Azərbaycan Dövlət Musiqili Teatrının aktyoru, özünəməxsus ifa tərzi ilə yaddaşlarda iz qoyan Xalq artisti Mobil Əhmədovun 85 yaşı tamam olub.
Qurumun Mətbuat katibi Samir Sədaqətoğlu bildirib ki, bu münasibətlə Dövlət Musiqili Teatrında mərhum aktyorun xatirəsi anılıb, dahi Üzeyir Hacıbəylinin ölməz "O olmasın, bu olsun” iki hissəli musiqili komediyasının növbəti nümayişi Mobil Əhmədovun 85 illiyinə həsr olunub. Tamaşanın nümayişindən əvvəl Musiqili Teatrın Ədəbi hissə müdiri, Respublikanın Əməkdar mədəniyyət işçisi Telli Pənahqızı Mobil Əhmədovun həyat və yaradıcılığı haqqında çıxış edib. T. Pənahqızı aktyorun canlandırdığı obrazların hər zaman tamaşaçılar tərəfindən sevildiyini, böyük maraq və rəğbətlə qarşılandığını, özünəməxsus ifa tərzinə malik olduğunu vurğulayıb. "Mobil Əhmədov 40 ilə yaxın Azərbaycan Dövlət Musiqili Teatrında fəaliyyət göstərib, müxtəlif səhnə əsərlərində bir-birindən maraqlı obrazlar ifa edib. O, uzun illər "O olmasın, bu olsun” tamaşasında Sərvər rolunu oynayıb. Onun yaratdığı Sərvər tam fərqliydi, özünəməxsusluğu ilə seçilirdi. "O olmasın, bu olsun” tamaşasının bugünkü nümayişinin Mobil Əhmədovun 85 illiyinə həsr olunmasının səbəbi də məhz onun vaxtı ilə bu tamaşada Sərvər obrazını canlandırmasıdır. Allah Mobil müəllimə rəhmət eləsin! Ruhu şad olsun! Onun işıqlı xatirəsi daim bizim qəlbimizdə yaşayacaq”, - deyə T. Pənahqızı bildirib.
Qeyd edək ki, Mobil Salman oğlu Əhmədov 10 sentyabr 1931-ci ildə Gəncə şəhərində anadan olub. Orta məktəbdə oxuduğu illərdə rəssamlığa böyük həvəsi olub. 1955-ci ildə Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbinə daxil olub. Bir il sonra Azərbaycan Dövlət Konservatoriyasına qəbul olub və görkəmli vokal ustası Bülbülün sinfində təhsil almağa başlayıb. 1961-ci ildə Konservatoriyanı bitirən Mobil Əhmədov radio və televiziyanın xorunda solist kimi fəaliyyətə başlayıb. Elə həmin ilin sentyabrında Azərbaycan Dövlət Musiqili Teatrına (o vaxtki Musiqili Komediya Teatrına) dəvət olunub və burada işlədiyi təqribən 40 il ərzində 70-dən çox tamaşada müvəffəqiyyətlə çıxış edib. Sərvər, Əsgər ("O olmasın, bu olsun”, "Arşın mal alan”, Ü. Hacıbəyli), Heydər bəy ("Xəsis”, M.F. Axundzadənin "Hacı Qara” komediyası əsasında. Bəstəkarlar R. Mustafayev və V. Adıgözəlov), Nadir ("Qızılaxtaranlar”, H. Seyidbəyli, T. Quliyev), Zəfər ("Özümüz bilərik”, Ş. Qurbanov, S. Ələsgərov), Bəxtiyar ("Ulduz”, S. Rəhman, S. Ələsgərov), Arzu, Yetim ("Olmadı elə, oldu belə”, "Milyonçunun dilənçi oğlu”, Ş. Qurbanov, S. Ələsgərov), Ayaz ("Qayınana”, M. Şamxalov, Z. Bağırov), Alay ("Gözün aydın”, M. Əlizadə, F. Əmirov), Sahib ("Ləpələr”, Ə. Kürçaylı, A. Məlikov), Etibar ("Qızılgül”, M. Əlizadə, S. Hacıbəyov), Rəşid ("Hardasan, ay subalıq?”, S. Qədirzadə, S. Ələsgərov), Qiyas ("Beş manatlıq gəlin”, M.S. Ordubadi, S. Rüstəmov), Xəzər ("Məmmədəli kurorta gedir”, A. Zeynallı, T. Bakıxanov), Nemət ("Təzə gəlin”, S. Dağlı, C. Cahangirov), Çingiz ("Boşanaq, evlənərik”, Ə. Kürçaylı, V. Adıgözəlov), Murad ("Durna”, S. Rüstəm, S. Rüstəmov), Orxan ("Hicran”, S. Rəhman, E. Sabitoğlu) və yaratdığı başqa çoxsaylı obrazlar yaddaşlara həkk olunub. Yüksək ifaçılıq qabiliyyətinə malik olan M. Əhmədovun 600-dən çox lent yazısı, 40 valı var. Eyni zamanda o, müəllim-pedaqoq kimi Musiqi Akademiyasında, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində, Uşaq Filarmoniyasında və və 22 saylı Musiqi məktəbində tələbə və şagirdlərə vokal sənətinin sirlərini öyrədib. Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə 1978-ci ildə "Azərbaycan Respublikasının Əməkdar artisti”, 2000-ci ildə isə "Azərbaycan Respublikasının Xalq artisti” fəxri adlarına layiq görülüb.
Mobil Əhmədov 2006-cı il iyun ayının 2-də Bakıda vəfat edib və doğulduğu Gəncə şəhərində dəfn olunub.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !