Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Suma Çakrabartinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
"Report”un xəbərinə görə, dövlət başçısı Azərbaycan Hökuməti ilə Avropa Yenidənqurma və İnkişaf Bankı arasında əməkdaşlığın uğurla inkişaf etdiyini vurğulayıb. İqtisadi sahədə əldə olunan nailiyyətlərə toxunan Prezident İlham Əliyev bildirib ki, neftin qiymətinin aşağı düşməsinə baxmayaraq, ölkədə iqtisadiyyatın şaxələndirilməsi istiqamətində görülən işlər nəticəsində bu, Azərbaycan iqtisadiyyatına ciddi təsir etməyib. Dövlət başçısı Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Suma Çakrabartinin başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana səfərinin əməkdaşlığın perspektivləri ilə bağlı məsələlərin müzakirəsi üçün yaxşı fürsət yaratdığını deyib.
Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Suma Çakrabarti Azərbaycanın etibarlı tərəfdaş olduğunu və rəhbərlik etdiyi qurumun ölkəmizlə əməkdaşlığa böyük əhəmiyyət verdiyini deyib. Suma Çakrabarti Azərbaycanda həyata keçirilən layihələrdən məmnun olduğunu bildirib. O, ölkədə iqtisadiyyatının şaxələndirilməsi, qeyri-neft sektorunun inkişaf etdirilməsi istiqamətində görülən işlərin önəmini qeyd edib.
Görüşdə Azərbaycanla Avropa Yenidənqurma və İnkişaf Bankı arasında əməkdaşlığın enerji infrastrukturunun yaradılması, informasiya-kommunikasiya texnologiyaları, nəqliyyat, kənd təsərrüfatı və digər sahələrdə perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !