Millimizin baş məşqçisinə rüşvət ittihamı - BƏYANAT

21:02 | 23.09.2018
Millimizin baş məşqçisinə rüşvət ittihamı - BƏYANAT

Millimizin baş məşqçisinə rüşvət ittihamı - BƏYANAT

Azərbaycan Güləş Federasiyası (AGF) Elçin Mürşüdov adlı şəxsin yığmanın baş məşqçisi Firdovsi Umudovla bağlı sosial şəbəkələrdə yayılan çıxışı ilə bağlı bəyanat yayıb.
Publika.az xəbər verir ki, AGF-nin bəyanatında adıçəkilən şəxsin baş məşqi barədə dediklərinin yalan olduğu vurğulanıb.

Məlumat üçün bildirək ki, özünü Elçin Mürşüdov kimi təqdim edən şəxsin videoçıxışı yayılıb. O, çıxışında öncə sərbəst güləş üzrə ölkə çempionu olduğunu, daha sonra isə UFC-yə keçdiyini deyib. Bundan sonra qaydasız döyüş üzrə yığmaya cəlb olunmaq üçün sərbəst güləş yığmamızın baş məşqçisi Firdovsi Umudova müraciət etdiyini və bunun üçün ondan 4500 manat tələb olunduğunu açıqlayıb.

Federasiyanın bəyanatına görə, əslində iki dəqiqəlik müsahibədə o qədər bir-birinə zidd, məntiqsiz fikirlər səsləndirib ki, onun iddialarının əsassız olduğunu buradan da anlamaq olardı. Ən azı jurnalistika peşəkarlığına uyğun addım atılmalı və qarşı tərəfin - AGF-nin və ya Firdovsi Umudovun fikirlərini öyrənməliydilər. Bu zaman həqiqət ortaya çıxacaqdı.

AGF bəyan edir ki, belə bir şəxs sərbəst güləşdə ölkə çempionu olmayıb. Məsələnin ən maraqlı tərəfi isə qaydasız döyüşlə məşğul olan birisinin yığmaya düşmək üçün AGF-yə müraciət etməsidir. Sərbəst güləşdə böyük və baş məşqçi kimi böyük uğurlar qazanmış Firdovsi Umudov başqa idman növü ilə məşğul olan bir şəxsi necə milliyə cəlb edə bilər? İstər qaydasız döyüş yığması olsun, istərsə də güləş. Yığmanın çalışdırıcısı üzünü belə görmədiyi şəxsdən 4500 rüşvət istəməkdə ittiham olunur.

Bu şəxsin yalançı (bəlkə də ondan belə danışmaq tələb olunub) olduğunu anlamaq üçün son cümlələrindən birinə diqqət yetirin: "2-3-cü yerlər uğrunda döyüşdə azərbaycanlı idmançını döyüb 2-ci yerə çıxdım".

Özünü dünya 2-cisi adlandıran bu şəxs bilməlidir ki, əksər fərdi idman növlərində çempionluq və 3-cü yer uğrunda görüş keçirilir. İkinci yeri yalnız finalda uduzmaqla tutmaq mümkündür.

"Son vaxtlar AGF və xüsusən Firdovsi Umudov bəzi mətbu orqanlar tərəfindən əsassız ittihamlara məruz qalır. KİV-dən xahiş edirik ki, hər hansı şübhəli məsələ haqqında mövqeyimizi də öyrənin", - deyə bəyanatda qeyd olunub.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti