Mina xəritələrinin verilməsi üçün Ermənistana təziq olmalıdır - Elşad İskəndərov

13:26 | 04.12.2023
Mina xəritələrinin verilməsi üçün Ermənistana təziq olmalıdır - Elşad İskəndərov

Mina xəritələrinin verilməsi üçün Ermənistana təziq olmalıdır - Elşad İskəndərov

Azərbaycana mina xəritələrinin verilməsi üçün Ermənistana təziq göstərilməlidir. Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Elşad İskəndərov deyib. 
 
"Hazırda mina problemi ilə mübarizə Azərbaycanda əsas prioritet sahədir. Azərbaycanda minatəmizləmə üçün tələb olunan məbləğ 25 milyard dollar, son üç ildə göstərilən yardım isə 10 milyon dollardır. Bu rəqəmlər yaşanan problem qarşısında göstərilən yardımın nə qədər kiçik olduğunu görməyə kömək edir. Bu baxımdan hesab edirəm ki, beynəlxalq aktorlar Azərbaycana sözügedən problemlə bağlı öz dəstəklərini artırmalıdırlar. Ermənistana mina xəritələrinin Azərbaycana təhvil verilməsi üçün təzyiq göstərilməlidir. Çünki bu addım özü də Azərbaycana mina problemi ilə mübarizəyə kömək olacaq", - report dekabrın 4-də Bakıda keçirilən "Cənubi Qafqazda mina qurbanları ilə həmrəylik: Cənubi Qafqazda minaların və onların nəticələrinin ləğvi strategiyasının mühüm sütunu” mövzusunda tədbirdə XİN rəsmisinin çıxışına istinadan yazıb. 
 
Oktyabrın 1-də Milli Məclisdə keçirilən Beynəlxalq Astronavtika Federasiyasının (IAF) Nazirlər və parlament üzvləri üçün (MMOP) 13-cü beynəlxalq toplantısında millət vəkili Vüqar Bayramov təklif edib ki, Qarabağda minaların təmizlənməsində kosmos texnologiyaların istifadə olunsun.
 
Qarabağ və Şərqi Zəngəzur ərazisinin böyük hissəsi bu torpaqların işğalı zamanı erməni hərbçiləri tərəfindən minalanıb. Rəsmi Bakının apardığı bir sıra tədbirlər nəticəsində Ermənistandan  bir sıra rayonların minalanmış sahələrinin xəritələri alınıb. Lakin onların dəqiqliyi cəmi 25% təşkil edib. 

İkinci Qarabağ müharibəsinin başa çatdığı 2020-ci il noyabrın 10-dan indiyədək mina partlayışları nəticəsində işğaldan azad edilmiş ərazilərdə 200-ə yaxın Azərbaycan hərbçisi və mülki şəxs həlak olub və yaralanıb.
 
Bu ilin martın 17-də baş nazir Əli Əsədov Milli Məclisdə hökumətin hesabatında çıxışında bildirib ki, hazırda Qarabağda minaların təmizlənməsinə 4 özəl şirkət də cəlb olunub. Bundan əlavə, ANAMA ilə birgə Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti də ərazilərin təmizlənməsində iştirak edir.
 
Gülnar Nazimqızı 

 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM