Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Azərtaca verdiyi açıqlamasında bildirib ki, artıq sülhməramlıların çıxarılması prosesinə başlanılıb və hər iki ölkənin Müdafiə Nazirləri bu istiqamətdə müvafiq tədbirlər görür.
Rusiya Prezidentinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov da Rusiya sülhməramlılarının Qarabağdan çıxarılması barədə bəyanat verib.
Rusiya sülhməramlıları Azərbaycan ərazisində 2020-ci ilin noyabrında beş il müddətinə yerləşdirilib. Onların yerləşdirilməsi Azərbaycan ictimaiyyəti tərəfindən birmənalı qarşılanmamışdı. Bəs görəsən Azərbaycan hökumətini buna görə tənqid edələr indi nə düşünür?
"Azərbaycanda başqa dövlətin qoşunlarının olmaması bütün hallarda vacibdir və müsbət haldır. Ölkənin milli təhlükəsizliyi baxımından bu çox önəmlidir. Rusiya qoşunlarının Azərbaycan çağırılması bir səhv idi. Bu əslində Rusiya İmperiyasının zəifləməsinin nəticəsində baş verən prosesin bir elementidir. Azərbaycanın da mənafeyinə uyğundur ki, ölkədə başqa ölkələrin qoşunları olmasın. Rusiyanın vəziyyəti ağırdır. Bunun qarşılığında bəzi razılaşmalar ola bilər. Məsələn valyuta məsələri, Rusiya resurslarının hansısa yolla qərb bazarlarına çıxması və s . Rusiyanın niyə belə jest etdiyini daha dəqiq gələcəkdə biləcəyik. Rusiya artıq dünyadakı əvvəlki hegimonluğunu saxlaya bilmir”, - partiya rəsmisi söyləyib.
Müsavat Partiyasının başqanı Arif Hacılı sülhməramlıların Qarabağı tərk etməsini böyük tarixi hadisə adlandırıb.
"Rusiya sülhməramlılarının Azərbaycan ərazisindən çıxarılması böyük tarixi hadisədir. Əslində bu qüvvələrin xüsusilə sentyabrda keçirilən 1 günlük anitterorr əməliyyatından sonra Azərbaycanda qalması absurd idi. 2025-ci ildən daha tez bu qüvvələrin çıxması Azərbaycanın suvereynliyinin möhkəmlənməsi və onun suveren müstəqil inkişafı üçün əlavə imkanlar yaradır. Sülhməramlıların çıxması həm də Azərbaycan və Ermənistan arasında olan sülh danışıqlarına müsbət təsir edəcək, sülh müqaviləsinin bağlanmasına yeni imkanlar yaradacaq”, - başqan vurğulayıb.
Arif Hacılı düşünür ki, sülhməramlıların Qarabağı tərk etməsi Rusiya-Ukrayna müharibəsi fonunda Rusiyanın hərbi qüvvələrə ehtiyacı olması ilə bağlı da ola bilər.
Real partiyasının sədr müavini Natiq Cəfərli isə Rusiya sülhməramlılarının çıxarılmasını qələbə adlandırıb.
"Bu çox xoş xəbərdir.Azəbaycanın təhlükəsizlik konsepsiyasında bir səhifə qapadılır. Azərbaycan artıq Şuşa bəyannaməsinə görə Türkiyə ilə birgə ordu quruculuğunu həyata keçirir. Türkiyə bizim stateji tərəfdaşımızdır və bu konsepsiya şəklində işlər davam etdiriləcək. Hansısa bir ölkənin bundan sonra qoşun növünün Azərbaycanda olması maneçilik yarada bilməyəcək. Partiya olaraq bunu dəstəkləyirik", - Cəfərli deyib..
Siyasi məsələlər üzrə ekspert Rauf Mirqədirov deyir ki, Rusiya qoşunlarının heç bir plan olmadan Azərbaycanı tərk etməsi inandırıcı deyil.
"Gürcüstanda son günlər baş verən proseslər onu göstərir ki, Rusiya regiondan çıxmaq istəmir. Bu halda sülhməramlıların heç bir plan olmadan çıxması inandırıcı deyil. Demək Rusiya regionda mövqeyini möhkəmləndirmək üçün yaxın vaxtlarda hansısa addımlar ata bilər. İstisna etmirəm ki, bu addımlardan biri Ermənistanda dövlət çevrilişi ola bilər və hakimiyyətə rusiyapərəst biri gələ bilər. Bu halda tam əminliklə ehtimal etmək olar ki, Ermənistan indiyə qədər olan bütün razılaşmalardan, o cümlədən Azərbaycanın ərazi bütövlüyünün tanınması ilə bağlı razılaşmadan imtina edəcək. Bu halda regionda yeni vəziyyət yarana bilər. Rusiya Ermənistanın təhlükəsizliyin yenidən təminatçısı olacaq. Bununla da Rusiya çoxdankı məqsədinə nail olacaq”, - ekspert bildirib.
Mirqədirov hesab edir ki, Azərbaycan Rusiya münasibətlərində Türkiyənin rolu böyük olsa da son zamanlar baş verən bəzi qeyri müəyyənliklər suallar yaradır.
"Son dövrlər Rusiya Türkiyə arasında müəyyən problemlərin yarandığını da görürük. Problemin yaranmasının ən siyasi tərəfi Putinlə Ərdoğanın görüşünün qeyri müəyyən vaxta təxirə salınması idi. Bu görüş haqqında böyük anonslar verilmişdi. Tərəflərin bir-birinə marağı müəyyən mənada azalıb. Sülhməramlıların qəbulunda bu faktor da ciddi rol oynayıb. Düşünmürəm ki, Rusiya qoşunları bu regionu tərk etmək istəyir. Bu Rusiyanın maraqlarına ziddir”, - o əlavə edib.
Siyasi ekspert Azər Qasımlı isə Rusiya sülhməramlılarının Qarabağdan nə vaxt və hansı tərkibdə çıxması ilə bağlı açıqlamaları gözləyir.
"Sülhməramlıların getməsi ilə bağlı açıqlama verilib. Heç bir detallar açıqlanmayıb. Biz bilmirik onlar hamısı çıxacaq, yoxsa hər hansı qərargahları qalacaq? Aydındır ki, Rusiya Qarabağda qalmaq istəyir və bu onun üçün bir simvolikadır. Azərbaycan iqtidari Kremllə tam müttəfiqdir. Onun bütün istəyini bu bölgədə həyata keçirir. Rusiya və Azərbaycan mətbuatına baxsaq görərik ki, eyni tezisləri istifadə edirlər. Fransa, ABŞ-a qarşı eyni fikirlər səslənir. Bu bölgəyə demokratiyanın və qərb maraqlarının gəlməsinə imkan verməyəcək. Belə olan halda sülhməramlı olsa nə olacaq, olmasa nə olacaq? Belarus Rusiyanın yaxın mütəfiqidir. Tam Rusiyadan asılıdır. Belarusda Rusiyanın hərbi kontingenti yoxdur. Bu önəmli deyil. Rusiya heç vaxt heç bir yerdən izsiz getmir. Ukraynada uduzub, Rusiyanın vəziyyəti pisdir, zəiflədiyinə görə bu bölgəni tərk edir deyə düşünənlər səhv edir. İndiki vəziyyəti də hansısa bir formada razılaşdırılıblar. Təfərrüatını tam olaraq bilmirik”, - ekspert bildirib.
Rusiya sülhməramlıları Qarabağa 2022-ci ilin noyabrında Azərbaycan,Ermənistan və Rusiya arasında olan üçtərəfli bəyanatdan sonra yerləşdirilib. 2 min heyətlə missiyasını yerinə yetirən sülhməramlıların faəliyyəti bəyanata görə 2025-ci ildə bitir. Sülhməramlıların yerləşdirdiyi Qarabağ ərazisində dəfələrdə Ermənistanla Azərbaycan arasında gərgin vəziyyət yaranıb. Sərhəd bölgəsində atəşkəs rejimi mütəmadi olaraq pozulub.
Rusiya Müdafiə Nazirliyi bir neçə dəfə Qarabağda sülhməramlıların postlarının bağlanması ilə bağlı məlumatlar dərc edib.
Istiqamət:6.3.7. işğaldan azad olunmuş ərazilərə "Böyük Qayıdış”;
Qeyd: Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi çərçivəsində hazırlanıb.
Gülnar Nazimqızı
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !