"Millidə iş gedir, amma hələ sabitlik yoxdur"- Vəli Qasımov

19:00 | 13.10.2020
"İndi baş məşqçini pisləmək və ya tərifləməyin yeri deyil. Çünki yeni gəlib. Hər oyunda meydana fərqli heyət buraxır. Cəmi 3 oyun keçirmişik".
Anews.az xəbər verir ki, bu fikirləri "Report"a açıqlamasında Azərbaycan millisinin sabiq futbolçusu Vəli Qasımov yığmanın UEFA Millətlər Liqasındakı çıxışını dəyərləndirərkən deyib.

Veteran hücumçu bildirib ki, hələ komandanın oyununda sabitlik yoxdur: "Qrupun ən güclüsü Lüksemburq yığmasıdır. Bizimlə oyunda da asan qələbə qazandılar. Onların hər 3 görüşünü izləmişəm, sabit oyun sərgiləyirlər. Monteneqroya uduzsalar da, məğlubiyyətə layiq deyildilər. Bizim komandada isə iş gedir, amma hələ sabitlik yoxdur. Futbolçular arasında əlaqə tam yaxşı deyil. Baş məşqçi axtarışdadır".

Millinin qrup mərhələsinin III turunda Monteneqroya 0:2 hesabı ilə uduzduğu oyuna toxunan AVRO-2020-nin Bakı üzrə səfiri komandanın həmin qarşılaşmada bir qədər zəif oynadığını etiraf edib: "Məsələ uduzmaqda deyil. Milli meydanda nə isə etmək üçün vuruşdu. Amma hücum xəttimiz çox zəif təsir bağışladı. Demək olar ki, 100 faizlik qol epizodumuz olmadı. Oyunun niyə belə alındığını deyə bilmərəm, amma komanda istənilən səviyyədə oynamadı".

Yığmanın bu gün Albaniyada Kiprlə keçirəcəyi görüş barədə də fikirlərini bölüşən Qasımov qələbə gözlədiyini bildirib: "Kipr qrupda xal qazanmayan yeganə komandadır. Onlarla ilk oyunumuz da göstərdi ki, rəqibdən xeyli üstünük. Məncə, sabahkı oyunda eyni ssenari olacaq və qələbə qazanacağıq".
 Elbasan şəhər stadionunda oynanılacaq Azərbaycan - Kipr matçı Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

www.anews.az

Tərəfdaşların xəbərləri

REKLAM