“Mülki aviasiyanın inkişaf etdirilməsi iqtisadi strategiyamızın əhəmiyyətli hissəsidir”

19:36 | 22.10.2015
“Mülki aviasiyanın inkişaf etdirilməsi iqtisadi strategiyamızın əhəmiyyətli hissəsidir”

“Mülki aviasiyanın inkişaf etdirilməsi iqtisadi strategiyamızın əhəmiyyətli hissəsidir”

 Azərbaycan prezidenti İlham Əliyev Beynəlxalq Mülki Aviasiya Təşkilatının prezidenti Olumuiva Benard Aliunu və Dövlətlərarası Aviasiya Komitəsinin sədri xanım Tatyana Anodinanı qəbul edib.

APA-nın məlumatına görə, dövlət başçısı Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) 70 illiyinə və Dövlətlərarası Şuranın icra orqanı olan Dövlətlərarası Aviasiya Komitəsinin 25 illiyinə həsr olunan Aviasiya və Hava Məkanından İstifadə üzrə Dövlətlərarası Şuranın 35-ci iclasının Bakıda keçirilməsinin önəmini vurğulayıb.
 
Azərbaycanın əlverişli coğrafi mövqeyinin regional nəqliyyat infrastrukturunun və logistik mərkəzin yaradılması baxımından yaxşı imkan yaratdığını deyən prezident İlham Əliyev mülki aviasiyanın daha da inkişaf etdirilməsinin iqtisadi strategiyamızın çox əhəmiyyətli hissəsi olduğunu vurğulayıb. İnfrastruktur layihələrinə böyük həcmdə sərmayə yatırıldığını bildirən dövlət başçısı son illər Azərbaycanda bir neçə hava limanının inşa edildiyini, Heydər Əliyev Beynəlxalq Aeroportunun isə tamamilə yenidən qurulduğunu, çoxlu sayda yeni təyyarələrin alındığını qeyd edib.
 
"Azərbaycan Hava Yolları”nın dünyanın uğurla fəaliyyət göstərən şirkətlərindən biri olduğunu deyən prezident məmnunluqla vurğulayıb ki, Heydər Əliyev Beynəlxalq Aeroportu dünyada dördulduzlu 10 hava limanı arasındadır. Ölkəmizdə turizmin və biznesin inkişafı ilə əlaqədar müxtəlif regionlara daxili reyslərin açıldığını bildirən prezident İlham Əliyev Azərbaycanın hava yükdaşımaları sahəsində də yaxşı nəticələr əldə etdiyini diqqətə çatdıraraq yerli karqo şirkətinin də dünyanın aparıcı şirkətləri arasında olduğunu deyib.
 
Dövlətlərarası Aviasiya Komitəsinin fəaliyyətinə toxunan prezident İlham Əliyev komitənin sədri T. Anodinanın Azərbaycan mülki aviasiyası ilə əməkdaşlıq işinə verdiyi töhfəni yüksək qiymətləndirib.
 
Bakıda həyata keçirilən abadlıq-quruculuq işlərinin və Heydər Əliyev Beynəlxalq Aeroportunun gözəlliyinin onda dərin təəssürat yaratdığını bildirən Beynəlxalq Mülki Aviasiya Təşkilatının prezidenti O. Aliu isə bunu ölkəmizin sosial-iqtisadi inkişafının göstəricisi kimi dəyərləndirib. Rəhbərlik etdiyi təşkilatın həyata keçirdiyi proqramlar barədə dövlətimizin başçısına məlumat verən qonaq ölkəmizin Beynəlxalq Mülki Aviasiya Təşkilatına verdiyi dəstəyi yüksək qiymətləndirərək Azərbaycanın bu qurumun əhəmiyyətli üzvü olduğunu vurğulayıb.
 
Görüşdə Azərbaycan ilə Beynəlxalq Mülki Aviasiya Təşkilatı arasında əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM