Nazim Məmmədov: "Dövlət Gömrük Komitəsi ləğv edilsin"

17:20 | 12.02.2015
Nazim Məmmədov:

Nazim Məmmədov: "Dövlət Gömrük Komitəsi ləğv edilsin"

"Dünyanın heç bir sivil ölkəsində Gömrük Komitəsi adlı ayrıca orqan yoxdur”.
 
Bu sözləri ANN.Az-a açıqlamasında sabiq millət vəkili, iqtisadçı - ekspert Nazim Məmmədov deyib. Ekspert açıqlamasında bildirib: "Azərbaycan Respublikası Nazirlər Kabineti mərkəzi icra hakimiyyəti olaraq 40-a yaxın strukturu özündə birləşdirir. Bizdən əhalisi qat-qat çox olan, iqtisadiyyatı böyük olan ölkələrdə nazirlər kabineti deyəndə, təqribən 15-20 nazirlik arasında struktur nəzərdə tutulur. Dünyanın bir çox ölkələrində nazirliklərin sayı azdır. Məsələn, Polşada 20-yə yaxın nazirlik var, Gürcüstanda təxminən 17, əhalisinin sayına görə bizdən dəfələrlə çox olan Ukraynada təqribən 20-yə yaxın nazirlik fəaliyyət göstərir. Nazirliklərin az olması bütün dünyada, eləcə də Şərqi Avropa ölkələrinin əksəriyyətində belədir. Nazirlər Kabinetinin işinin optimallaşdırılması üçün, yəni bir birinin fəaliyyətini təkrar edən, oxşar funksiyaları daşıyan nazirlikləri, komitələri bir-birlərinə birləşdirməklə, mobil bir struktur əmələ gətirmək olar. Buna görə də keçən həftə ölkə başçısı İlham Əliyev çox düzgün addım ataraq, Dövlət Torpaq və Xəritəçəkmə komitəsini ləğv edərək onun səlahiyyətlərinin çox böyük bir hissəsini Əmlak Məsələləri üzrə Dövlət Komitəsinə, bir hissəsini isə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə verdi".
 
 
Ekspert daha sonra bildirib: "2009-cu ildə mən təklif vermişdim ki, Kənd Təsərrüfatı Nazirliyi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi və Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti birləşdirilsin. Müəyyən strukturları digər komitə və nazirliklərə vermək olar, necə ki, prezidentin sərəncamı ilə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv edildi".
 
 
Komitə və nazirliklərin birləşdirilməsindən söz açan eskpert Dövlət Gömrük Komitəsinin ayrıca bir qurum kimi mövcudluğunun səmərəsiz olduğunu dedi: "Dünyanın heç bir sivil  ölkəsində Gömrük Komitəsi adlı bir ayrıca orqan yoxdur. Bu, yalnız bir struktur, bölmə olaraq Vergilər Nazirliyində, hətta bəzi ölkələrdə Maliyyə Nazirliyi tərkibində fəaliyyət göstərir. Buna görə də hesab edirəm ki, Gömrük Komitəsi Vergilər Nazirliyi ilə birləşdirilsin. Artıq demək olar ki, Gömrük xidmətinin bir çox işlərini ASAN xidmət həyata keçirir. Digər birləşdirilmə isə Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti və Kənd Təsərrüfatı Nazirliyi arasında həyta keçirilməlidir. Prinsipcə, əslində Dövlət Sosial Müdafiə fondu adlı bir dövlət qurumu əksər dövlətlərdə yoxdu. Sadəcə olaraq özəl pensiya fondları mövcuddur. Özü  özünü  maliyyələşdirməli  olan  Dövlət  Sosial  Müdafiə  Fondu   hər il  dövlət  büdcəsindən dotasiya almaqla fəaliyyət  göstərir.  Bu fondun hər rayonda da bir bölməsi olduğunu nəzərə alanda deyə bilərik ki, dövlət büdcəsinə xeyli zərər vurur və bu səbəbə görə də həmin fondun yığım hissəsinin vergilər nazirliyinə vermək olar. Pensiya təminatı ilə bağlı sənədləşdirmə və digər məsələləri də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə vermək daha məqsədə uyğun olar. Məsələn, qonşu Gürcüstanda Səhiyyə Əmək və Sosial Müdafiə Nazirliyi bir nazirlikdir, yəni bir yerdə cəmləşib. Bizdə isə bu üç nazirliyi əhatə edir. Fikir versək görərik ki, biz nə qədər israfçılığa yol veririk. Bu üç nazirlik və ayrılıkda bu nazirlikliklərin işçilərini maaşla təmin etmək büdcə üçün çox zərərlidir.
 
 
Nazim Məmmədov bundan sonra bildirdi ki, TQDK-nın  vəzifə və səlahiyyətlərinə  yenidən  baxmağın  zamanıdır, bu  komissiyanın  həmçinin  Elmlər  Akademiyasının   Təhsil Nazirliyinə birləşdirilərək  Elm  və  Təhsil  nazirliyi  kimi  dövlət  siyasətini  həyata  keçirən  bir  qurum  yaratmağın  zamanıdır. Daha sonra Azərenerjinin  paylacı  şəbəkə, elektrik  enerji  satış  funksiyalarını   Bakıelektrikşəbəkənin  əsasında  yaradılmış  "Azərişıq”  ASC-yə  verilməsi  illər boyu bu qurumlar arasında olan nüfuz  savaşına  da son qoydu. Mən ümid edirəm ki, ölkə başçısı bundan sonar  da bəzi qurumların birləşdirilməsi məsələsinə baxacaq.
 
 
Qurumların, komitələrin biriləşdirilməsinin iqtisadi təsirlərindən söz açan Nazim Məmmədov bildirdi ki, bu islahatların aparılması həm büdcə  xərclərinin  azalmasına, həm də işlərin daha effektli görülməsinə təsir edəcək. Çünki istənilən dövlət gəlirləri azalan zaman  qənaət  rejiminə keçir və bu bütün dünyada belədir. Bizdə dünyanın bir hissəsiyik. Bu addımları atılmasını büdcə vəsaitinin səmərəli xərclənməsi kimi də qiymətləndirmək olar. Bu təbii prosesdi və bizim ölkə də bu üsuldan istifadə etdi.
 
 
İqtisadçı eskpertin fikirlərinə görə, ölkədə bir çox nazirlik özlərinin tabeçiliyində  universitet yaradır və təbii ki bu da boş-boşuna deyil, büdcə hesabına yaranır. Belə universitetlərin yaradılmasına ehtiyac yoxdur, onsuz da həmin ixtisaslar digər ali məktəblərdə tədris olunur. Bu da dövlət vəsaitinin səmərəsiz xərclənməsidir, ona  görə  də  vahid  təhsil  siyasətini  həyata  keçirmək  çətinləşir.
 
 
Ləğv olunma ehtimalı olan komitə və dövlət qurumlarından danışan ekspert bildirdi ki, Gömrük Komitəsinin ləğv olunması, eyni zamanda Dövlət Sosial Müdafiə Fondunun ləğv edilməsi, Səhiyyə və Təhsil Nazirliklərində struktur dəyişikliklərinin edilməsi və digər Açıq Səhmdar Cəmiyyətlər, Dövlət  Şirkətləri  var  ki, onların  ləğv olunması  və  ya  əsaslı  struktur  dəyişdirilməsi  daha məntiqli, daha məqsədəuyğundur.
 
 
 
Orxan Aslanlı
 
 
ANN.Az



0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM