Metro 40-50 qəpik olacaq

11:33 | 26.12.2013
Metro 40-50 qəpik olacaq

Metro 40-50 qəpik olacaq

Bakı Metroplitenində bir sərnişinin daşınmasının maya dəyəri son illərdə beş dəfədən çox artıb.

Virtualaz.org xəbər verir ki, bu barədə prezident İlham Əliyev Bakı və ətraf qəsəbələrinin inkişafına dair II Dövlət Proqramının yekunlarına dair keçirilən konfransdakı çıxışında bildirib.

Prezidentin sözlərinə görə, hazırda metroda bir sərnişinin daşınması dövlətə 1 manatdan yuxarı başa gəlir.

“Turan” agentliyi isə xatırladır ki, iki il əvvəl Bakı Metropoliteninin rəhbəri Tağı Əhmədov bir sənişinin daşınmasının dövlətə 49 qəpiyə başa gəldiyini açıqlamışdı. Onun hesablamalarına yeni stansiyaların tikintisinə, metro təsərrüfatının işlədilməsinə, qatarların yenilənməsinə və digər işlərə çəkilən xərclər də daxil idi.

“Bakelektrikşəbəkə” isə bildirmişdi ki, hökumətlə razılaşmaya əsasən Bakı Metropoliteni aldığı elektrik enerjisinin pulunu ödəmir. Bundan əlavə, son iki ildə elektrik tarifləri dəyişməyib. Bu baxımdan metroda bir sərnişinin daşınmasının maya dəyərinin iki dəfədən çox artmasının səbəbləri məlum deyil.

Lakin ekspertlərin qənaətinə görə, dövlət başçısının bir sərnişinin daşınmasının metroya 1 manatdan yuxarı başa gəlməsini xatırlatması o deməkdir ki, gələn ildən, çox güman ki, ilin əvvəlindən metroda gediş haqqı 2, yaxud 2,5 dəfə artaraq 40, yaxud 50 qəpik olacaq. Çünki bir sərnişinin daşınmasının maya dəyəri ilə indiki gediş haqqı arasında fərq beş dəfədən çoxdur. Bu isə metroya dövlət büdcəsindən daha çox dotasiyaların ayrılmasını tələb edir. Hansı ki, gələn ilin dövlət büdcəsi kəsirlə planlaşdırılıb, hökumət iqtisadiyyatın neftdən asılılığını azaltmaq üçün yeni iqtisadi siyasət həyata keçirməyi qərara alıb.

Bu siyasət özündə tariflərin artırılmasını da nəzərdə tutur. Xatırladaq ki, gələn ili gözləmədən Tarif Şurası artıq benzini bahalaşdırıb.

Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəzakət Tarverdiyeva bildirib ki, metroda bir sərnişinin daşınmasının maya dəyərinin iki dəfədən çox artmasının səbəbi tikinti materiallarının alış qiymətlərinin, görülən işlərin haqqının, habelə podratçıların xidmət haqlarının artması ilə bağlıdır. Bundan əlavə, yeni metro xətləri və stansiyalar da tikilir, bu isə dövlət büdcəsinə əlavə yük gətirir.

“Metroda gediş haqqını biz qaldırmırıq, lakin obyektiv olaraq hər il təsərrüfat xərcləri artır. Metro 100 faiz dövlət subsidiyalarından asılıdır, ona görə də qiymətlərin artırılması barədə qərarı da dövlət qəbul edir” - deyə metropoliten rəsmisi bildirib.

Beləliklə, metroda gediş haqlarının tezliklə bahalaşacağı qaçılmazdır. Lakin bu hələ son deyil. Gələn ildən əhaliyə satılan təbii qazın, elektrik enerjisinin, kommunal xidmət tariflərinin də atırılacağı gözlənilir.

Prezident İlham Əliyev dekabrın 23-də keçirilmiş konfransdakı çıxışında “Azərbaycanda təbii qazın, benzinin, elektrikin digər ölkələrə nisbətən əhaliyə xeyli ucuz satıldığını”  bildirib.

Bu “ucuzluq” barədə xatırlatma isə tariflərin artırılmasına zəmin hazırlamağa yönələ bilərdi. Çünki benzin bahalananda da rəsmilər bunu yanacağın Azərbaycanda digər ölkələrdən xeyli ucuz satılması ilə əsaslandırmışdılar.

Xatırladaq ki, dekabrda Rusiyada da metroda gediş haqqı qaldırılaraq 90 sent- təxminən 75 qəpik olub.

Qeyd edək ki, metrodakı bahalaşma avtobuslarda da gediş haqlarının artırılmasına səbəb olacaq.   

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM