Mərkəzi Bank “Milli Net” müsabiqəsinin qalibi oldu

17:25 | 24.12.2014
Mərkəzi Bank “Milli Net” müsabiqəsinin qalibi oldu

Mərkəzi Bank “Milli Net” müsabiqəsinin qalibi oldu

Mərkəzi Bankın internet səhifəsi Azərbaycan İnternet Forumu tərəfindən təsis edilən "Milli Net” müsabiqəsinin "Elektron hökumət” nominasiyası üzrə qalibi elan olunub.

Belə ki, Mərkəzi Bankın internet səhifəsi 2014-cü ildə dövlət strukturları arasında "Elektron hökumət” nominasiyası üzrə birinci yerə layiq görülüb.

Müsabiqədə sosial, iqtisadi, mədəni, elmi, hüquqi və s. sahələrdə 14 nominasiya üzrə ümumilikdə 322 internet səhifə iştirak etmişdir. Müsabiqəyə təqdim edilmiş internet səhifələrin qiymətləndirilməsi səhifənin dizaynı, məzmunu, yenilənmə tezliyi, auditoriyası, funksionallığı, yüklənmə müddəti, strukturu, informasiyanın etibarlılığı, aktuallığı, dəqiqliyi və dolğunluğu kimi meyarlara əsasən aparılıb.

Qeyd edək ki, Milli İnternet Mükafatı - Milli Net Azərbaycanda yaradıcılığın, peşəkar fəaliyyətin və informasiya mübadiləsinin yeni bir sahəsi olan internet sektorunun inkişafına, ən yaxşı milli internet resursların geniş istifadəçi auditoriyasında təbliğinə, informasiya texnologiyalarının tanınmasına və azərbaycan dilinin internetdə tətbiqinin genişləndirilməsinə dəstək verən peşəkar mükafatdır.

Mərkəzi Bank fəaliyyətinin şəffaflığını daha da yüksəltməklə ona olan etimadı daim gücləndirmək və bununla da missiyasının daha uğurla reallaşmasına şərait yaratmaq məqsədilə ictimaiyyətlə əlaqələrə və əməkdaşlığa önəm verir. Bununla əlaqədar olaraq, Mərkəzi Bankın əsas xarici kommunikasiya kanalı olan internet səhifənin həm məzmun, həm də struktur baxımından təkmilləşdirilməsi daim diqqət mərkəzində saxlanılır. Mərkəzi Bank fəaliyyətinin şəffaflığının daha da artırılması, eyni zamanda ictimaiyyətin pul-kredit siyasəti, maliyyə sabitliyi, bank sektorunda aparılan islahatlar barədə məlumatlandırılması, maliyyə xidmətləri istehlakçılarının maliyyə savadlığının artırılması istiqamətində tədbirlərini davam etdirəcəkdir.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM