Azərbaycanda qida təhlükəsizliyi ilə bağlı 3 labarotoriya olsa da, bu istiqamətdə heç bir irəliləyiş yoxdur. Bunu millət vəkili Tahir Kərimli deyib.
" Dünyada geni dəyişdirilmiş məhsullar dünya ölkələrinə bu Ümumdünya Ticarət Təşkilatının xətti ilə daxil olur. Azərbaycan bu təşkilatın üzvü deyil. Amma biz ölkəmizdə tumsuz məhsulları görürük. Məlum olur ki, bu bizə Türkiyədən gətirilir. Ölkədə onları yoxlayacaq 3 labarotoriya olsa da elə bil susublar. Bu məsələlərə fikir bildirən yoxdur. Qida təşkilatları çalışır. Onlara nə qədər maneələr yaradılır xəbərdaram. Başa düşmürəm, Azərbaycan xalqını xəstə etməyə çalışırıq?”, - deputat fevralın 1-də Milli Məclisin plenar iclasında "Qida təhlükəsizliyi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı bildirib.
Deputat Türkiyə təcrübəsini nümunə göstərərək söyləyib ki, orada kefiyyətsiz kartof tapmaq mümkün deyil.
"Gədəbəydə yetişdirilmiş kartofu kəsirsən içindən su çıxır. Bütün məhsulların geni dəyişdirilir. Həmçinin geni dəyişdirilən məhsullar heyvanlara yedizdirilir. Biz də onların ətindən, südündən istifadə edirik. Prezidentin bu məsələ ilə bağlı imzaladığı fərmanda qeyd olunan protokollara ciddi nəzarət edilməlidir”, - Tahir Kərimli bildirib.
Buna cavab olaraq Aqrar komitənin sədri Tahir Rzayev söyləyib ki, deputatın bildirdiyi faktlar sübut olunmalıdır.
"Azərbaycanda qida ilə bağlı inistitut var və dünyanın ən son model cihazları ilə təmin olunub. Elə təqdim olundu ki, elə bil hökumət adamların zəhərlənməsi ilə məşğuldur. Haradasa kartof əkilirsə ona gübrə verilir. Bu gübrənin tərkibində insanların səhhətinə ziyan verəcək maddə olsa onun verilməsi qadağan olunur”, - millət vəkili əlavə edib.
Gülnar Nazimqızı
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !