"Qarabağ münaqişəsinin mərhələli şəkildə həllini Rusiya istəmir" – AÇIQLAMALAR

12:22 | 13.07.2016

"Qarabağ münaqişəsinin mərhələli şəkildə həllini Rusiya istəmir" – AÇIQLAMALAR

"Münaqişə tezliklə həllini tapmalı, status-kvo dəyişilməlidir. Münaqişənin həllinin yeganə mümkün variantı mərhələli həll variantıdır". 

ANN.Az xəbər verir ki, bu sözləri prezident İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda deyib.

25 ildir həllini tapmayan "Dağlıq Qarabağ problemi" müzakirələri aparılsa da, münaqişə hələ nəticəsizdir. Azərbaycan tərəfi qarşı tərəfə (Ermənistana) danışıqlar aparılması üçün şərtlər irəli sürsə də, təklif olunan fikirlər danışıqlar masası üzərində qalır. Ermənistan danışıqların aparılmasında səy göstərmir.  Aprel döyüşlərindən sonra Azərbaycan və Ermənistan prezidentlərinin görüşü və Serj Sarkisyanın danışıqlardan boyun qaçırması buna nümunə ola bilər.

Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda belə fikir - "Münaqişənin həllinin yeganə mümkün variantı mərhələli həll variantıdır" səslənidrməsi ilə nəyi nəzərdə tuturdu? 

Bu sualı ANN.Az-a millət vəkili və politoloqlar şərh ediblər.

"Azərbaycanın təklifləri ortadadır" - Aydın Mirzəzadə
 


Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsi sədrinin müavini Aydın Mirzəzadənin sözlərinə görə, problemin kökündə Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi məsələsi dayanır: "Ermənistan işğal etdiyi ərazini özünə birləşdirmək və yaxud da orada yeni erməni dövləti yaratmağı təklif edir. Azərbaycanın isə mövqeyi prinsipialdır, qoşunlar çıxarılmalıdır. Həll variantı kimi də  "mərhələli həll” təklif edilir. Burada nəzərdə tutulur ki, birinci mərhələdə Ermənistan qoşunları keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti sərhədindən kənarda tutduğu ərazilərdən çıxarılsın. Ermənistan və Azərbaycan arasında sərhəd açılsın. Danışıqların ikinci mərhələsi Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsidir. Bununla bağlı Azərbaycanın mövqeyi ortadadır - öz ərazisində ikinci bir erməni dövlətinin yaradılmasına razı deyil və problemin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini mümkün hesab edir. Azərbaycanın təklifləri ortadadır və problemin sülh yolu ilə həll edilməsinə ümid edir". 

"Bunu nə Rusiya, nə də Azərbaycan hakimiyyəti istəyir" – Zərdüşt Əlizadə
 


Politoloq Zərdüşt Əlizadənin sözlərinə görə, münaqişə Rusiya tərəfindən dondurulduqdan sonra ortaya iki həll variantı atılıb: "Birinci Ermənistanla danışıqlar aparılıb münaqişəni həll etmək, ikinci isə münaqişənin addım-addım mərhələli şəkildə həll yoluna qoymaq. Birinci və ikinci variantda da tərəflər arasında ziddiyyətli fikirlər var. Münaqişənin mərhələli şəkildə həlli o deməkdir ki, 6 rayon geriyə qaytarılır. Bunun müqabilində  biz Dağlıq Qarabağı müstəqil dövlət kimi tanıyırıq. Dağlıq Qarabağ BMT-nin tərkibinə müstəqil dövlət kimi daxil olur və bununla da məsələ bitir. Bunu nə Rusiya, nə də Azərbaycan hakimiyyəti istəyir. Məcburən olsa da, mərhələli həlli Ermənistan tərəfi qəbul edir. Ancaq onlar da bu münaqişənin sonunda fərqli bir nəticə gözləyirlər".

"Türkiyə də, Rusiya da Qarabağ münaqişəsinin həllində hər bir halda öz mənafelərini müdafiə edirlər. Məsələn, Türkiyənin indiki vəziyyətdə rolu Azərbaycanın yanında olub, dəstək verməkdir. Rusiyanın mənafeyi üçün isə sərfəlidir ki, münaqişə dondurulmuş qalsın. Onlar da bunun üçün əlindən gələni edirlər.  Ruslar bu münaqişənin dondurulmuş saxlanılmasından ötrü hər şeyi etməyə - danışıqları dondurmağa, münaqişənin formatını dəyişməklə mahiyyətini eyni saxlamağa və s. hazırdırlar, təki Qarabağ münaqişəsi həll edilməsin” – deyə politoloq Z.Əlizadə  söyləyib.

"Konfliktin Azərbaycanın xeyrinə həlli qeyri-mümkündür" - Sülhəddin Əkbər
 


Azad Demokratlar Partiyasının sədri, siyasi şərhçi Sülhəddin Əkbərin fikrincə, mərhələli həll çoxdandı gündəmdə olan məsələdir: "Burada bir yenilik yoxdur. Amma müzakirə olunan "Lavrov planı"dır. Planın detalları barədə açıqlamalar verilmir. Açıqlama verilmədiyinə görə də fikir söyləmək çətindir".

"Cənubi Qafqaz və Xəzər bölgəsində Rusiyanın hərbi siyasi üstünlüyü davam etdikcə, bu konfliktin Azərbaycanın xeyrinə həlli qeyri-mümkündür. Çünki bunun arxasında Rusiya dayanır və onun konflikt yaratmaqda məqsədi geopolitikdir, yəni həm Ermənistanı, həm də Azərbaycanı öz təsir dairəsində saxlamağa çalışır" – deyə S.Əkbər əlavə edib.

Münaqişədəki vəziyyətin Rusiyanı qane etdiyini deyən siyasi şərhçi, bununla da rusların hər iki ölkəni öz təsir sferasında daha yaxşı saxlaya bildiyini vurğuladı: "İndiki halda Rusiyanın əsas məqsədi bir neçə rayon müqabilində sülhməramlı qüvvələr adı altında təmas xəttində öz silahlı qüvvələrini yerləşdirməkdir. Bugünə qədər  münaqişədə olan vəziyyət Rusiyanı qane edirdi. Çünki hər iki ölkəni öz təsir sferasında saxlayırdı. Lakin artıq geopolitik qarşıdurma həll edilmə mərhələsinə daxil olduğuna görə təminatlı aslılıq yaratmaq üçün Rusiya silahlı qüvvələrini regiona gətirmək istəyir".  

Orxan Aslanlı
Nailə İsgəndərova



www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb