"Mərkəzi Bankda kapital çatışmazlığı" - EKSPERT

16:47 | 18.05.2015

"Mərkəzi Bankda kapital çatışmazlığı" - EKSPERT

"Bankların kapital probleminin həlli ilə məşğul olan Mərkəzi Bankın özü hazırda kapital çatışmazlığı ilə üzləşib”. 

ANN.Az xəbər verir ki, belə bir açıqlama ilə iqtisadçı ekspert Samir Əliyev öz "Facebook” səhifəsində paylaşıb.

Ekspert 2014-cü ildə Mərkəzi Bankda kapital çatışmazlığının həcminin 57,7 milyon manata çatdığını vurğulayıb: "Ötən il Bankın 277,3 milyon manat həcmində zərəri yaranıb və bunun 219,5 milyon manatı onun kapitalı hesabına örtülüb. Kapitalın həcmi zərərin həcmindən az olduğundan 57,7 milyon manatlıq çatışmazlıq meydana çıxıb. Halbuki 2013-cü ildə 251 milyon manat kapital artıqlığı qeydə alınmışdı. "Mərkəzi bank haqqında” qanuna edilməsi nəzərdə tutulan son dəyişiklik mövcud problemi həll etmək və gələcəkdə belə halların qarşısını almaq üçün mövcud mexanizmləri təkmilləşdirmək məqsədi daşıyır".

Mərkəzi Bankın ümumilikdə məcmu zərəri ötən il 308,7 milyon manat olduğunu bildirən ekspert bu zərərin böyüməsində əsas rolu xarici valyuta mövqeyinin yenidən qiymətləndirilməsi nəticəsində yaranmış 454,7 milyon manatlıq zərər olduğunu deyib: "Bankın cari əməliyyatdan zərəri isə 245,3 milyon manat olub. 2013-cü ildə qalan 31,5 milyon manat həcmində bölüşdürülməmiş mənfəət hesabına zərər 277, 7 milyon manata qədər azalılıb. Yeni dəyişikliyə görə, əvvəllər kapital ehtiyatları tədavülə buraxılmış nağd milli valyutanın 15 faizi miqdarında müəyyən edilirdisə, bundan sonra nizamnamə kapitalından, yəni 10 milyon manatdan az olmamaq şərti ilə müəyyənləşdiriləcək. Kapital ehtiyatının dövriyyədə olan nağd pulun həcmindən asılılığı aradan qaldırılır. Onsuz da Mərkəzi Bank üçün bu normativə əməl etmək qeyri-mümkün idi. Çünki bu halda kapital ehtiyatı indiki kimi 210 milyon manat yox dəfələrlə çox olmalı idi. Asılılığın aradan qaldırılması Mərkəzi Bankın manevr imkanını artıracaq və ona kapital ehtiyatını istədiyi həcmdə formalaşdırmağa imkan verəcək".

Ekspert bildirib: "Son illər davamlı olaraq Mərkəzi Bankın kapital ehtiyatları ilə bağlı problemlər ortaya çıxır. Qanunvericiliyə görə, mənfəət ilk növbədə Mərkəzi Bankın kapital ehtiyatlarının formalaşdırılmasına yönəldilir. Kapital ehtiyatları formalaşdırıldıqdan sonra Mərkəzi Bankın reallaşdırılmış mənfəətinin sərbəst qalığı dövlət büdcəsinə köçürülməlidir. Ancaq son illər Mərkəzi Bank tərəfindən dövlət büdcəsinə vəsait köçürülməsi halları müşahidə edilməyib. Bank əldə etdiyi mənfəəti kapital ehtiyatının artırılması yönəldir, nə də dövlət büdcəsinə ödəyir".

Dəyişikliyə görə, xarici valyutada və qızılda olan aktiv və passivlərin yenidən qiymətləndirilməsi nəticəsində ilin sonuna yaranan zərərin ödənilməsi Mərkəzi Bankın kapital ehtiyatları hesabına təmin olunacağını bildirən ekspert Mərkəzi Bankın fəaliyyəti nəticəsində yaranmış kapital çatışmazlığı bir maliyyə ili təxirə salınmaqla dövlətin buraxdığı qiymətli kağızlar hesabına ödəniləcəyini deyib: "Əslində əvvəlki versiyada da zərərin dövlət tərəfindən ödənilməsi nəzərdə tutulurdu. Sadəcə bunun ödənilməsi mexanizmi yox idi. Yeni düzəlişdə isə konkret olaraq qiymətli kağızlar hesabına ödənilməsi qeyd edilir. Bir sözlə, problem yaranacağı təqdirdə Mərkəzi Bankı Maliyyə Nazirliyi xilas edəcək".

Bundan sonra Mərkəzi Bank və Maliyyə Nazirliyi əl-ələ verib işləyəcəklərini deyən ekspert Mərkəzi Bank "devalvasiya", Maliyyə Nazirliyi isə "qiymətli kağız" dəstəyi verəcəyini qeyd edib: "Necə ki, büdcə gəlirlərini təmin etmək üçün Mərkəzi Bank fevralın 21-də devalvasiya edərək Nazirliyə dəstək verdi. 1992-1996-cı illərdə də dövlət büdcəsi kəsirinin örtülməsində Mərkəzi Bankın kreditləri əhəmiyyəti rol oynamışdı. İndi Maliyyə Nazirliyinin dəstək növbəsidir..."

 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM