Mobil operatorlar müştəriləri aldada bilməyəcək

23:15 | 15.09.2015
Mobil operatorlar müştəriləri aldada bilməyəcək

Mobil operatorlar müştəriləri aldada bilməyəcək

Bu ildən etibarən onlarla yeni lisenziya müqaviləsi imzalanacaq.

İlin sonuna qədər ölkədə fəaliyyət göstərən mobil operatorlarla lisenziya müqaviləsi imzalanacaq. Hazırda müqavilənin imzalanması üçün Rabitə və Yüksək Texnologiyalar Nazirliyi mobil operatorlarla birgə hazırlıq işlərini həyata keçirir. 

Bu barədə ANS PRESS-ə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Tənzimlənmə şöbəsinin müdiri Əlyar Təmirov məlumat verdi. Onun sözlərinə görə bu ildən etibarən onlarla yeni lisenziya müqaviləsi imzalanacaq. 

Əlyar Təmirov qeyd etdi ki, 1996-cı ildə lisenziyalaşdırma hqqında vahid qaydalar olmadığına görə mobil xidmətlərin tətbiq edilməsi üçün operatorlarla sadəcə lisenziya müqaviləsi imzalanıb. Həmin müqavilənin müddəti isə bu ilin sonunda bitir. Ona görə də hazırda onlara yeni lisenziyanın verilməsi ilə bağlı tədbirlərə start verilib. Dövlət başçısının fərmanı ilə lisenziya verilməsi qaydalarına dəyişilik edilib. Artıq operatorlara lisenziya verilməsi üçün onlarla yeni lisenziya müqaviləsi də imzalanacaq. 

Həmin müqavilədə isə istifadəçilərə təklif olunan xidmətlərlə bağlı operatorlar qarşısında bir sıra öhdəliklər qoyulur. 

"Bura xidmətlərin beynəlxalq standartlara uyğun təşkili , xidmətin keyfiyyət göstəriciləri müəyyən olunmuş standartalara uyğunlaşdırılması, qoyulan texniki tələblərə əməl olunması, tariflərin aydın göstərilməsi, xidmətlərin ölkə üzrə əhatə dairəsinin genişləndirilməsi və digər öhdəliklər aiddir"- deyə nazirliyin rəsmisi əlavə etdi. 

Bu il lisenziyanın verilməsi şərtlərində də dəyişilik ediləcək. Hazırda Nazirlər Kabinetinə bu şərtlərin hazırlanması ilə bağlı tapşırıqlar verilib. Qurum 2 ay müddətində şərtləri tam hazırlamalıdır. 

Nazirlikdən bildirilər ki, bütün mobil operatorlar müqavilədə nəzərdə tutlan öhdəliklərə əməl etməlidirlər. Əks halda onlara qarşı qanunvericiliyin tələblərinə uyğun tədbir görüləcək. 

Bununla bağlı Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasov da bir müddət öncə mobil operatorlara xəbərdarlıq etmişdi. Onun sözlərinə görə lisenziya verilməsi zamanı əsas tələb operatorların yüksək mobil və şəbəkə xidmətlərinin göstərilməsi ilə bağlıdır. Yəni bu şərtləri yerinə yetirməyən mobil operatorlarla müqavilə imzalanmaya və beləliklə onlar lisenziyadan məhrum edilə bilərlər.


Əli Abbasov- Rabitə və Yüksək Texnologiyalar naziri

Buna görə də bir müddət öncə nazirlik ölkədə mobil xidmətlərin səviyyəsi ilə bağlı ciddi araşdırmalar apardı və göstərilən xidmətin keyfiyyətini ölçmək məqsədilə sınaqlar həyata keçirdi. 

Hətta Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) sifarişinə əsasən I Avropa Oyunları zamanı Bakı şəhəri ərazisində, o cümlədən yarışların keçiriləcəyi idman komplekslərində, insanların toplaşdığı müxtəlif məkanlarda məqsədilə ABŞ-ın bu sahədə ixtisaslaşmış "Global Wireless Solutions” şirkəti tərəfindən istifadəçilərə təklif olunan xidmətlərin keyfiyyətinin ölçülməsi həyata keçirilmişdi. 

Bu tədqiqatın nəticəsində məlum olub ki, fəaliyyət göstərən mobil operatorların fəaliyyətində bir sıra çatışmazlıqlar var.Problemlər əsasən məlumat ötürmə, danışıqlardakı kəsintilər, zənglərin çağrı müddətləri, əhatə dairəsi, keyfiyyət göstəriciləri və s. sahələrdə qeydə alınıb. 

Tədqiqatı aparan şirkətinin mütəxəssisləri isə mobil operatorlarının səs və məlumatların ötürülməsi xidmətlərinin keyfiyyətini ümumilikdə qənaətbəxş adlandırıb. O, qeyd edib ki, göstərilən xidmətlərin keyfiyyətinin artırmaq üçün mobil operatorlar bir sıra texniki məsələləri həll etməlidirlər. 

Nazir Əli Abbasov isə qeyd etmişdi ki, şəbəkələrin yüklənməsi zamanı problemin yaranmaması üçün göstərilən xidmətin keyfiyyəti ən azı 2 dəfə artırılmalıdır. Onun sözlərinə görə, mobil şəbəkələrdə məlumatların ötürülməsi xidmətinin həyata keçirilməsi üçün ümumi trafik 50 qiqabitə çatır. Lakin lazım olduğu təqdirdə bu göstərici artırıla bilər”.


İnformasiya texnologiyaları üzrə mütəxəssislərin sözlərinə görə mobil opertorlara lisenziyanın verilməməsi real görünmür. Çünki hazırda bu operatorların kifayət qədər müştərisi var. Ona görə də bu operatorların fəaliyyətinin dayandırılması qeyri -mümkün hesab edilir. Amma onlar lisenziya müqaviləsinin imzalanması üçün bir sıra vəzifələri mütləq yerinə yetirməlidirlər.Bu xüsusilə ölkə ərazisində mobil internetin keyfiyyətinin artırılması ilə bağlıdır. Bu onlara iqtisadi cəhətdən sərf etməsə də , müqavilənin imzalanması üçün ölkənin ucqar bölgələrində də yeni baza stansiyaların qurulmasını həyata keçirməlidirlər. 


İnformasiya və Kommunikasiya Texnologiyaları üzrə mütəxəssis Cahid İsmayıloğlunun sözlərinə görə mobil xidmətlərin yüksəldilməsi üçün operatorlar ilk növbədə ölkə ərazisində baza stansiyalarının sayını artırmalıdırlar. Bu isə heç də asan məsələ deyil.

"Mobil operatorlar o yerlərdə baza stansiyalarını qururlar ki, həmin ərazidə müştərilərinin sayı çoxdur. İstifadəçilərinin sayının az olduğu yerlərdə stansiya qurmaq onlara maddi cəhətdən sərf etmir. Çünki baza stansiyalarının qurulması üçün tələb olunan avadanlıqlar bahadır. Mobil operatorlar külli miqdarda vəsait sərf edib ,müştərilərin az olduğu yerlərdə stansiya qurma q istəmirlər. Yəni gəlirli və sərfəli olmadığına görə xüsusilə bölglərdə öz şəbəklərinin genişləndirməkdən qaçırlar"- deyə mütəxəssis əlavə etdi. 


Cahid İsmayıloğlu-İKT üzrə mütəxəssis


Buna görə də Avropa Oyunları ərəfəsində bütün mobil operatorlara ən yüksək sürətli interneti təqdim edən 4G texnologiyasının tətbiqi ilə bağlı tapşırıq verilsə də bu xidmət müvəqqəti olaraq demo versiyada istifadəyə verildi. Çünki bu texnologiyaya qoşulmaq üçün lazım olan avadanlıqlar həddindən artıq bahadır və bu onlara sərf etmir. Ona görə də hazırda 4G texnologiyasına paytaxtda çox az yerlərdə rast gəlmək olar. 

Nazirlikdən bildirilər ki, mobil operatorlar xidmətlərin keyfiyyətini artırmaq üçün mövcud imkanlarından maksimum istifadə etməlidirlər. Bu məqsədlə onlar şəbəkələrin qurulmasına əlavə investisiyaları artırmalı, mövcud şəbəkələrin əhatə dairəsini genişləndirməli və müasir texnologioyaların tətbiqinin daha da artırmalıdırlar. 





www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM