıb. Boş yerə demirlər ki, uğur cəsarətlilərə gülür. Əgər insan özündə gələcəyə getmək üçün təpər tapmasa, o həmişə geri qalacaq. 

Mərdanla danışmaq rahat və xoşdur. O hər şeyə vaxt çatdırır, hər yerdədir və bununla yanaşı xoşbəxt olmağı da bacarır... Bəzən bu demək olar ki, mümkünsüz görünür. Ancaq belə maraqlı şəxsdən müsahibə götürməklə, biz həyatda ən vacib məqsədləri və prioritetləri reallaşdırmğan necə mümkün olduğunu aydınlaşdırmağa çalışdıq. 

- Siz "9Ay” brendinin təsisçisi, "М&Partners Ltd"nin rəhbəri, İqtisadi İslahatlar və Sahibkarlığa Təşəbbüs Mərkəzinin direktoru və maliyyə məsələləri üzrə mütəxəssizsiniz. Bu sizin nailiyyətlərinizin siyahısıdır? Uğurunuzun sirri nədir? 

- (Gülür). Mən heç bilmirəm uğurun formulası deyə bir şey varmı. 
Hər bir insan öz uğunu müxtəlif təzahürlərdə görə bilər. İnsanın təsəvvüründə uğur nə deməkdir? Kiminsə üçün maddi təminatdır, kiminsə üçünsə başqa məqsədlərin reallaşmasıdır. Mənimçünsə uğur ailəm, uşaqlarımdır və etdiyim hər şey öz ailəmin uğurlu olmasına istiqamətlənib. 

- Bəs nəyə görə biznes? Siz nəyə görə həkim, yaxud hüquqşünas olmadınız? Axı sizin xarakterinizin formalaşdığı dövrdə bizim valideynlərimiz və cəmiyyət uşaqlarını biznesdə yox, başqa sahələrdə görürdülər. 

- Hər bir peşənin öz rolu var. Biznes də istisna deyil. Mənim həyat fəlsəfəmdə menecer və sahibkar anlayışı mahiyyətcə cərrah peşəsindən fərqlənmir: əgər sonuncusu həyat xilas edirsə, menecer də öz düzgün qərarlarıyla böhrandan çıxış yolu tapır, ya da bir neçə min işçisi olan şirkəti yeni bir səviyyəyə yüksəldir. 

- Siz "mencer, yaxud sahibkar”ı xatırlatdız. Axı biznesdə bunlar fərqli "peşələrdir”, mahiyyətcə fərqli fəlsəfələri və öhdədilikləri var. Həm menecer, həm də sahibkar təcrübəsi olan insandan bu barədə eşitmək maraqlı olardı. 

- Dünya dəyişir. Biznes də həmçinin. Əgər onilliklər ərzində böyük korparasiyalarda menecerlər tələb olunurdusa, son illərdə bu konsepsiya artıq özünü doğrultmur. Tərəqqinin dinamikasının çox güclü dəyişdiyi şərtlər daxilində biznesin davam gətirməyi çox çətindir.  İndiki dövrdə hətta bazarın seqmentinin əsaslarını qoyan iri şirkətlərə sırtıq "təzələr”in qarşısından duruş gətirmək çətindir, onlar özlərinin innovativ biznes modelləriylə ənənəvi şirkətlərin 10 ildə əldə etdiklərini 5 il içində əldə edirlər. Belə kəskin rəqabət şərtləri daxilində menecerlərin yeni formasiyasına tələbat var. Sahibkar-menecerlərə. Ancaq problem budur ki, MBA proqramlarında menecmenti oxumaq mümkün olsa da, sahibkarlığı oxumaq qeyri-mümkünür. Bu ruh halıdır. Burada ağıllı olmaq, istənilə situasiyada kreativ yanaşmaq lazımdır, belə ki, sahibkar nəsə söz deyəcək və onun yerinə qərar qəbul edəcək top-menecerin "ağzını”güdməməli, əksinə özbaşına sağ qalmalı və addımlarına görə məsuliyyət daşımalıdır. Əvvəllər ənənəvi prinsip işə yarayırdı, çünki hər kəsdə biznes əksərən stabil olurdu. İndi bu model qısaqapanmalar verir.  

- Azərbaycanda sahibkar-menecerlərə tələbat nə qədərdir? 

- Mənim fikrimcə, mürəkkəb iqtisadi situasiyada Azərbaycanda belə kadrlara ehtiyac olacaq. Ölkəmizdəki iri şirkətlər artıq başa düşürlər ki, biznesi əvvəlki kimi idarə etmək mükünsüzdür, qərar verərkən dəqiq reaksiya verən təşəbbüskar insanlara ehtiyac var. Belələri isə ancaq sahibkar keyfiyyətləri olanlardır. Mən iri şirkətlərin top-menecerlərinin yerində olsaydım, yeni biznes istiqamətləri, yeni xidmət, yaxud servislər üçün işə sahibkarlıq keyfiyyətləri olan insanları cəlb edərdim. Ancaq belə insanlara hərəkət üçün müəyyən sərbəstlik vermək lazımdır ki, öz potensiallarını  doğrulda bilsinlər və şirkətə fayda verməyə çalışsınlar. 

- Son aylar biznes təmsilçilərindən tez-tez alıcı tələbatının düşməsi, nəticədə gəlirlərin azalması barədə giley eşidirik. Şirkətlər bu situasiyadan necə çıxılar? Nə etmək lazımdır? 

- Sevinmək (Gülür). Mən zarafat etmirəm. Böhranla bağlı hamıya məlum problemlərə baxmayaraq, mənim anlamımda bugünkü situasiya istənilən biznes üçün özünəməxsus imtahandır. Axı ölkəmizdəki firavanlıq dövründə bir çox şirkətlərin biznes-prosesləri qüsurluydu, kadr siyasəti axsayırdı, marketinqi pis qurulmuşdu, servis səviyyəsi aşağı idi. Fikrimcə, bu böhrana "şirkət-konkurenti” kimi baxmaq lazımdır, o bazarı əlinə alır, nəticədə də dövriyyə aşağı düşür. Bu şərtlər daxilində təəssüflənmək yox, inkişaf üçün başqa yollar axtarmaq, başqa biznes-modellərə baxmaq lazımdır ki, növbəti mərhələdə qazanc gətirsin. Bizə quldur hücum edəndə, biz yerimizdə dayanmırıq ki, mübarizə aparırıq, qalib gəlmək üçün bütün vasitələrdən istifadə edirik. Biznesdə də demək olar ki, belədir, yeni-biznes modellər axtarmaq, yeni xidmətlət və məhsullar yaratmaq lazımdır. 

Mənimçün böhran fürsətdir. Yenilik etmək üçün imkandır. 

- Azərbaycan menecmentinin səviyyəsini necə qiymətləndirirsiz? Xüsusilə indiki situasiyada. 

- Son ildə bizdə səviyyəli menecerlər yetişib, onların bir hissəsi də Qərbdə təhsil alanlardır. Ancaq unutmaq olmaz ki, Qərbin tədris proqramları "onların” şərtlərinə cavab verur, bizim şərtlərimizdə isə vəziyyət başqa cürdür. Azərbaycan praktikasında menecerin qabağına heç Harvard məzununun yuxusuna girməyəcək problem çıxa bilər. Ona görə də, işə aşağılarda başlamış hansısa təcrübəli idarəçi Qərb diplomu olan təcrübəsiz kadrdan daha müvəffəqiyyətli ola bilər. "Təcrübə ən yaxşı müəllimdir”. Ancaq istənilən təqdirdə hər bir idarəçi daim özünü inkişaf etdirməlidir, menecment sahəsindəki yenilikləri bilməli, təlimlərdə iştirak etməlidir. Belə olanda, bilik sahəsini genişləndirmək və şirkəti bazardakı rəqabətdə inkişaf etdirmək olar. 

- Biliklərdən danışdıq, ancaq komanda barədə də sual yaranır. Azərbaycanda top-idarəçilər tez-tez səviyyəli kadrların çatışmazlığı problemindən danışırlar. Ölkədə komanda yaratmaq bu qədərmi çətindir? 

- Əlbəttə, belə problem var. Ancaq səbəb istedadlı gənclərin çatışmazlığında deyil, Azərbaycan menecmentinin ləngliyindən qaynaqlanır. Axı bizdə top-idarəçilərin əksəriyyəti dominantdırlar, bir qayda olaraq qərarları şəxsən verirlər. Yekdil fikrə əsaslanmaq kimi geniş ənənə yoxdur. Əməkdaşların təşəbbüskarlığı tez-tez boğulur. Bundan isə biznes əziyyət çəkir, əməkdaşlar özlərini reallaşdıra bilmirlər. Təbii ki, özləri özlərini yetişdirənlər olur, ancaq istedadlı gənclərin böyük əksəriyyəti hansısa mərhələdə inkişafdan qalırlar. 

Məncə, şirlətlərin rəhbərliyi yekdilliyə əhəmiyyət verməli və komanda qurmalıdır – burada alfa-lider çox qabardılmalı deyil, istənilən situasiyada istənilən tapşırığı həll etməyə qabil mexanizm olmalıdır. Daha dəqiq desəm, mən komanda oyununu üstün tuturam, amma təbii ki, oyunun nəticəsindən məsuliyyət daşıyan lider də olmalıdır. 

- Orta menecment tez-tez səylə işlədiklərinə baxmayaraq, rəhbərliyin biganəliyi ilə üzləşdiyindən gileylənir. Onlara nə tövsiyyə edərdiz? Hansı strategiyanı seçməli? 

- Dünyada şirkət idarəçiliyinin bir neçə modeli mövcuddur. Azərbaycanda ya təbii formada, ya da hansısa başqa səbəbdən dolayı amerikan modeli yayğındır, burada əməkdaşın səylə işləməyi az deyilmiş kimi, şirkət daxilində də o, rəhbərliyin gözünə girməyə çalışmalıdır. Məhz buna görə dünyada səfeh, ancaq sırtıq rəislərin sayı çoxdur: ağıllı abır-həya edir, sırtıqsa karyera pilləsində qalxmaq üçün hər şeyi edir, çünki başa düşür ki, aşağı potensialı ilə yeni vəzifə qazanmağı mümkün deyil. Ancaq bu iri korperasiyalara belə xas olan dünya problemidir. 

Yalnız bir şeyi tövsiyyə edə bilərəm – rəhbərliyə nəyə qadir olduğunu göstərmək vacibdir, hər zaman görünüş sahəsində olmaq və rəhbəri vakant vəzifəyə məhz sizi təyin edəcəyinə inandırmaq lazımdır. 

- Gəlin əvvələ qayıdaq. Siz nəyə görə "böyük idman”dan getdiniz və həyatınızın bir neçə ilini xırda sahibkarlığa həsr etdiniz? 

- Bu, mənim həyatımda müəyyən dövrü əhatə etdi, ailəmin mənə ehtiyacı vardı. Onlara daha çox vaxt sərf etməliydim. Bizim gələcək analar üçün geyim satmaqda ixtisaslaşan "9AY” mağazamız yarananda, (bunu əvvəlcə xanımım üçün məşğuliyyət kimi nəzərdə tutmuşduq) mən xırda biznesə "yaradıcı məzuniyyət” götürməyi qərara aldım. 

Üstəlik, xanımım gündəlik biznes-rutindən dolayı dərhal marağını itirmişdi. Yeri gəlmişkən, mağazanı açan kimi biz dərhal özümüzün ticarət marakası olan paltarları satmaq qərarına gəldik. İllər keçdikcə, "9AY” ticarət markası öz seqmentində brend oldu, bizsə balaca mağazadan böyük şirkətə çevrildik.
 
- Siz biznesdə hansı dəyərləri rəhbər tutursuz? 

- Biznesin sosial aspektlərindən – gələcək anaları, ölkəmizin insanlarını onların gələcəyiylə məşğul olduğumuza inandırmaq barədə çox danışmaq olar, amma əslində bunların hamısı yalan olar. Biznes hər şeydən əvvəl qazanc, gəlir əldə etməyə çalışmaqdır.  Partnyorları, müştərilərə aldatmaq olmaz. Dürüst olmaq lazımdır. Biz dürüst olmağa çalışırıq. Və biznesimiz xoşumuza gəlir, etdiyimizdən zövq alırıq. 

- Uğura nail olmaq üçün ən vacib şey özünə inanmaqdır. Xahiş edirəm, ifadəni tamamlayın: "Özünə inan...”

- Ən vacibi özünə inanmaqdır. Bu istənilən uğurun əsasıdır. Öyrənmək, öz üzərində işləmək, reallaşdırmaq, hərəkət etmək, dayanmamaq, qabağa getmək, maneələri aşmaq, komfort zonadan çıxmağı bacarmaq lazımdır. 

- Komfort zonadan...? 

- Dünyadakı insanların əksəriyyəti öz komfort zonalarında yaşayırlar. Onlar xarici dildə danışmaq, atlet fiqurasına malik olmaq, arıqlamaq, nəsə öyrənmək, nəyəsə nail olmaq istərdilər. Bu arzuların əksəriyyətini reallaşdırmaq olar. Məsələn, yaxşı formaya düşmək üçün həftədə üç dəfə bir saat məşq etmək kifayətdir. Bir gündə bir neçə söz öyrənməklə, bir müddətdən sonra bir dili bilmək olar. Sadəcə insanlar bunu etmirlər. Demək olar ki, istənilən sahədə nailiyyət qazanmaq olar, ancaq insanlar seriala baxmağı, özünə əziyyət verməməyi, komfort zonalarından çıxmamağı üstün tuturlar. 

- Özünü təsdiq etmək iddia etməkdən hər zaman daha çətindir. Əvvəlcə yeniyetmə yaşlarında dərslərini yaxşı oxumaqla, qarşı cins arasında populyar olursan. Daha yetkin yaşda isə qazandığın pulla, evlə, avtomobillə. Bəs həyatda özünü təsdiq etmək sizinçün nədir? 

- Çox maraqlı sualdır. Avtomobilə sahib olmaq bizim dövrümüzdə şübhəsiz vacibdir – bu rahatlıq, komfortdur. Ancaq maşının markası, qiyməti və prestiji məni o qədər də narahat etmir. Maşın rahat olsun – mənim üçün əsas kriteriya budur. Məncə, özünü tapmış adamlar zahiri atributlarla seçilmək üçün səy göstərmirlər. Özünütəsdiq biliklərlə, real nailiyyətlərlə və uğurlarla olur. 

- Özünü reallaşdırmağın belə bir formulası var – "Özündən başla”. Əgər dünyanın, ölkənin dəyişilməsini istəyirsənsə, özündən başla. Sizin fikrinizcə, hansı daha vacibdir – özünlə mübarizə, yoxsa barrikadanın o tərəfindəki düşmənlərlə? 

- Qandi "özündən başla” deyib. Əlbəttə, mənimçün vacib olan özünlə mübarizədir: öz qüsurlarınla, tənbəlliyinlə mübarizə aparmalısan, onda hər şey alınacaq. Öz üzərində işlərkən nə qədər uğurlu və əzmkar olsan, başqaları səndən bir o qədər çəkinəcəklər və hətta düşmənlər yox, mən deyərdim səni sevməyənlər sənə qarşı çıxmağa cəsarət göstərməyəcəklər. Şəxsən mənim düşmənlərim yoxdur, bizim sadəcə bir düşmənimiz var – torpaqlarımızı işğal edənlər. 

- Karyeranızın ilkin dövründə, hətta uşaqlıqda nəyə inanırdız? Superqəhrəmanları, Şaxta Babanı demirəm, sizə ən çox təsir və ilham verən nə idi? 

- Mənim uşaqlığım və indiki həyatım tamam fərqli planetlərdi. Biz sovet cəmiyyətində yaşayırdıq və yuxumuza da girməzdi ki, mövcudluğun başqa forması da var. Sovet cəmiyyəti, bir ideologiya vardı, xüsusi mülkiyyət qadağan idi, planlı iqtisadiyyat həyata keçirilirdi, "bərabərçilik” prinsipi qüvvədəydi. İndiki gənclik nə dediyimi təbii ki, başa düşməz. Və sovetlərin mövcudluq anlayışı bütünlüklə insan təbiətinə ziddi idi. Planlı iqtisadiyyat, bərabərçilik ölkədə əmtəə qıtlığı yaratmışdı. 

Bugünkü Azərbaycanla sovet Azərbaycanı da başqa planetlərdi. Müasir Azərbaycan gəncliyinin parlaq perspektivi var: qısa müddətdə təhsil alıb, uğurlu karyera qurmaq mümkündür. 

Mən öz əcdadlarımı demək olar ki, 7 arxa dönənimi tanıyıram, atamı, babamı, ulu babamı... Harda yaşadıqlarını, nə iş gördüklərini bilirəm. Nəslimizdəki qadınların tutduğu bir dəftərçədə ailəmizin əcdadlarını barədə məlumatlar var. Öz dədə-babamı, köklərimi tanımaqla, mən öz hərəkətlərimdə, addımlarımda həmişə böyük məsuliyyət hiss etmişəm, fərqi yoxdur Bakıda yaşayıram, ya da ulularımı prinsipcə heç kimin tanımadığı başqa bir yerdə (gülür). Öz əcdadlarına layiq olmaq lazımdır, ailə hissi məndə daim olub. Öz ailəmdə erkən çağda böyük sayılmışam, həyat davam edir, işləmək, qabağa getmək lazımdır. Ailədə yeganə kişi olduğumdan mən yaxınlarıma görə məsuliyyəti boynuma götürməli və onlara yaxşı həyat şəraiti təmin etməli olmuşam. 

- Həyatınızdakı ən yaxşı, ən fərqli hədiyyə nə olub? 

- İki hədiyyə, uşaqlarımın həyata gəlməsi. 

- Üç sınaq – şöhrət, pul və hakimiyyət sizə toxunubmu? 

- Hər şey nisbidir. Mənim indiki maliyyə imkanlarım ailəmin keçmişdə olduğunkundan yaxşıdır. Şöhrətə gəldikdə... yaxşı deyiblər "o, dar çevrələrdə çox məşhurdur” (gülür). Şöhrət daha çox Hollivud aktyorlarına, idmançılarına aid anlayışdır. Hakimiyyət isə hər şeydən əvvəl istənilən davranışına görə məsuliyyət daşımaqdır. Şirkət rəhbəri kimi mənim əməkdaşlarım üzərində hakimiyyətim var. Və mən bunu hər zaman hiss edirəm. Buna görə də, dediyin üç sınaq mənə toxunmayıb. Ancaq məncə, çətin ki, kimsə bu vəziyyəti obyektiv şəkildə qiymətləndirə bilsin. Yalnız ən zirvədəkilər deyə bilər. Məsələn, Bill Geytsin məşhurluğu, pulu və hakimiyyəti var, və yaxud dövlət başçılarının. Əgər ən zirvədə deyilsənsə, qalan hər şey nisbidir.

- Sizi bu gün nə narahat edir? 

- Mən çalışıram narahat olmayım (gülür). Ancaq harasa tələsəndə yollardakı tıxaclar kimi xırda şeylər adamı narahat edir. (Fikrə gedir)... Məni narahat edən şeylər, məsələn, cəmiyyətdəki bu və ya digər problemlər. Təəssüf ki, mənim fikirlərimi çox az adam paylaşır. Bizim cəmiyyətdə məni ən çox narahat edən mənəvi çatışmazlıqdı. İnsanların hansısa ideologiyası olmalıdır. İnsanlara bəxş edilən ən böyük mənəvi başlanğıc ilahi kəşfdir. İnsan təbiəti mənən qidalanmalıdır. 

- Xoşbəstlik - əsl yaşantıdır, bir müdrik deyib. Sizinçün xoşbəxtlik nədir? 

- Ailə. Xoşbəxt olmaq üçün insan 4 şeyə sahib olmalıdır. Sağlamlıq, maddi təminat, ailə üzvləriylə, yaxınlarla münasibət və karyera.
 
- Nəyə görə "Cənnət”in əsas qəhrəmanları kişilər yox, qadınlardır? 

- Təkcə "Cənnət”in deyil, digər əsərlərin də qəhrəmaları hər zaman və hər yerdə qadınlar olub. (Gülür). Bu dünyada hər şey qadınlar üçündür. Belə bir lətifə var: Bill və Hillari Klinton yanacaqdoldurma məntəqəsinə gedirlər. Hillari YM-dəki bir işçini görəndə tanıyır, onlar birlikdə kollecdə oxuyublarmış. Qucaqlaşıb, öpüşürlər. Maşın hərəkətə gələndə isə, Bill hiyləgərcəsinə gülüb deyir: "Əgər ona ərə getsəydin, indi yanacaqdolduranın arvadı olacaqdın”. Hillari isə gülüb cavab verir: "Əgər ona ərə getsəydim, o prezident olardı".

Məhəmməd peyğəmbər deyib: "Əgər sabah dünyanı dağılacağını bilsən, elə bu gün evlən”. 

Qadın və kişinin birliyi bu qədər vacib sayılır. 

- Sizin üçün azadlıq nə deməkdir? 

- Azadlıq özünü reallaşdırmaqdır. Mənim aləmimdə bu iqtisadi azadlıqdır. Bu, çox vacibdir. İnsanlar iqtisadi azadlığın əhəmiyyətini dərk etmirlər. Bax, siz jurnalistsiz, sizdən soruşuram: "Azad söz nə deməkdir?” Çoxları bunu bilmir. Azad söz – informasiya azadlığı hüququdur. Məsələn, hansısa qərar qəbul olunur: kim "lehinə”, kim "əleyhinə” çıxıb? Mən bir vətəndaş kimi jurnalistin vasitəçiliyilə qərarın necə qəbul olunduğu, onun əsasında nəyin durduğu, necə formula edildiyi, qərarın qəbuluna nəyin təsir etdiyi barədə məlumat almaq hüququna malikəm. Azad söz də elə budur, hansısa məmuru tənqid və ya təhqir etmək deyil. Sovet İttifaqında planlı iqtisadiyyat həyata keçirilirdi. Bu, xüsusi mülkiyyətin qadağan edildiyi, iqtisadi azadlığın olmadığı dəhşətli bir cəmiyyət idi. Belə ki, iqtisadi azadlıq insanlara özünü ifadə etməyə, özünü reallaşdırmağa imkan verir. İqtisadi azadlıq deyəndə, "mənim çoxlu pulum var, ürəyim istədiyini edə bilərəm”, - kimi davranmağı nəzərdə tutmuram. Yox, bu hər şeydən əvvəl iqtisadi layihələri və öz kommersiya planlarını gerçəkləşdirməkdir. Vicdan azadlığı, söz azadlığı, iqtisadi azadlıq - mənə görə azadlıq məhz bunlardır.


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti