Rüstəm Qasımov
Keçən cümə günü "Silk Way Travel” şirkəti jurnalistlər üçün Nabrana "River Inn Resort” hotelinə bir günlük pres-tur təşkil etmişdi.
Səhər tezdən həmkarlarla birlikdə səyahətimizə başladıq. Yol üç saatlıq olsa da, darıxmağa imkan yoxuydu, avtobusun pəncərəsindən görünən mənzərələr adama zövq bəxş edirdi. Xüsusilə Xaçmazın parkları, Koroğluya qoyulmuş abidə və digər heykəltaraşlıq nümunələri, fiqurlar, fəvvarələr çox xoşuma gəldi.
Xəzər dənizinə paralel uzanan yolla səyahət etdikdən sonra biz nəhayət ki, "River Inn Resort” hotelinə gəlib çatdıq.
Restoranda sərinləşdirici içkilərimizi içdikdən sonra biz dərhal hotellə tanış olmağa yollandıq. Hoteldə əlbəttə ki, ilk gözə dəyən yer açıq səma altındakı nəhəng hovuz oldu.
Hovuzun suyu o qədər təmiz idi ki, hətta bu şəkillərdən də dərhal sezilir.
«River Inn Resort» hotelinin bütün cığırları daşlarla döşənib. Burada səliqə-səhmana xüsusi diqqət yetirilir, hotelin əməkdaşları işlərinin öhdəsindən layiqincə gəlmək üçün səylə çalışırlar.
Sonra biz spa-mərkəzə yollandıq, hotelin müştəriləri sağlamlıqlarının qayğısına qalmaq üçün xüsusi vannalarda müxtəlif prosedurlardan keçə bilərlər. Burada müştərilər üçün hər cür rahatlıq və gözəl atmosfer yaradılıb.
Bundan sonra biz hotelin nömrələrinə baxmaq imkanı əldə etdik. Otaqların hər biri ayrıca dizaynı, rəngarəng interyeri və hər cür avadanlığı ilə seçilirdi.
Nömrələrdən hotelinə ərazisinə çox gözəl mənzərələr açılır. Hər eyvana masa və oturacaqlar qoyulub, müştərilər nömrələrini tərk etmədən bir fincan kofe içərək burada dinclik tapa bilərlər.
"River Inn Resort"in ərazisində həmçinin uşaq baxçası mövcuddur, burada tifil balalar tərbiyəçilərin daimi nəzarətində darıxmaya bilərlər.
Hotelin ən maraqlı məkanlarından biri təbii ki, əyləncə mərkəzi idi, burada hər kəs özünə uyğun əyləncə tapa bilər. Kinotetrların və konfranların keçirilməsi üçün ideal olan geniş zalı da xüsusi qeyd etmək lazımdır.
Hotelin müştəriləri bilyard və boulinq kimi oyunlar oynamaqla vaxtlarını maraqlı keçirə bilərlər. Bir saatlıq oyunun qiyməti 5 manat dəyərindədir.
Sakitlik və dinclik sevən müştərilər üçünsə mərkəzin zallarından birində gözəl kitabxana fəaliyyət göstərir.
Yeniyetmələr və uşaqlar üçün həmçinin oyun avtomatları var.
«River Inn Resort» hotelinin ərazisi 15 hektar ərazini əhatə edir. Ərazidən çay axır, arzu edənlər burada balıq və xərçəng ovlaya bilərlər. Mən öz gözlərimlə çayda həm kiçik, həm də böyük sazanlar gördüm.
Çay boyunca ağlayan söyüd ağacları məkana gözəllik bəxş edir.
Çayın üzərində salınan körpülərin sahəsində bir sahildən o birisinə keçmək mümkündür.
Çay boyunca tikilən rahat və gözəl besedkalarda müştərilər oturub söhbət edə, sakit təbiətdən, axan çayın şırıltısından zövq ala və dincələ bilərlər.
Hotelin yerləşdiyi ərazi çox diqqətəlayiqdir, axı, «River Inn Resort»in ərazisinin böyük əksəriyyətini meşələr təşkil edir və burada çoxillik ağaclar bitir. Buna görə də, hotel ərazisindəki kotteclər və evciklərə ağacların sərin kölgələri düşür.
Hotelin ərazisində villalar da xidmət göstərir, burada eyni vaxtda 6 nəfər qala bilər. Villalar iki mərtəbədən, bir neçə yataq otağından, qonaq otağından, mətbəxdən və yeməkxanadan ibarətdir.
Hotelin təkcə nömrələri deyil, kottecləri də qalmaq üçün çox əlverişlidir, onların hamısı səliqə-səhmanı və komfortu ilə seçilir.
Sağlam həyat tərzini sevənlər üçün hoteldə fitnes klub fəaliyyət göstərir. Ağır idman növlərini sevənlər üçün trenajorlar da var.
Hazır hotelə gəlmişkən, mən "River Inn Resort” hotelinin hansı paketlər təqdim etdiyini və hoteldə qalmaq xərclərinin nə qədər olduğunu öyrənmək qərarına gəldim. Bunun üçün hotelin marketinq meneceri Səadət Məmmədovaya müraciət etdim. O bizim suallarımıza həvəslə cavab verdi.
- Sədaət xanım, "River Inn Resort” müştərilərinə hansı paketlər təqdim edir?
- Hotelimiz müştərilərə eyni anda bir neçə paket təqdim edir: "Gənc evlilər üçün paket”, "toy paketi”, "Spa-paket”, "Şərab dequstasiyası üçün paket”, "Ailə paketi” və s.
- Hotelin nömrələri barədə məlumat verərdiz?
- Hoteldə standart iki otaqlı nömrələr və kotteclər, standart bir otaqlı nömrələr və kotteclər, lüks mənzillər, lüks kotteclər (4 nəfərlik) və delüks villalar (6 nəfərlik) mövcuddur.
- "River Inn Resort”də qalmağın xərci nə qədərdir?
- Yetkin adamın hoteldə bir gün qalmaq xərci səhər yeməyi daxil, 150 manatdır, hansı nömrədə qalmağın qiymətə təsiri yoxdur. Əlbəttə ki, tək adamın 6 nəfərlik villada qalması məqsədə uyğun deyil, ancaq əgər bizim yerimiz olmasa, biz onu orada yerləşdirə bilərik. Villa 6 nəfər üçün nəzərdə tutulub və orada qalmağın bir günlük xərci 800 manatdır. Villada böyük bir ailə yerləşə bilər. Naharın qiyməti 25, şamın qiyməti isə 35 manatdır.
- İlin mövsümlərindən asılı olaraq, hoteldə qiymət fərqləri olurmu?
- Bəli! Mövsümdən mövsümə qiymətlər dəyişir. Məsələn, yayda və qışda qiymətlərdə fərq olacaq. Biz hazırda bu proqram üzərində işləyirik.
- Uşaqlar üçün endirimlər nəzərdə tutulubmu?
- Əlbəttə. Hotelimizdə 7 yaşa qədər uşaqların qalması pulsuzdur, 7-12 yaşlı uşaqlar üçün isə 50 faizlik endirimlərimiz var.
- Daha uyğun paketlər barədə məlumat verə bilərsinizmi?
- Belə paketlərdən biri "Ailə paketi”dir. Bu zaman bir nəfərin hoteldə qalmaq xərci 100 manat nəzərdə tutulub və gündəlik 3 yemək vaxtı nəzərdə tutulub. Qeyd etməliyəm ki, belə paketin minumum müddət bir həftədir, 7 gün, 6 gecə. Əgər siz "Ailə paketi”ndən istifadə etmək qərarına gəlmisinizsə, o zaman iki nəfərin həftəlik xərci 1400 manat olacaq. Ancaq hansı nömrənin seçilməsi ailə üvlərinin sayından asılı olacaq.
Nisbətən münasib paketlərdən biri də "Korporotiv paket”dir, müştəri qrupu ondan yararlana biələr. Ancaq bu paketdən bazar ertəsindən cümə axşamına qədər yararlana bilərlər. Burada bir nəfərin qalmaq xərci 60 manatdır, səhər yeməyi də daxil.
- Hoteldə neçə nömrə var?
- Hotelimizin ərazisində 3 villa, iki mərtəbəli taxta və daş evlər var. Nömrələrin ümumi sayı 37-dir.
- Bəs bilyard və boulinq kimi pullu xidmətlər barədə nə deyə bilərsiniz?
- Bir saat bilyard oynamağın xərci 5 manatdır, bu qiymət həmçinin boulinq oynamağa daxildir. Fitnes klubdan hər müştəri istifadə edə bilər.
- Əyləncə mərkəzi barədə də məlumat verərdiz.
- Hotelimizdə fəaliyyət göstərən əyləncə mərkəzində hər gecə DJ qonaqlar üçün musiqi nömrələri təqdim edir, müştərilərimiz gözəl musiqidən zövq ala və rəqs edə bilərlər. Hələ bu məsələ barəsində işlər davam etdirilir.
- Hotelin əməkdaşlar yerlilərdi?
- Bəli, bizim əməkdaşlarımızın əksəriyyəti Nabrandan və yaxın rayonlardan olan sakinlərdir. «River Inn Resort» hotelinin açılmasıyla turizm sektoruna fayda verməkdən və yeni iş yerlərinin yaranmasından dolayı məmnunuq. Qeyd edim ki, hotelin meneceri bolqardır.
- Maraqlı məlumatlar üçün təşəkkür edirik, Səadət xanım. Biz sizə işlərinizdə uğurlar, «River Inn Resort» hotelinə turizm sektorunda layiqli yer tutmağı arzu edirik.
- Təşəkkürlər!
Bununla da hotelə etdiyimiz səyahət sona çatır.
Hotel barədə daha ətraflı məlumat almaq üçün aşağıdakı mənbələrdən istifadə edə bilərsiniz:
"Silk Way Travel” şirkətinin ünvanı: 126 A, Nizami str, AZ1010 /Baku, Azerbaijan
Faks: +994 (12) 437-40-87
Telefon: +994 (12) 437-40-85; ex. 4293; 7285; 6227
Elektron poçt: [email protected]
Sayt: www.swtravel.az
Facebook: www.facebook.com/RiverInnNabran/timeline
ANN.Az xəbər portal jurnalistləri diqqətdə saxlayıb Nabrana press-tur təşkil etdikləri üçün "Silk Way Travel” şirkətinə minnətdarlığını bildirir.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !