“Ermənilərin mənə qarşı bilavasitə hücumları səngisə də, dolayı təhdidlər davam edir. Naməlum şəxslər məni güddüyünə görə təhlükəsizliyimi hazırda ərim təmin etmək məcburiyyətindədir”.Bu barədə APA-ya açıqlamasında Moldova Ombudsmanı Aureliya Qriqoriu bildirib. Onun sözlərinə görə, onun anasının Rışkan bələdiyyəsində olan mənzillə bağlı yaranan problem də həll olunub: “Söz veriblər ki, anamı bir daha narahat etməyəcəklər. Prokurorluq isə rəsmi olaraq bildirib ki, sahə müfəttişi Vasluyanın məsuliyyətə cəlb edilməsi üçün əsas yoxdur”. A.Qriqoriu əlavə edib ki, hazırda ombudsman fəaliyyətini davam etdirir: “Moldova parlamenti tərəfindən qəbul olunması gözlənilən “Ombudsman haqqında” qanun hazırda redaksiyadadır. Qanun qəbul olunana qədər mən bu vəzifədə qalacağam”. Xatırladaq ki, bu il iyulun 4-də İrəvanda Ermənistan parlamentində keçirilən “Dondurulmuş münaqişə ərazilərində insan hüquqlarının qorunması” adlı beynəlxalq konfransda Moldova Ombudsmanı Aureliya Qriqoriu Ermənistanın Azərbaycana qarşı təcavüzünün 25 ildən çoxdur davam etdiyini və Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal etdiyini bildirib. Bunun ardınca Ermənistan hökuməti, erməni lobbisi və ASALA erməni terror təşkilatı tərəfindən ombusdmana mütəmadi təzyiq və həyati təhlükəsizliyi ilə bağlı hədə kampaniyası başlayıb, anasının və bacısının yaşadığı Rışkan bələdiyyəsinin Vasluyan soyadlı erməni əsilli sahə müfəttişi onları hədələyib.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !