Nazim Bəydəmirli ev dustaqlığına buraxılmayıb

15:57 | 18.07.2023
Nazim Bəydəmirli ev dustaqlığına buraxılmayıb

Nazim Bəydəmirli ev dustaqlığına buraxılmayıb

Bakı şəhəri Nərimanov rayon məhkəməsi 2023-cü il iyulun 18-də Milli Məclisin sabiq deputatı Nazim Bəydəmirli barəsində ev dustaqlığı ilə bağlı vəsatətini təmin etməyib. Bu barədə anews.az-a onun vəkili Aqil Layıc məlumat verib.
 
Bəydəmirli haqqında iyulun 5-də Nərimanov məhkəməsi 4 aylıq həbs qərarı çıxarıb. 
 
İyulun 10-da həbsdə olan Nazim Bəydəmirliyinin barəsində həbs qətimkan tədbirindən apellyasiya şikayətinə baxılıb. Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib və Bəydəmirlinin barəsində birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.

Keçmiş deputat Cinayət Məcəlləsinin 182.2.2-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində  məsuliyyətə cəlb edilib.
 
DİN Mətbuat Xidmətinin yaydığı məlumata görə, polis orqanlarına adının açıqlanmadığı vətəndaş tərəfindən ərizə daxil olub.
 
"Həmin ərizəyə görə, Nazim Bəydəmirli vətəndaşdan 50 min manat pul tələb edib və əks halda onun barəsində rüsvayedici görüntülər yayacağını bildirib.  Şikayətçi cari il iyunun 24-də Nazim Bəydəmirliyə 10 min manat versə də, sonuncu qalan məbləği vermədiyinə görə şikyətçini ailəsi ilə bağlı  rüsvayedici görüntülər yayacağı ilə hədələyib",  -  DİN mətbuat xidmətinin açıqlamasında bildirilib.  
 
Bundan əvvəl Nazim Bəydəmirli bildirib ki, onu Gədəbəy rayonunun Söyüdlü kəndindəki ekoloji etirazlarla bağlı həbs ediblər.
 
Milli Məclisin iyunun 23-də keçirilən iclasında millət vəkili Elman Nəsirov da Gədəbəy rayonunun Söyüdlü kəndində baş verən etirazların təşkilatçılarından birinin  Nazim Bəydəmirli olduğunu bildirib.  
 
İyunun 20-si günorta saatlarında Gədəbəy rayonu Söyüdlü kəndində bir qrup şəxs kənd ərazisində inşa olunan süni gölün tikintisinə etiraz edərək mane olmağa çalışıb. Nəticədə polislərlə sakinlər arasında qarşıdurma yaşanıb. Kənd sakinləri süni yaradılan gölün regionun ekoloji durumuna təhlükə yaratdığını iddia ediblər. Polislə qarşıdurma zamanı bir qism kənd sakini saxlanılıb. Qarşıdurmanın videosundan polisin aksiyada iştirak edən qadınlara şiddət göstərdiyi görünür.  
 
Bu hadisədən sonra baş nazir Əli Əsədovun sərəncamı ilə Gədəbəy rayonunun Söyüdlü kəndində tullantıxana sahəsində monitorinqlərin aparılması və mövcud vəziyyətin qiymətləndirilməsi məqsədilə Komissiya yaradılıb.
 
Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Komissiyanın sədri təyin edilib. Ekologiya və Təbii Sərvətlər nazirliyindən bildirilib ki, kənddə monitorinqlərin keçirilməsi davam edir. 
 
Gülnar Nazimqızı 

 





www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM