Mikrosahibkarlar 2024-cü ildən daha çox gəlir vergisi ödəyəcək

22:10 | 13.11.2023
Mikrosahibkarlar 2024-cü  ildən  daha çox gəlir  vergisi ödəyəcək

Mikrosahibkarlar 2024-cü ildən daha çox gəlir vergisi ödəyəcək

Mikrosahibkarlara edilən vergi güzəşti 2024-cü ilin yanvarından ləğv olunur. Belə ki onlar əvvəllər gəlirlərin 5%- qədər gəlir vergisi verirdilərsə, gələn ildən gəlirlərinin 20%-i qədər vergi verməli olacaqlar.  Bu barədə Dövlət Vergi Xidmətinin  açıqlamasında bildirilir. 
 
"Gələn ildən vergi 5% əvəzinə 20% olacaq. Yalnız orta aylıq muzdlu işçi sayı 3 nəfərdən az olmayan və məcburi dövlət sosial sığorta haqları üzrə borcu olmayan mikro sahibkarlıq subyekti plan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən gəlirlərinin 75 faizi gəlir vergisindən azad olacaq. Həmçinin qeyd olunan vergi güzəştinin vergi ödəyicisi tərəfindən əmtəəsiz əməliyyatlar aparıldığı halda əmtəəsiz əməliyyatlardan yaranan gəlirlərə münasibətdə tətbiq edilməməsi təklif olunur”, - açıqlamada bildirilib.

Deputat Vüqar Bayramovun sözlərinə görə, mikrosahibkarlara edilən vergi güzəştinin ləğv edilməsi onların fəaliyyətinə neqativ təsir göstərəcək.

"Burada söhbət daha çox təlimçilərdən, tədqiqatçılardan və s. digər xidmət göstərən vətəndaşlarımızdan gedir.
Dövlət Vergi Xidmətinin yanaşması ondan ibarətdir ki, belə güzəştlər gizli iqtisadiyyatın artmasına xüsusən də nağdlaşdırmaya təsir göstərir. Bu baxımdan həmin güzəştləri tənzimləməyə və müəyyən meyarlar gətirməyə çalışırlar. Biz təklif etdik ki, 30 min manata qədər dövriyyəsi olan mikrosahibkarlar yenə də 75 %-li güzəştlərdən istifadə edə bilsinlər. Əgər dövriyyəsi 30 000 manata qədərdirsə, hətta işçisi olmadan belə 75%-li güzəştdən istifadə etsin. Bu proses mərhələli şəkildə həyata keçirilsin. Güman edirik ki, bu təklifimiz qəbul olunacaq. Bununla bağlı bizim artıq müvafiq qurumların təmsilçiləri ilə birgə kommitə iclasımız, müzakirələrimiz oldu. Ümid edirik ki, təkliflərimiz vergi məcəlləsində öz əksini tapacaq”, - o əlavə edib.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynovun sözlərinə görə, Vergi qanunvericliyinə dəyişikliklər vergilərin artırılmasına deyil, vergi yükünün aşağı salınmasına xidmət edir.
 
"Vergi Məcəlləsinə sadələşdirilmiş vergi öhdəliyi müəyyən olunub. Qaydalara əsasən, gəlirlərin və xərclərin uçotunu aparan mikro-sahibkarlıq subyekti olan fərdi sahibkarların əldə etdiyi gəlirinin 75 faizinə vergi güzəşti tətbiq olunur. Yəni 20 faizlik vergi şkalası mikro-sahibkarlar üçün 5 faizə endirilir. Əgər mikro-sahibkarın 3 nəfər muzdlu işçisi yoxdursa, avtomatik gəlirləri 20 faizlə vergiyə cəlb olunmalıdır.Yəni, dövriyyəsi illik 200 min manatdan aşağı mikro-sahibkar olsa belə, sadələşdirilmiş vergi ödəyicisi ola bilməz. Ona görə də, bəzi vergi ödəyicilərinin bu sui-istifadə hallarının qarşısını almaq üçün Vergi Məcəlləsində bu hüquqi istinadlar əsasında vergi ödənişlərinin tənzimlənməsi nəzərdə tutulur” , - o əlavə edib.

Millət vəkili bildirib ki, vergi qanunvericliyində fərdi sahibkarlar üçün sadələşdirilmiş vergi, yəni 5 % dərəcə ilə yanaşı, işçi sayı 10 nəfərdən çox olan istehsal fəaliyyətini həyata keçirən şəxslərin də vergi hüququ müəyyənləşib.
 
"Bu şəxslər gəlir vergisi ödəyicisi kimi fəaliyyət göstərdiyindən əldə edilmiş gəlirdən həmin gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər çıxıldıqdan sonra qalan məbləğdən 20 faiz dərəcə ilə gəlir vergisi hesablanıb dövlət büdcəsinə ödənilir. Ona görə də, bu sahədə vergilərin dərəcələrinin artırılması nəzərəd tutulmur”, - Hüseynov vurğulayıb.

O bildirib ki, ümumilikdə, 2024-cü ildə vergi qanunvericliyi optimallaşdırılacaq, vergi güzəştləri davam etdiriləcək və nəticədə vergi yükü aşağı düşəcək.
 
"Gələn il bəzi sosial təbəqələr üçün əlavə vergi güzəştləri olunacaq, eləcə də onların indiyədək vergiyə cəlb olunan gəlirlərinin müəyyən hissəsi də vergidən azad ediləcəkdir. Vergi ödəyicisinin mənfəətinin elm, təhsil, səhiyyə,  idman və mədəniyyət sahəsində fəaliyyət göstərən müəssisə, idarə və təşkilatlara, ictimai və sosial məqsədlər üçün yaradılmış fondlara köçürülən və vergidən  azad  olan hissəsinin 10 faizdən 15 faizə qaldırılması gözlənilir. Bundan başqa, hədiyyələrin və təhsil haqlarını ödəmək üçün maddi yardımın, birdəfəlik müavinətin dəyərinin gəlir vergisindən azad olunan hissəsinin 1000 manatdan 2500 manata qaldırılması, fiziki şəxs olan istehlakçılar tərəfindən ödənilmiş ƏDV-nin qaytarılmasına (ƏDV cash-back) görə əldə olunan gəlirlərin gəlir vergisindən azad edilməsi nəzərdə tutulur. Həmçinin, biznes sektorunda fiziki vergi güzəştləri ilə yanaşı, bir sıra institusional alətlər üzrə optimallaşdırma tədbirləri nəticəsində vergi yükünün aşağı salınması da nəzərdə tutulur”, - deputat qeyd edib.
 
İqtisadçı Natiq Cəfərli hesab edir ki, mikrosahibkarlara edilən vergi güzəştinin ləğv olunması onlar üçün qaldırılmaz yükə çevrilə bilər.
 
"Birdən birə bu qərarın ləğv edilməsi xırda və kiçik sahibkarlara, mikrosahibkarlara böyük zərbədir. Hətta bu vergi ödəyicilərinin sayını azaldacaq. Bu qədər kəskin artım mikrosahibkarlar üçün qaldırılmaz yükə çevrilə bilər. Əgər Azərbaycan hökuməti doğurdan da bütün çıxışlarına prioritet kimi elan elədiyi kiçik və orta sahibkarlığın, mikrosahibkarlığın inkişafını stimullaşdırmaq, bununla bağlı addımlar atmaq istəyirsə, vergiləri azaltmalıdır.
Qərarın ləğv olunması ilə həddindən artıq çox insan bu sahədən getmək məcburiyyətində qalacaq. Nəticə etibarilə bu da işsizliyin, sosial gərginliyin artmasına səbəb ola bilər. Ümumilikdə Azərbaycan hökuməti vergi siyasətinə yenidən baxmalıdır. Əks təqdirdə ilk mərhələdə bir çox insanlar qeyri-rəsmi işləməyə başlayacaq, vergidən yayınmağa çalışacaqlar. Çünki onların başqa yolu qalmır. Elə mikrosahibkarlar var ki, il ərzində qazancları 5000-6000 manatdan artıq deyil. Amma indiki, qərar qüvvəyə minsə, onun böyük bir hissəsini vergi olaraq verməli olacaqlar. Bu da işləməyi, pul qazanmağı bir sözlə, mənasız edəcək”, - o əlavə edib.
 
İqtisadçı bildirir ki, güzəştin ləğv olunmasının büdcəyə heç bir təsiri olmayacaq.  Çünki mikrosahibkarlardan büdcəyə çox az miqdarda vəsait daxil olur.
 
İstiqamət: 6.3.12. azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi;
Qeyd: Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi çərçivəsində hazırlanıb. 
 

 
Aygün Mirakif
 
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM