Nazirlik 14,3 min nəfəri sosial xidmət sistemi ilə əhatə edib

13:20 | 20.07.2017
Nazirlik 14,3 min nəfəri sosial xidmət sistemi ilə əhatə edib

Nazirlik 14,3 min nəfəri sosial xidmət sistemi ilə əhatə edib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən hazırda 14,3 min nəfər şəxs səyyar və stasionar şəraitdə sosial xidmətlərlə təmin olunur.

Bu barədə Oxu.Az-a Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Onlardan 1 089 nəfəri Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun sosial xidmət müəssisələrində daimi dövlət təminatında yaşayanlardır. Heydər Əliyev Fondunun "Uşaq evləri və internat məktəblərinin inkişafı” proqramı çərçivəsində sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisələrində nümunəvi yaşayış və reabilitasiya şəraiti yaradılıb.

Sosial xidmətlərlə təmin olunanlardan 11 209 nəfər tənha ahıl və əlilliyi olan şəxsə isə Dövlət Sosial Müdafiə Fondunun yerli orqanlarının sosial işçiləri tərəfindən səyyar formada olmaqla, evlərində sosial-məişət xidməti göstərilir. Sosial işçilər həftədə ən azı iki dəfə tənha ahıl və əlil şəxslərin evlərində olaraq onlara təmizlik işlərinin aparılmasında, yemək hazırlanmasında, zəruri ərzaq, sənaye və məişət əşyalarının alınması və s. işlərdə xidmət göstərirlər.

Məlumat üçün bildirək ki, Nazirliyin sosial sifarişləri əsasında icra olunan layihələr çərçivəsində sağlamlıq imkanları məhdud və ya sosial təhlükəli vəziyyətdə olan uşaqlardan ibarət 2 min nəfərdən çox uşaq reabilitasiya yönümlü sosial xidmətlərlə təmin olunur. Nazirlik tərəfindən müəyyən edilən prioritet istiqamətlərdə həyata keçirilən bu layihələr  əsasında uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınması, çətin həyat şəraitində olan uşaqların və ailələrin sosial xidmətlərə çıxışının təmin edilməsi məqsədi ilə müvafiq işlər aparılır.


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM