Minsk qrupunun xidmətindən imtina etmək olmaz...

15:10 | 24.11.2015
Minsk qrupunun xidmətindən imtina etmək olmaz...

Minsk qrupunun xidmətindən imtina etmək olmaz...

Rasim Musabəyov

ATƏT-in Minsk qrupu demək olar əsrin dördə biridir ki, Dağlıq Qarabağ münaqişəsini sülh yoluyla həll etməyə çalışır. Rəsmi Bakı dəfələrlə onun ünvanına iradlar səsləndirib, cəmiyyət isə Rusiyadakı, ABŞ-dakı və Fransadakı çoxsaylı erməni diasporalarını göstərməklə, Minsk Qrupunun ermənilərə daha çox simpatiya ilə yanaşdığından və həlli da onların variantına əsasən qurduğundan şübhələnir. Təəccüblü deyil ki, tez-tez Minsk Qrupunun xidmətindən imtina etmək və Azərbaycanın ərazi bütövlüyünü güc yoluyla təmin etməsi barədə çağırışlar səslənir, ya da daha obyektiv beynəlxalq vasitəçilər tapmaq tələb olunur.  

Müharibə çox riskli və gözlənilməz yoldur. Ona bacardığın qədər yaxşı hazırlaşmalı və olduqca az danışmalısan. Minsk qrupuna qaldıqda isə, ondan imtina edilərsə, bilmək lazımdır ki, bu zaman Azərbaycan qeyri-konstruktiv, münaqişənin sülh yoluyla həllinə qarşı çıxan aqressiv ölkə kimi tanına bilər. Minsk qrupunun vasitəçiliyilə nəticəyə nail olmamağa səbəb kimi, münaqişə tərəflərinin iradə göstərməməsi, prinsipial mövqedən geri çəkilməməsi göstərilir. İş burasındadır ki, münaqişənin sülh yoluyla həllində Minsk Qrupunun əvəzlənməsi bu gün heç kimin marağında deyil. Dünyanın böyük derjavalarından olan Çin onun maraqlarına aidiyyatı olmayan münaqişələrdən uzaq durur. Böyük Britaniya onsuz da beynəlxalq məsələlərdə ABŞ-la eyni mövqedən çıxış edir.  

1992-ci ilin fevralında mən prezident administrasiyasının məsləhətçisi kimi, bizim ABŞ-dakı indiki səfirimiz (onda XİN əməkdaşıydı) Yaşar Əliyevlə Azərbaycanı Praqadakı bir beynəlxalq tədbirdə təmsil edirdik. Dağlıq Qarabağın statusunu müəyyən edəcək Minsk Konfransının köməkçi strukturu kimi Minsk Qrupunun heyəti məhz bu tədbirdə formalaşırdı. Hərbi əməliyyatların başlanması və Azərbaycan ərazilərinin işğal edilməsi tədbirin gündəliyində öz əksini tapmışdı və Minsk Qrupu Azərbaycan və Ermənistan arasındakı dağlıq Qarabağ münaqişəsini sülh yoluyla həll etmək üçün hazırlığa başlamışdı. 

Azərbaycanın iradları birbaşa Minsk Qrupuna deyil, vasitəçiliyi həyata keçirən qrupun üzvləri olan Rusiya, ABŞ və Fransaya ünvanlanıb. Belə ki, Minsk Qrupu üzv ölkələrinin rotasiyası məsələsi qaldırılır, ya da onların sayının Türkiyə də daxil olmaqla, beşə qaldırılması təklif olunur. Bu isə faktiki olaraq Minsk Qrupu və nümayəndələri arasındakı sərhədlərin pozulmasına gətirib çıxaracaq. Belə genişləndirilmiş variantda vasitəçilərin özləri mübahisələrin içində itib-batacaqlar, indi də onların arasında moderator seçilməsi labüd olacaq. 

Həmçinin diqqətlə izləyəndə görürsən ki, Minsk Qrupunun daxilində rotasiya həyata keçirmək də mənasızdır. Əvvəlcə ona İtaliya sədrlik edirdi, sonra onu İsveç əvəzlədi, sonra isə Finlandiya-Rusiya cütlüyü. Vaxtında Almaniyanın namizədliyinə Ermənistan qarşı çıxdı, Berlin isə israr etmədi. Son 15 ildə isə məşhur üçlüyün sədrliyi təsdiq edilib: Rusiya, ABŞ və Fransa. Türkiyənin vasitəçi qismində çıxış etməsinin Yerevan üçün qəbuledilməz olduğunu deməyə ehtiyac yoxdu, onun namizədliyinin gözdən keçirilməsi məsələsi qaldırılan kimi onun Ermənistanla əlaqələri və sərhədlərin açılması məsələsi gündəmə gələcək. Gördüyümüz kimi, Minsk qrupu üzvləri təkcə say baxımından deyil, həm də şəxslər baxımından dəyişib, ancaq bu, nəticə əldə olunmasına heç bir təsir göstərməyib. 

BMT, AB, Avropa Şurası, NATO və digər nüfuzlu beynəlxalq təşkilatlara gəldikdə isə, onlar sadəcə münaqişənin sülh yoluyla həllinə çağırır və Minsk Qrupunun səylərini dəstəklədikləri barədə bəyənatlar səsləndirməklə kifayətlənirlər. BMT uzun illərdir ki, Kiprdə, Fələstində problemlərin həlli istiqamətində çalışır, amma nəticə yoxdur. NATO Əfqanıstanda müsbət nəticəyə nail olmadı. AB ABŞ, Ukrayna və Rusiya ilə birlikdə nistbətən daha ağrısız olan Dnestryanı münaqişədə irəliləyişə nail olmadı. Abxaziyada, Cənubi Osetiyada, Krımda isə ümumiyyətlə münaqişə tərəflərini masa arxasına oturtmaq və dialoqa başlamaq mümkün olmayıb. 

Qısaca onu bildirmək istəyirəm ki, Minsk Qrupu nümayəndələrinin heyəti barədə bəhrəsiz diskussiyalar aparmağa dəymir, çünki bu onsuz da onun qeyri-qənaətbəxş fəaliyyətini biraz da iflic edir, cəhdləri və diqqəti yayındırır. Əgər bu mümkün olsa belə, Rusiya, ABŞ və Fransanın Minsk Qrupu vasitəçiləri sırasından çıxarmaqla, onların münaqişənin həll olunması prosesində sadəcə seyrçi olacağına yəqin ki, heç kim inanmaz. Onda bu məsələni gündəmə gətirmək və Azərbaycanı onlara qarşı qoymağa dəyərmi? 

Ancaq ruhdan düşməyə və pessimizmə qapılmağa da ehtiyac yoxdur. Münaqişəsinin sülh yoluyla həll olunması imkanları hələ də qalır. Silahlanmada Ermənistan iqtisadiyyatının gücdən düşməsi, təmas xəttindəki daimi hərbi təzyiq, diplomatik və infromasiya qarşıdurması, iqtisadi və nəqliyyat blokadası getdikcə Ermənistanın gücünü tükəndirir. Minsk Qrupuna gəldikdə isə, məncə, vasitəçilərin parallel cəhdləriylə birgə Minsk Qrupunu bütövlükdə işə qoşmaq olar. 2016-cı ildə Minsk Qrupunun rəsmi strukturu olduğu ATƏT-də sədrlik Almaniyaya keçir. Bu nüfuzlu iqtisadi derjava Minsk Qrupunun fəaliyyətini tam formatda gücləndirməyə, hətta Minsk Konfransına çağırış təşəbbüsü etməyə qabildir.


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM