Mərkəzi Bank dollar kreditlərini məhdudlaşdırmalıdır - Ekspert

16:50 | 28.04.2015
Mərkəzi Bank dollar kreditlərini məhdudlaşdırmalıdır - Ekspert

Mərkəzi Bank dollar kreditlərini məhdudlaşdırmalıdır - Ekspert

Mərkəzi Bank dollar kreditlərini məhdudlaşdırmalıdır

ANN.Az xəbər verir ki, iqtisadçı ekspert Samir Əliyevin bildirdiyinə görə, devalvasiyadan 2 aydan çox zaman keçib: Əhali ilə banklar arasında narazılıq səngimək bilmir. Narazılıqlardan birinə - valyuta kreditlərinin hansı məzənə ilə qaytarılacağı məsələsinə mayın 7-də Konstitusiya Məhkəməsi tərəfindən aydınlıq gətiriləcək. Digər narazılıq isə banklardan manat kreditləri almağın qeyri-mümkünlüyü ilə bağlıdır. Ötən ilin sonlarından etibarən məhdudlaşdırılmağa başlayan manat kreditlərini devalvasiyadan sonra əldə etmək xüsusilə mümkünsüz olub. Banklar getdikcə milli valyutada kredit vermək siyasətindən imtina edirlər. Müştərilərinə xarici valyutada kredit təklif edirlər, əhali və sahibkarlar isə manat kreditinə üstünlük verirlər. Səbəb bir tərəfdən bank sektorunda manat qıtlığıdırsa, digər tərəfdən devalvasiya gözləntisidir. Hər iki tərəfin ciddi arqumenti var. Ancaq bundan zərər çəkən pulsuz qalmış iqtisadiyyatdır.

Əhalinin kütləvi şəkildə əmanətlərini dollara çevirməsindən söz açan ekspert qeyd etdi ki, son aylar manat mövqelərini kəskin itirməkdədir: 2015-ci ilin yanvar-fevral aylarında əmanətlərdə dolların payı 38,5%-dən 62,3%-ə yüksəlib. Kredit qoyuluşunda isə dollar mövqeyini 27,3%-dən 40,5%-ə yüksəldə bilib. Əmanətlərin sürətlə dollarlaşması banklarda manat qıtlığı yaradıb. Üstəgəl 2015-ci ilin 2 ayı ərzində pul bazası 18% azalaraq 9,7 milyard manata düşüb. Mərkəzi Bank dekabr-mart aylarında intervensiya vasitəsilə bazardan yığdığı manat kütləsini yenidən bazara qaytarmaqda maraqlı görünmür. Səbəb inflyasiyaya dəstək verməməkdir. Banklar risk səviyyəsinin yüksək olması səbəbindən dollar vəsaitlərini manata çevirib iqtisadiyyata yönəltməkdə maraqlı görünmürlər.

"Kredit təşkilatlarının hazırki kredit siyasəti onların faiz gəlirlərini azaltmaqla yanaşı problemli kreditlərin həcminin artmasına zəmin yaradır. Sahibkarların ucuz maliyyəyə çıxışı daha da çətinləşib. Həm istehlak kreditləşməsinin, həm də büdcə xərclərinin məhdudlaşdırılması səbəbindən istehlak bazarında tələbatın azalması müşahidə edilir. Ölkə iqtisadiyyatı zəruri maliyyə resurslarının qıtlığı ilə üzləşdiyindən iqtisadi aktivlik getdikcə aşağı düşür. Çıxış yolu bankların manat kreditlərini bərpa etməsidir. Bankların belə niyyəti isə sezilmir. Kredit portfeli əsasən xarici öhdəliklər və dollar əmanətləri hesabına formalaşan, mərkəzləşdirilmiş kreditlərə əlçatanlığı zəif olan banklar milli valyutada kredit verməkdə maraqlı omayacaq. Bunun üçün Mərkəzi Bankın məsələyə müdaxiləsi tələb olunur. Mərkəzi Bank öz tənzimləyici alətlərindən istifadə etməklə problemi yoluna qoya bilər."

Ekspertin fikrincə, dollar kreditlərinin limitləşdirilməsi zamanı çatıb. Mərkəzi Bank alətləri vasitəsilə xarici valyutada kreditlərin verilməsini limitləşdirməli, bununla da bankları milli valyutada kredit verməyə vadar etməlidir. Bir sıra ölkələrdə belə limitlər tətbiq edilir. Cənubi Koreya və Tayvan yerli şirkətlərə daxili istifadə üçün xarici valyutada kreditlərin verilməsinə məhdudiyyət tətbiq edib. Tələblərə görə, dollar krediti götürmək istəyən müəssisənin xarici fəaliyyəti və ya xarici gəlirləri olmalıdır.

"Kosta Rikada Mərkəzi Bank xarici valyutada olan orta və uzunmüddətli maliyyə mənbələri üçün 15%-lik məcburi ehtiyat norması yaratmağı tələb edir. Bu isə bankları xarici valyutada resurs cəlb etməkdə maraqsız edir. Eyni zamanda xarici valyutada olan aktivlər üzrə kapital tələbinin artırılması valyuta kreditləşməsini məhdudlaşdırır. Türkiyə xarici valyutada verilən istehlak kreditlərinə məhdudiyyətlər tətbiq edir."

"Azərbaycan kimi güclü dollarlaşma təyziqi ilə üzləşən Rusiya da analoji addımı atmağa hazırlaşır. Bunun üçün Rusiya Mərkəzi Bankı kreditlər üzrə risk əmsalını 300%-ə artırmağı planlaşdırır ki, bu da bankların dollar krediti verməsini çətinləşdirəcək. Ölkənin əsas bankı paralel olaraq bank sektorunu zəruri manat resursları ilə təmin etməlidr. REPO, SWAP əməliyyatları hesabına bankların milli valyutaya olan tələbatı ödənilməlidir."

"Əsas maliyyə mənbələrindən olan əmanətlərin dollarlaşmasını məhdudlaşdırmaq üçün xarici valyutada resurs cəlbi şərtləri sərtləşdirilməlidir. Bunun üçün xarici valyutada cəlb edilən əmanətlərinin məcburi ehtiyat normasının mərhələli artırılması (məsələn, ilkin olaraq 0,5%-dən 2%-ə) bu əmanətlərin faiz dərəcəsinin azalmasına, əhalinin isə yüksək faiz təklif olunan manat əmanətinə üstünlük verməsinə yönləndirə bilər. Digər tərəfdən dollar əmanətlərinin sığortalanma faizinin 12%-dən 6%-ə endirilməsi məqsədəuyğun olardı."

Azərbaycanda dollarla kredit verilməsinin qadağan edilməsi kimi təkliflərindən söz açan ekspert bildirdi ki, düşünürəm bu addımı atmaqda tələsmək lazım deyil: Daha çox məhdudlaşdırma tədbirləri atıla bilr. Azərbaycan da xüsusilə qonşu olkələrin təcrübəsindən bəhrələnə bilər. Mərkəzi Bank Rusiyada olduğu kimi xarici valyutada olan aktivlər üzrə kapital tələbini artırmaqla, Türkiyədə olduğu kimi xarici valyutada verilən istehlak kreditlərinə məhdudiyyətlər tətbiq etməklə əhalini manat kreditinə çıxışını artıra bilər. Bütün növ ipoteka kreditlərinin birmənalı olaraq milli valyutada verilməsi nəzərdə tutulmalıdır. İstehlak kreditlərinə münasibətdə isə məhdudiyyətin ancaq gəlirləri manatla olan şəxslərə şamil edilməsi müzakirə edilə bilər.

Ekspert qeyd edib ki, hazırda iqtisadiyyatın sürətlə dollarlaşması baş verir və bu, çox təhlükəli tendensiyadır: Özlərini sığortalamaq üçün əhaliyə ancaq dollar krediti verən bank sektoru gələcəkdə ciddi problemlərlə üzləşə bilərlər. Aylıq qazancı manatla olan əhalinin dollarda kredit götürməsi onun gələcəkdə ödəmə qabiliyyətini sual altına salır. Mallarını manatla satan sahibkarlar isə xarici valyutada kredit götürməkdə maraqlı olmayacaqlar. Dollarlaşmanın ləngidilməsi üçün Mərkəzi Bank qabaqlayıcı tədbirlər görməlidir. Əks halda bizi böyük sınaqlar gözləyir...


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti