Mikayıl Müşfiqin qohumlarından ekspertiza üçün nümunələr götürülüb

14:59 | 07.11.2018
Mikayıl Müşfiqin qohumlarından ekspertiza üçün nümunələr götürülüb

Mikayıl Müşfiqin qohumlarından ekspertiza üçün nümunələr götürülüb

Şair Mikayıl Müşfiqə aid olduğu iddia edilən sümük qalıqlarının ona aid olub-olmadığını müəyyən etmək üçün şairin ata nəslindən olan kişi cinsli yaxın qohumlarından da müayinələrin götürülməsi lazımdır. Artıq istintaq orqanları tərəfindən həmin şəxslər müəyyənləşdirilib və onlar müayinələrin götürülməsi üçün bizə təqdim edilib.

Anews.az Trend-ə istinadən xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin direktoru Ədalət Həsənov deyib.

Onun sözlərinə görə, müayinələrin aparılması üçün onlara bir deyil, çox sayda sümük qalıqları təqdim edilib. Sümük qalıqları üzərində məhkəmə-kriminalistik, məhkəmə-tibbi, molekulyar-genetik və s. ekspertizaları həyata keçiriləcək:

"Artıq bu müayinələrin hamısına başlanılıb. Sümük qalıqları bir neçə şəxsə aiddir. Onların hələlik kimlərə aid olduğu bilinmir. DNT analizi apardıqdan sonra sümük qalıqlarının müayinələrinin nəticələri Müşfiqin qohumlarının müayinələrinin nəticələri ilə tutuşdurulacaq və müəyyən ediləcək ki, bizə təqdim edilən sümüklər arasında Mikayıl Müşfiqə aid sümük qalıqları var, ya yoxdur”.

Ə.Həsənov hələlik müayinələrin nə zaman bitəcəyini söyləyə bilməcəyini deyib:

"Bu müayinələr uzun çəkən prosesdir. Digər tərəfdən, həmin sümüklər çürüyüblər, amma biz çalışacağıq ki, bu işi maksimum dərəcədə tez yekunlaşdıraq”.

Direktor qeyd edib ki, sümük qalıqları üzərində müayinələrin aparılması bitdikdən sonra bu nəticələr M.Müşfiqin qohumlarının müayinələrinin nəticələri ilə müqayisə ediləcək və müvafiq nəticələrə gəlinəcək.

O, artıq müayinələrin müqayisə edilməsi üçün tələb olunan həmin şəxslərin müəyyən edildiyini də söyləyib:

"Həmin şəxslər artıq istintaq orqanları tərəfindən bizə təqdim edilib. Onlar Mikayıl Müşfiqin ata tərəfdən kişi cinsinə mənsub olan yaxın qohumlarıdır. Bu şəxslərin hamısı Azərbaycanda yaşayır. Biz onlardan da qan nümunələri, ağız suyu kimi biomateriallar götürmüşük”.

Xatırladaq ki, şair M.Müşfiqin qalıqlarının tapılması haqqında kütləvi informasiya vasitələrində yayılan materialların araşdırılması ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən yaradılmış işçi qrupunun noyabrın 1-də Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin yanında ilk iclası keçirilib.

İclasda Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq işçi qrupuna M.Müşfiqin qalıqlarının aşkar edilməsi ilə bağlı KİV-lərdə gedən məlumatların öyrənilməsi, müvafiq arxiv materiallarının araşdırılması, şairə məxsus olduğu ehtimal edilən qalıqların DNT analizinin keçirilməsi və digər zəruri tədbirlərin görülməsi ilə əlaqədar tapşırıqlar verilib.

İşçi qrupunun gördüyü işlər və əldə edilmiş nəticələr barədə mütəmadi olaraq Azərbaycan Prezidentinə məruzə olunacaq və ölkə ictimaiyyətinə məlumat veriləcək.

İşçi qrupunun üzvü, akademik İsa Həbibbəyli bildirmişdi ki, M.Müşfiqin güllələnməsi və bundan sonra baş verənlərlə bağlı iki versiya var:

"Bu versiyalardan biri odur ki, Mikayıl Müşfiqi Nargin (indiki Böyük Zirə - red.) adasında güllələyiblər və daha sonra onu, eləcə də, onunla birlikdə güllələnən şəxslərin hamısını dənizə atıblar. İkinci versiya isə odur ki, onlar kütləvi məzarlıqda dəfn ediliblər. Lakin hər iki versiya şifahi məlumatlardan ibarətdir, xalq yaddaşı əsasında formalaşıb. Bunların heç birini təsdiq edən rəsmi sənəd yoxdur. Ona görə də indi DNT kodunun müəyyən edilməsi çox mühüm məsələdir”.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti