Terrora görə daha bir nəfər həbs olunub - YENİLƏNİB

16:41 | 26.03.2024
Terrora görə daha bir nəfər həbs olunub - YENİLƏNİB

Terrora görə daha bir nəfər həbs olunub - YENİLƏNİB

"Crocus City Hall” konsert zalında baş vermiş terror aktı ilə əlaqədar daha bir nəfər saxlanılıb.
 
Əslən qırğız olan Əlişir Qasımov Rusiya vətəndaşıdır. Moskva vilayətində fərdi sahibkarlıqla məşğul olan Qasımovun üç uşağı var. O iddia edib ki, cinayətkarlarla şəxsi münasibətləri olmayıb. Mənzilini onlara "Avito” elanlar servisi vasitəsilə kirayə verib.
 
Beləliklə, "Crocus City Hall”da baş vermiş terrorla bağlı həbs edilənlərin sayı 8-ə çatıb.
 
***
 
"Crocus Citi Hall”da törədilən terror aktı qurbanlarının sayı artıb.Bu haqda Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin bildirib.

Onun sözlərinə görə, ölənlərin sayı 139-a çatıb.

Bastrıkin qeyd edib ki, artıq 75 nəfərin kimliyini müəyyən etmək mümkün olub. Baş nazirin müavini Tatyana Qolikova isə 5-i uşaq olmaqla 93 nəfər xəstəxanada müalicə aldığını açıqlayıb.
 
 ***

Rusiyada "Crocus City Hall”da törədilən terror aktı ilə əlaqədar daha 3 nəfər saxlanılıb.Bu barədə Rusiya mətbuatı xəbər verir.
 
Terrorçuların qaçdığı "Renault” markalı avtomobil onlardan birinə məxsus olub. Saxlanılanlardan digər ikisi isə onun atası və qardaşıdır. 

Dilovar və Aminçon qardaşları, həmçinin ata İsrail İslamov barəsində iki ay müddətinə (mayın 22-dək) həbs qətimkam tədbiri seçilib. Dilovar və Aminçon İslamovlara qarşı artıq ittiham irəli sürülüb, onların atası şübhəli olaraq qalır.

"Renault” markalı avtomobilin sahibi 23 yaşlı Dilovar İslamovdur. Dilovar və 33 yaşlı qardaşı Aminçon İstintaq Komitəsinə özlərinin gəldiklərini bildiriblər.
 
 ***

"Crocus City Hall”da baş verən terror aktı zamanı 5000-dən çox insan təxliyə edilib.Bu barədə "Crocus”un nümayəndəsi TASS-a məlumat verib.

Onun sözlərinə görə, minlərlə insan əsasən zirzəmilərdən, xidməti otaqlardan keçərək canını qurtara bilib:

"Binadan 5 min nəfər təxliyə edilib, yanğın zamanı yanğınsöndürənlər zirzəmidən və damdan daha 100 nəfəri xilas ediblər”.

Onlarla vətəndaşın hələ də itkin düşənlər siyahısında olduğu, 100-ə yaxın cəsədin şəxsiyyətinin hələ də müəyyənləşdirilmədiyi bildirilir.
 
Məlumata görə, Moskvada və ətraf ərazilərdə hadisə nəticəsində xəstəxanaya yerləşdirilənlər üçün qanvermə aksiyaları keçirilir.
 
 ***
 
"Crocus City Hall” konsert zalında törədilən terror aktı nəticəsində həlak olanlardan 68 nəfərin şəxsiyyəti müəyyən edilib.Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki,bütün ölənlərin şəxsiyyəti müəyyən edildikdən sonra siyahı əlavə olunacaq.
 
 ***

Rusiya İstintaq Komitəsi 137 nəfərin öldüyü "Crocus City Hall” konsert zalına hücumun iştirakçısı olduğu iddia edilən iki nəfəri terror aktında ittiham edib.

Bu barədə iş üzrə təqsirləndirilən şəxslərin həbsi ilə bağlı vəsatətləri qəbul edən Basmannı məhkəməsinin mətbuat xidməti məlumat yayıb.

"Raçabalizoda Saidakrami Murodali və Mirzoev Dalerjon Barotoviç Cinayət Məcəlləsinin 205-ci maddəsinin 3-cü hissəsinin "b” bəndi (bir qrup şəxs tərəfindən insan ölümünə səbəb olan terror aktı) ilə ittiham olunurlar”.

Hər iki təqsirləndirilən şəxs FSB xüsusi təyinatlılarının müşayiəti ilə məhkəməyə gətirilib.
 
***

 
"Crocus City Hall”da törədilən terror aktında yaralananların sayı 152-yə çatıb.Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Son məlumata görə, ölənlərin sayı 3-ü uşaq olmaqla 133 nəfər, yaralananların sayı isə 152 nəfərə yüksəlib.
 
 ***

"Crocus City Hall"da terror aktını törədən şəxs hücumdan bir müddət əvvəl oradakı tamaşaya qatılıb.Bu barədə "112” Telegram kanalı məlumat yayıb.
 
Terror aktından əvvəl onu törədənlərin bir neçə dəfə əyləncə mərkəzinə baş çəkdiyi vurğulanır.
 
"Ora getmək terror aktının təşkili ilə bağlı idi - plana, mühafizə postlarının yerləşdiyi yerə baxmaq və qaçış yollarını hesablamaq", - nəşr yazır.
 
Bundan əvvəl "Crocus”un mühafizəçisi belə bir fikir bildirib ki, terrorçular zalda ən çox insanın nə vaxt olacağını əvvəlcədən biliblər.

***
 
 
Rusiyanın Federal Təhlükəsizlik Xidməti Moskvada törədilmiş terror aktının təşkilatçılarının Ukrayna ilə əlaqəli oluğunu bəyan edib.Bu barədə FTX-nin bu gün yaydığı bəyanatda bildirilib.

"Crocus City Hall”dakı terror aktında iştirak edən terrorçular Rusiya-Ukrayna sərhədinə doğru qaçmağa cəhd ediblər: "Terrorçular sərhədi keçməyi planlaşdırıblar və Ukrayna tərəfində əlaqələri olub. "Crocus City Hall”dakı terror aktı diqqətlə planlaşdırılıb”.
 
 ***

Terror aktında şübhəli bilinərək saxlanılan 4 nəfərin hamısı xarici ölkə vətəndaşıdır.Bu barədə Rusiya Daxili İşlər Nazirliyi məlumat yayıb.

Qurum sosial şəbəkələrdə terrorçuların Rusiya vətəndaşlığının olması ilə bağlı yayılan məlumatların həqiqətə uyğun olmadığını bəyan edib:
 
"Hazırda Rusiya Daxili İşlər Nazirliyinin miqrasiya bölmələri Rusiya Federal Təhlükəsizlik Xidmətindən olan həmkarları ilə birlikdə qeyd edilən şəxslərlə bağlı məlumatları diqqətlə yoxlayır. Saxlanılan şəxslərin hər birinin Rusiya Federasiyasının ərazisində qalma müddətini müəyyənləşdirir, faktiki yaşayış ünvanları, habelə digər əhəmiyyətli halları nəzərdən keçirir”.

 ***
 
Moskvada terror aktı nəticəsində ölənlərin sayı 133-ə çatıb.Bu barədə  Rusiya İstintaq Komitəsi məlumat verib.
 
"Crocus City Hall”da dağıntıların bir hissəsi təmizlənib. Nəticədə ölənlərin sayının 133 nəfərə çatdığı məlum olub. Axtarış tədbirləri davam edir.

 ***

"Crocus City Hall”a terror hücumunda şübhəli bilinən şəxs ona 500 min rubl vəd edildiyini etiraf edib.Bu barədə Rusiya mediası xəbər verir.
 
Saxlanılan şəxs pulun yarısının onun bank kartına köçürüldüyünü, ikinci yarısının isə daha sonra köçürüləcəyini bildirib. O, hüquq-mühafizə orqanlarının əməkdaşlarından qaçarkən kartını meşədə itirib. Həmin şəxsin sözlərinə görə, kuratorlar onunla "Telegram” vasitəsilə əlaqə saxlayıblar.
 
Medianın məlumatına görə, saxlanılan şəxslər Rusiya vətəndaşları olan taciklərdir.
 
 ***

Terror hadisəsi zamanı həlak olan şəxslərin siyahısındakı Hüseynov Vüqar Fuad oğlunun Azərbaycan Respublikası vətəndaşlığını təsdiq edən hər hansı bir sənədə malik olmaması müəyyən edilib.Bu barədə XİN -dən bildirilib.
 
***

 
Rusiya İstintaq Komitəsi terror aktında ölənlərin sayının 115-ə yüksəldiyini açıqlayıb.
 
 ***
 
Moskva vilayətinin Səhiyyə Nazirliyi terror aktı nəticəsində ölənlərin ilkin siyahısını açıqlayıb.

Siyahıda azərbaycanlı olması ehtimal edilən 1983-cü il təvəllüdlü "Hüseynov Vüqar oğlu” da var. Siyahıda həmin şəxsin ad və ya ata adının qeyd edilməməsi, məlumatın yarımçıq olması diqqəti cəlb edib.

Hazırda dəqiqləşdirmələr davam etdirilir.
 
 ***

Moskvada törədilmiş terror aktını törətməkdə şübhəli bilinən şəxslərin saxlanılması əməliyyatı ilə bağlı məlumat yayılıb.Bu barədə Rusiyanın teleqram kanalları xəbər verir.
 
Şübhəlilərin idarə etdiyi "Renault” markalı avtomobil gecə saatlarında Bryansk vilayətinin Karaçevski rayonunun Xatsun kəndi yaxınlığında aşkarlanıb. Avtomobil hüquq-mühafizə orqanlarının əməkdaşlarının tələbinə məhəl qoymadan hərəkətinə davam edib. Nəticədə təqib zamanı atəş açılıb və avtomobil aşıb.

Terrorçu olduğu ehtimal edilən biri yerindəcə saxlanılıb, qalanları isə meşəyə qaçıb. Az sonra ikinci şəxs də saxlanılıb. İlkin məlumatlara görə, saxlanılanlardan biri Düşənbədən olan 19 yaşlı Məhəmmədsobir Fayzovdur. O saxlanılarkən bir gözündən yaralanıb və xəstəxanaya aparılıb.

Terrorçulara məxsus olması ehtimal edilən "Renault” markalı avtomobildən PM tapançası, AKM avtomatı üçün maqazin və Tacikistan vətəndaşlarının pasportları aşkar edilib.
 
 ***

Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov Prezident Vladimir Putinə "Crocus City Hall”dakı terror aktında iştirak edən 4 terrorçu da daxil olmaqla 11 nəfərin saxlanılması barədə məlumat verib.Bu barədə Kremlin Mətbuat xidməti məlumat yayıb.

 ***

Moskvada "Crocus City Hall”da terror aktı törətməkdə şübhəli bilinən 6 nəfərdən 4-nün kimliyi  məlum olub.Bu barədə "Baza” teleqram kanalı məlumat yayıb.

Həmin şəxslər 37 yaşlı Nəsridinov Məhmədrəsul, 51 yaşlı İsmonov Rivojidin, 21 yaşlı Safolzoda Shoxinjonn və 29 yaşlı Nəzərov Rüstəmdir.

Onların hamısının Tacikistan vətəndaşı olduğu bildirilir. Həmçinin 2 terrorçunun saxlanıldığı açıqlanıb. Lakin onlardan hansının saxlanıldığı məlum deyil.

 ***

Rusiya Fövqəladə Hallar Nazirliyinin son məlumatına görə, hadisə nəticəsində ölənlərin sayı 99 nəfərə çatıb.
 
 ***

Moskvadakı "Crocus City Hall”da törədilən terror aktı nəticəsində ölənlərin sayı 60-ı ötüb.
 
Bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.
 
 ***

"Crocus City Hall”da baş vermiş terror aktı nəticəsində yaralananların sayı 146 nəfərə yüksəlib.

Bu barədə Rusiya Səhiyyə Nazirliyi məlumat yayıb.
 
 ***

Bu gün Moskvada "Crocus City Hall” ticarət mərkəzindəki terror aktını törətməkdə şübhəli bilinən şəxslərdən biri saxlanılıb.Bu barədə "Mash” teleqram kanalı məlumat yayıb.

"Shot” kanalının məlumatına görə isə, terror aktından sonra ticarət mərkəzinin 5 əməkdaşı saxlanılıb. Onlar məsələnin aydınlaşdırılması üçün polis bölməsinə aparılıblar. 
 
 ***

İlkin məlumata görə, terror aktı nəticəsində 40 nəfər ölüb, 100-dən çox insan xəsarət alıb.Bu barədə Rusiya Federal Təhlükəsizlik Xidməti məlumat yayıb.

Rusiya İstintaq Komitəsi "terror aktı” maddəsi ilə cinayət işi açıb.
 
Eyni zamanda, güc strukturlarındakı mənbədən mediaya bildirilib ki, terrorçuların gəldikləri maşın minalanıb və hazırda onun zərərsizləşdirilməsi üçün iş aparılır.
 
 ***

Terror aktının törədildiyi ticarət mərkəzinin nəzdindəki "Vegas City Hall”da bu gün Xalq artisti Röya Ayxanın konserti olacaqmış.

Baş vermiş hadisə ilə əlaqədar konsert təxirə salınıb.
 
 ***

Emin Ağalarov Moskvada silahlı insidentin baş verdiyi "Crocus City Hall”a gəlib.
 
Bu barədə teleqram kanalları məlumat yayıb.
 
"Crocus City Hall” Ağalarovlar ailəsinə məxsusdur.
 
 22:37

Moskvada konsert zalında baş vermiş terror aktı nəticəsində yaralananlar sayı 130-a çatıb, 40 nəfər ölüb.

Bu barədə "112” teleqram kanalı bildirib.
 
 22:12

Moskvada "Crocus City Hall” ticarət mərkəzində silahlı insident baş verib. İlkin məlumata görə, nəticədə 12 nəfər həlak olub, daha 35 nəfər isə yaralanıb. 

Rusiya mediasının məlumatına görə, insidentin ardınca binada güclü yanğın qeydə alınıb.

TASS yanğının hazırda binanın üçdə bir hissəsini əhatə etdiyini yazıb.
 
 22:01

Moskvada "Crocus City Hall” ticarət mərkəzində silahlı insident baş verib.Bu barədə TASS xəbər verib.
 
Naməlum şəxslər ticarət mərkəzində atəş açıb.
"Baza” teleqram kanalı isə hadisə nəticəsində 12 nəfərin həlak olduğunu, 35 nəfərin isə yaralandığını yazıb.

"RİA Novosti”nin məlumatına görə, 3 nəfər avtomat silahdan atəş açıb. Bununla yanaşı, binada yanğın qeydə alındığı bildirilir. 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM