Mikayıl Cabbarov: Azərbaycanda 12 illik təhsilə keçid daha vacib məsələdir

11:07 | 25.05.2015
Mikayıl Cabbarov: Azərbaycanda 12 illik təhsilə keçid daha vacib məsələdir

Mikayıl Cabbarov: Azərbaycanda 12 illik təhsilə keçid daha vacib məsələdir

Təhsil Nazirliyi və Asiya İnkişaf Bankının birgə təşkilatçılığı ilə 12 illik təhsilə keçidlə bağlı regional forum keçirilir

Bu gün Bakıda Təhsil Nazirliyi və Asiya İnkişaf Bankının (AİB) birgə təşkilatçılığı ilə 12 illik təhsil sistemini dəstəkləyən İnnovasiya Strategiyası mövzusunda regional forum işə başlayıb.

APA-nın xəbərinə görə, Mərkəzi və Qərbi Asiyadan olan təhsil üzrə beynəlxalq ekspertlərin iştirakı ilə keçirilən konfransda Azərbaycanın 12 illik təhsil sisteminə dair müzakirələr aparılır. 2 gün davam edəcək konfransda biliklərə əsaslanan bazar iqtisadiyyatı üçün daha yüksək ixtisaslı mütəxəssislərin hazırlanması, hazırda yenidən qurulan ölkənin təhsil sistemi təhlil olunub.

Tədbirdə çıxış edən təhsil naziri Mikayıl Cabbarov çıxışında bildirib ki, 2013-cü ildə prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycanda Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası qəbul edilib. Onun sözlərinə görə, bu ilin yanvarında Dövlət Strategiyasının Fəaliyyət Planı hazırlanıb: "Fəaliyyət planı təhsil sahəsi üzrə yol xəritəsi də hesab olunur. Bu sənəd təhsilin bütün pillələri üzrə növbəti illərdə hansı işlərin görülməsini bizlərə göstərir. 12 illik təhsil sisteminə keçid məsələsi də Dövlət Strategiyasının ən vacib sütunlardan biridir. 12 illik təhsil sisteminə keçidə sadəcə, mexaniki bir dəyişiklik kimi baxılmamalıdır. Azərbaycanda 12 illik təhsilə keçid daha vacib, mühüm bir məsələdir və ciddi müzakirələrin olunmasını tələb edir”.

Yaponiyanın Azərbaycandakı səfiri Tsuquo Takahaşi ölkəsinin bütün sahələrdə olduğu kimi təhsil sahəsində mühüm əlaqələrin olduğunu bildirib. Səfir qeyd edib ki, hər bir ölkənin inkişafında təhsil mühüm rol oynayır. O qeyd edib ki, bütün ölkələrdə cəmiyyət üzvləri arasında bərabər təhsil imkanlarının yaradılması vacibdir.

Mərkəzi və Qərbi Asiya Departamentinin Dövlət İdarəçiliyi, Maliyyə və Ticarət sektorunun direktoru Betty Uilkinson 12 illik təhsil sistemi ilə bağlı müsbət fikirlərini bildirib. Onun sözlərinə görə, yeni təhsil sisteminin qurulmasında əsas məqsəd təhsil sistemini beynəlxalq standartlara uyğunlaşdırmaq, təhsili hər kəs üçün əlçatan etməkdir. B.Uilkinson əlavə edib ki, 12 illik təhsil islahatları Azərbaycanda və Orta Asiyada dəstəklənməlidir.

Tədbirin davamında ekspertlər Azərbaycanda bilik cəmiyyətinin qurulmasının əsas elementi olan 12 illik təhsil sistemi ilə bağlı təcrübə mübadiləsi aparıblar.  

Qeyd edək ki, Azərbaycan hökuməti yüksək ixtisaslı mütəxəssislərin hazırlanması və təhsili bütün əhaliyə əlçatan etməklə ölkənin təhsil sisteminin beynəlxalq standartlara uyğunlaşdırılması planlaşdırılır. Ölkənin 2020-ci ilə qədər Milli İnkişaf Strategiyasında 12 illik orta təhsilə keçid və şagirdlərin 16 yaşa qədər icbari təhsil müddəası yer alıb.
www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM