Milli Məclisdə əlilliyin müəyyən olunması meyarları müzakirə olunub

18:47 | 18.06.2021
Milli Məclisdə əlilliyin müəyyən olunması meyarları müzakirə olunub

Milli Məclisdə əlilliyin müəyyən olunması meyarları müzakirə olunub

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında 11 məsələyə baxılıb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Anews.az-a verilən məlumata görə, əsasən əlilliyin təyinatında yeni meyarlara keçid və əmək pensiyaları ilə əlaqədar olan qanun layihələrinin müzakirəsində Milli Məclis Sədrinin birinci müavini Əli Hüseynli, Milli Məclis Sədrinin müavini Adil Əliyev, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, parlamentin 8 komitəsinin sədrləri və müavinləri, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin təmsilçiləri iştirak ediblər.

Öncə Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev gündəlikdəki məsələlər barədə məlumat verib. Üçüncü oxunuşda müzakirəyə çıxarılmış "Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanunda dəyişiklik edilməsi haqqında qanun layihəsini şərh edib, plenar iclasda ikinci oxunuş zamanı deputatların qaldırdıqları məsələlərə aydınlıq gətirib.

Sonra iclasda Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev təmsil etdiyi nazirliyin tibbi-sosial ekspertiza və reabilitasiya sahəsində həyata keçirdiyi islahatlardan danışıb. Bildirib ki, əlillik təyinatlarında sosial ədalət, ünvanlılıq və şəffaflığın təmin olunması, haqqı çatan şəxslərin əlillik statusunun düzgün təmin edilməsi, saxta əlillik təyinatının qarşısının alınması vacib sayılır.
Deputatların nəzərinə çatdırılıb ki, son 3 ildə "Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanun qəbul edilib və onun tətbiqi ilə bağlı 18 normativ hüquqi akt hazırlanaraq təsdiqlənib. Beynəlxalq təşkilatlar və ekspertlərlə birlikdə "Əlilliyin müəyyən olunması meyarları” işlənib hazırlanıb. Yeni meyarların tətbiqi ilə əlaqədar 11 Məcəllə, 50 qanun daxil olmaqla ümumilikdə 100-ə yaxın normativ hüquqi akta dəyişiklik paketi hazırlanaraq təqdim edilib.

Qeyd olunub ki, hazırda əlillik şəxsin kimliyi və səhiyyə müəssisəsi barədə məlumatların kodlaşdırıldığı 88 saylı forma üzrə göndərişlər əsasında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin bölmələri tərəfindən qiymətləndirilir. Əzaların amputasiyası, sağalması mümkün olmayan ağır xəstəliklər kimi geridönməz hallarda şəxsin əlilliyi ömürlük müəyyən olunur və onun təkrar müayinəsinə ehtiyac qalmır. Göndərişlər natamam tərtib olunduğu, həmçinin əlillik təyinatına əsas vermədiyi hallarda isə təyinatdan imtina edilir.

Nazir müavini bildirib ki, əlilliyin qiymətləndirilməsi prosesinin təkmilləşdirilməsi məqsədilə struktur dəyişiklikləri aparılıb və müxtəlif xəstəliklər üzrə yeni 5 ixtisaslaşdırılmış TSEK, 20 regional TSEK yaradılıb. Əmək funksiyalarının icrasında nöqsanlara yol vermiş əməkdaşlar barəsində intizam tənbeh tədbirləri görülüb. 88 saylı forma üzrə göndərişlərdə saxtalaşdırma faktları aşkarlandığına görə 266 nəfərə dair məlumatlar hüquqi qiymət verilməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna təqdim edilib.

Vətən müharibəsi ilə bağlı görülmüş işlər barədə də deputatlara geniş məlumat verən Anar Əliyev bildirib ki, müzakirəyə təqdim olunan qanun layihələri qəbul edildikdən sonra Nazirlər Kabineti tərəfindən yeni "Əlilliyin müəyyən olunması meyarları” təsdiq ediləcək. Əlillik orqanizmin funksiyalarının pozulması faizinə əsasən müəyyənləşdiriləcək. Bu isə nəticə etibarı ilə əlillik təyinatlarında beynəlxalq təcrübənin və standartların tətbiqinə, xidmət keyfiyyətinin və vətəndaş məmnunluğunun yüksəldilməsinə səbəb olacaq.
Komitə iclasında qanun layihəsi ətrafında müzakirələrdə Milli Məclis Sədrinin birinci müavini Əli Hüseynli, Milli Məclis Sədrinin müavini Adil Əliyev, Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov, Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili, deputatlar Vahid Əhmədov, Aqil Abbas, Fəzail Ağamalı, Əli Məsimli, Məlahət İbrahimqızı çıxış edərək bir sıra mühüm məqamlara diqqət yönəldiblər. Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev deputatların suallarını cavablandırıb.

Sonra komitə sədri Musa Quliyev bildirib ki, gündəlikdəki növbəti 6 qanun layihəsindəki (üçüncü oxunuş) dəyişikliklər də "Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanunda edilən dəyişikliklərlə əlaqədar olub uyğunlaşdırma xarakteri daşıyır.

Fikir mübadiləsindən sonra komitə "Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanunda dəyişiklik edilməsi (üçüncü oxunuş); "Əmək pensiyaları haqqında” qanunda dəyişiklik edilməsi (üçüncü oxunuş); Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Mülki Məcəlləsində, Mülki Prosessual Məcəlləsində, Ailə Məcəlləsində, Cinayət Məcəlləsində, Vergi Məcəlləsində, Cəzaların İcrası Məcəlləsində, Mənzil Məcəlləsində, Miqrasiya Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində və Torpaq Məcəlləsində dəyişiklik edilməsi (üçüncü oxunuş); "Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında”, "Yoluxucu xəstəliklərin immunoprofilaktikası haqqında”, "Narkoloji xidmət və nəzarət haqqında”, "Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında”, "Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında”, "Qanın, qan komponentlərinin donorluğu və qan xidməti haqqında”, "Hemofiliya və talassemiya irsi qan xəstəliklərinə düçar olmuş şəxslərə dövlət qayğısı haqqında”, "Ünvanlı dövlət sosial yardımı haqqında”, "Sosial müavinətlər haqqında”, "Onkoloji yardım haqqında”, "Sosial xidmət haqqında”, "Mədəniyyət haqqında”, "Uşaqların icbari dispanserizasiyası haqqında”, "Məktəbəqədər təhsil haqqında”, "Məşğulluq haqqında” və "Peşə təhsili haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi (üçüncü oxunuş); "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında”, "Sosial sığorta haqqında”, "Polis haqqında”, "Dövlət qulluqçularının ayrı-ayrı kateqoriyaları üçün qısaldılmış iş vaxtı haqqında”, "Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərində qulluq edən şəxslərin icbari sığortası haqqında”, "Sığorta fəaliyyəti haqqında”, "Qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti haqqında”, "Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” və "Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” qanunlarda dəyişiklik edilməsi (üçüncü oxunuş); "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında”, "Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında”, "Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında”, "Məhkəmələr və hakimlər haqqında”, "Əhalinin sağlamlığının qorunması haqqında”, "Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə”, "Uşaq hüquqları haqqında”, "Yol hərəkəti haqqında”, "Cinayət prosesində iştirak edən şəxslərin dövlət müdafiəsi haqqında”, "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, "Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında”, "Avtomobil yolları haqqında”, "Azərbaycan Respublikasında vərəmlə mübarizə haqqında”, "Psixiatriya yardımı haqqında”, "İcbari sığortalar haqqında” və "Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” qanunlarda dəyişiklik edilməsi (üçüncü oxunuş) və "Dövlət qulluğu haqqında”, "Dövlət rüsumu haqqında”, "İcra haqqında”, "Gənclər siyasəti haqqında”, "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” və "Bədən tərbiyəsi və idman haqqında” qanunlarda dəyişiklik edilməsi (üçüncü oxunuş) barədə qanun layihələrini Milli Məclisin plenar iclasına tövsiyə edib.

Komitə iclasında gündəlikdəki növbəti 4 məsələ barədə Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev ətraflı məlumat verib. "Əmək pensiyaları haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş), "Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş), "Məşğulluq haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini və "Əmək pensiyaları haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) şərh edib.

Müzakirələrdə deputatlar Vüqar Bayramov, Jalə Əliyeva, Soltan Məmmədov, Arzu Nağıyev, Sevinc Hüseynova, Əziz Ələkbərov, Məlahət İbrahimqızı rəy və təkliflərini bildiriblər.

Əmək və sosial siyasət komitəsində baxılan bütün qanun layihələri Milli Məclisin plenar iclasının müzakirəsinə tövsiyə olunub.
 





www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM