“Baş nazirin Feyzioğlunun çıxışının sonunda ortalığı vəlvələyə salması dəfələrlə oynanmış boyat bir oyunun yeni ifalarda səhnələşdirilməsindən başqa bir şey deyil”, - deyən müxalifət lideri Ərdoğanı əsəblərinə hakim olmağa çağırdı
“Türkiyə Barolar Birliyinin (Vəkillər Kollegiyasının) başqanı ona verilən demokratik imkandan sui-istifadə edib, səbrləri daşırdıb. Qutlama günləri siyasətə meydan veriləcək yerlər deyildir”. Bu sözləri Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalı ötən həftə baş nazir Ərdoğanla ölkənin baş vəkili Metin Feyzioğlu arasında yaşanan gərginliyə münasibət açıqlayarkən deyib. Yada salaq ki, Türkiyə Danıştayının yaradılmasının 146-cı ildönümü ilə bağlı qutlamalarda Feyzioğlunun 25 dəqiqə yerinə 1 saat sürən çıxışında hakimiyyətə sərt tənqidlər ünvanlaması baş nazirin əsəb gərginliyi keçirərək onunla söz duelinə çıxmasına, sonda isə salonu tərk etməsinə səbəb olmuşdu.
Mayın 13-də MHP-li millət vəkilləri ilə görüşən Baxçalı yenidən bu məsələyə qayıdıb: “Orada baş nazir hisslərinə hakim ola bilmədi, hətta ayağa qalxaraq Feyzioğlunun üzərinə yürüməyə təşəbbüs göstərdi. Ancaq buna Türkiyə Barolar Birliyi başqanının özündən razı davranışları, hər sətri siyasət qoxan açıqlamaları rəvac verib. Baro başqanı çaldı, baş nazir oynadı. Baş nazirin Feyzioğlunun çıxışının sonunda ortalığı vəlvələyə salması dəfələrlə oynanmış boyat bir oyunun yeni ifalarda səhnələşdirilməsindən başqa bir şey deyil”.
Bahçalı deyib ki, əgər Feyzioğlunun çıxışında baş nazirin razı olmadığı məqamlar var idisə, o səbrlə dinləməli və sonra söz alıb cavab verməli idi: “Baş nazir hikkəsi ilə gündəmi öz xeyrinə çevirmək istəyir. Tövsiyə edirik əsəblərinə hakim olsun. Kimə xidmət etməsi müəmmalı olan Feyzioğlunun sözlərini ciddiyə alması, dava səhnələri yaratması ciddi qəbul edilə bilməz. Baş nazir bu addımı ilə dövlət ərkanını oyuncağa çevirdi. Əgər orada prezident varsa hamı ona tabe olmalıdır. Baş nazir “patron mənəm” ədası ilə hər kəsi öz ardınca apara bildi. Ərdoğanın Gülə arxa çevirib getməsi prezidentə böyük kobudluqdur. Prezidentin bu duruma düşməsi təəssüf doğurur”.
Geniş çıxışında Bançeli bildirib ki, baş nazir uzun illərdir Türkiyə siyasətində “əkdiyi sağlam olmayan toxumların bəhrəsini görür”. MHP sədrinin fikrincə, ölkədə gündən-günə gözdən düşən AKP iqtidarının öncəki nüfuzunu bərpa etmək səyləri bundan sonra heç bir nəticə verməyəcək.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !