ANN.Az Trend-ə istinadən xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyası Dendrologiya İnstitutunun ağac və kol bitkiləri laboratoriyasının müdiri, biologiya üzrə elmlər doktoru Elman İsgəndərov bildirib ki, Azərbaycanda təxminən 467 növ ağac və kol bitkisi var. Onların 189-u, yəni üçdə biri qorunmaya ehtiyacı olan, yəni nadir bitkilərdir.
Alimin sözlərinə görə, Azərbaycan florasında 42 fəsilə 71 cinsə aid 189 nadir və nəsli kəsilməkdə olan ağac və kol növü öyrənilib. Bu bitkilər təhlükə kateqoriyalarına görə 9 – "nəsli kəsilmiş”, "təbiətdə nəsli kəsilmiş”, "kritik vəziyyətdə olan”, "nəsli təhlükədə olan”, "sayı azalan”, "təhlükəyə yaxın vəziyyətdə olan”, "ən az təhlükədə olan”, "kifayət qədər məlumat yoxdur”, "məlumat yoxdur” kateqoriyalarına bölünüb. Tədqiqatların nəticələrinə görə, Azərbaycanda "nəsli kəsilmiş” və "təbiətdə nəsli kəsilmiş” kateqoriyaları üzrə ağac və kol bitkiləri yoxdur.
"Kritik vəziyyətdə olan” kateqoriyasına 43, "nəsli təhlükədə olan” kateqoriyasına 20, "sayı azalan” kateqoriyasına 65, "təhlükəyə yaxın vəziyyətdə olan” kateqroiyasına 43, "ən az təhlükədə olan” kateqoriyasına 14, "kifayət qədər məlumat yoxdur” kateqoriyasına 3, "məlumat yoxdur” kateqoriyasına 1 növ ağac və kol bitkisi daxil edilib.
E.İsgəndərovun sözlərinə görə, "Kritik vəziyyətdə olan” kateqoriyasına giləmeyvəli qaraçöhrə, Hirkan pirkalı, Kütyarpaq püstə, Pastuxov daş sarmaşığı, Ürəkvari yarpaq qızılağac, Göyçay vələsi və s. daxildir. Bu kateqoriyaya xeyli meyvə, xüsusilə armud ağacları- "Sallaq”, "Voronov”, "Zəngəzur”, "Eldar”, "Radde”, "Medvedev” armudları, Naili badamı, Pontika yemişanı, Qafqaz yemişanı da salınıb.
Alim qeyd edib ki, "Kritik vəziyyətdə olan” kateqoriyasına daxil edilmiş iki növ bitkinin - adi meşə gilası və aptek dəfnə gilanarın təbiətdə nəsli kəsilib-kəsilməməsi ilə bağlı müəyyən mübahisəli fikirlər var. Həmin bitkilərin təbiətdə nəsli kəsilsə də, mədəni şəraitdə onlara rast gəlmək mümkündür. Bununla bağlı araşdırmaların aparılmasına ehtiyac var. Araşdırmaların nəticəsindən asılı olaraq, bu bitkilər 2-ci, yəni "təbiətdə nəsli kəsilmiş” kateqoriyasına da aid edilə bilər.
Onun sözlərinə görə, "nəsli təhlükədə olan" kateqoriyasına dünyada yalnız Azərbaycanda rast gəlinən bir neçə növ nadir bitkilər də - Qaya dovşanalması, Bakı cuzqunu, Hirkan ənciri (qara, armudda oxşar əncirlər) də daxil edilib.
E.İsgəndərov deyib ki, bir neçə növ toxum keyfiyyətinin çox aşağı olması səbəbindən onlar təhlükəlilik baxımından kritik vəziyyətdə hesab edilir. Ancaq ümumən nadir bitkilərin arealının kiçilməsinə gətirib çıxaran səbəblər çox olsa da, əsas faktor antropogen amildir: "Dərman bitkisi hesab edilən çaytikanını, yabanı kiçik xurmanı budaqla qırırlar. Bununla da insanların özləri həmin meyvə bitkilərinin çoxalmasının qarşısını alırlar”.
Onun sözlərinə görə, Azərbaycanın bütün ərazilərində nadir və nəsli kəsilməkdə olan bitkilər var. Belə bitkilər daha çox Talış bölgəsindədir. Ancaq "Kritik vəziyyətdə olan” kateqoriyasına daxil edilən armud ağacları daha çox Naxcıvandadır.
İnstitut əməkdaşı əlavə edib ki, Azərbaycanın 2013-cü ildə nəşr edilmiş "Qırmızı kitab”ına 50 növ ağac və kol bitkisi daxil edilib. Ancaq aparılmış yeni tədqiqat işləri nəticəsində məlum olub ki, daha çox bitkinin "Qırmızı kitab”a düşməsinə ehtiyac var. Buna görə də gələcəkdə nəşr olunacaq "Qırmızı kitab”a tədqiqata cəlb edilmiş 189 bitkinin hamısının daxil edilməsi yaxşı olar.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !