“Neftin qiymətinin aşağı düşməsinin təsirini gələn il daha çox hiss edəcəyik” - AÇIQLAMA

15:57 | 16.09.2015
“Neftin qiymətinin aşağı düşməsinin təsirini gələn il daha çox hiss edəcəyik” - AÇIQLAMA

“Neftin qiymətinin aşağı düşməsinin təsirini gələn il daha çox hiss edəcəyik” - AÇIQLAMA

"2016-ci il üçün müəyyən edilmiş büdcə rəqəmləri o qədər də real görünmür” – bu sözləri ANN.Az-a açıqlamasında iqtisadçı ekspert Azər Mehdiyev deyib.

Onun sözlərinə görə, büdcənin formalaşması bilavasitə iqtisadiyyatın mövcud durumundan qaynaqlanır: "Artıq 2007-ci ildən bu vaxta qədər keçən dövr ərzində büdcə gəlirlərinin formalaşmasında neft sektoru hegemon rola malik olub. Bir tərəfdən neft sektorundan köçürmələr ciddi bir paya malikdir. Hətta son illər dövlət büdcəsinin yarısından çoxu, neft fondundan köçürmələr hesabına formalaşırdı. Bundan başqa vergi daxilolmaları yolu ilə formalaşıb. Yəni şirkətlərin ödədiyi vergilər və digər vəsaitlər hesabına dövlət büdcəsində neft sektorunun payı 70 faiz civarına qalxıb. Artıq bu ildən dünya bazarında neftin qiymətinin aşağı düşməsinin təsirləri özünü göstərir. Bu 2016-cı ilin büdcəsində də özünü  göstərəcək. 2016-ci ilin büdcə xərclərinin gəlirlərinə və xərclərinə baxanda görünür ki, bir tərəfdən gələn il büdcə formalaşmasına neft fonduna transferləri həcmi kəskin şəkildə azalıb”. 

Ekspert qeyd edib ki, son illər ilk dəfə büdcə gəlirlərinin formalaşmasında neft fondunun payı ciddi şəkildə azalıb: "Yəni əvvəlki illərdə 55-60 faizə çıxırdısa, neft fondunun gələn il büdcə gəlirlərində payı proqnozlara görə 40 – 41,2 faizə düşəcək. Bu da ciddi bir dəyişiklikdir. Eyni zamanda yalnız neft fondu vasitəsilə deyil, dünya bazarın da neftin qiymətinin aşağı düşməsi, xarici şirkətlərin ölkəyə ödəyəcək mənfəət vergisinin azalmasına gətirib çıxaracaq. Bu da eyni zamanda Dövlət Neft Şirkətinin köçürmələrinə də öz təsirini göstərir”.  

A.Mehdiyev 2016-ci ilin büdcə gəlirlərində üstünlük daha çox qeyri-neft sektoruna verildiyini deyib: "Təbii ki, vergilər yolu ilə toplanması nəzərdə tutulur. Ancaq indiyədək Azərbaycanda vergi yolu ilə formalaşan gəlirlər bütün hallarda neft sektorunun dolayısı  ilə təsirini göstərib. Bir tərəfdən neft şirkətinin ödədiyi mənfəətli vergilər, digər tərəfdən isə neft gəlirlərinin əldə olunması ilə büdcəyə daxilolmalar və bu daxilolmaların, məsələn investisiya xəcrlərinin və digər vəsaitlə büdcə vasitəsilə yayılması, eyni zamanda  əlavə olaraq gəlir mənbəyi və büdcəyə əlavə gəlir mənbələrini formalaşdırır. Buna görə də 2016-ci il üçün müəyyən edilmiş büdcə rəqəmləri o qədər də real görünmür. Çünki azalma səviyyəsi daha çox ola bilər. Əgər hökümət bu qədər vəsait toplamaq istəyirsə, ya vergi dərəcələrində dəyişiklik etməlidi (həm sadələşdirilmiş, həm ƏDV-nə həm də digər vergilərə aid ola bilər), çünki əks təqirdə, onlarda da azalma müşahidə oluna bilər. Büdcənin ən ciddi məsələsi büdcənin təmin olunması məsələsidir. Çünki xərclərin səviyyəsi bilavasitə gəlirlərdən asılıdır”. 

İqtisadçı 2016-cı ildə yaşana biləcək iqtisadi böhran təhlükəsindən söz açıb və bunun birbaşa neft gəlirləri ilə bağlı olduğunu bildirib: "Məsələn, manatın devalvasiyası ölkəmizdə neftin qiymətinin aşağı düşməsinə görə baş verdi.  Azərbaycanda bu il böhran prosesinin kökündə dayanan məhz dünya bazarında neftin qiymətinin aşağı düşməsidir (ölkənin neft gəlirlərinin azalması). Keçən ilin ortalarından başlayan bu proses bir daha sübut etdi ki, Azərbaycanda bütün iqtisadi yüksəliş əsasən neft sektorundan, onun gəlirlərindən qaynaqlanır. Neft gəlirlərinin azalması həm manata, həm ölkədə əhalinin gəlirlərinin azalmasına, həm də iqtisadi göstəricilərə öz təsirini göstərir. Hazırda neftin qiyməti 50 dollar civarındadır. Növbəti ildə iqtisadiyyatın durumu neft gəlirlərindən bu vəziyyətindən asılı olacaq. Təbii ki, arzu olunan vəziyyət neftin qiymətinin bundan aşağı düşməməsidir. Çünki neftin qiymətinin ucuzlaşması böhran təhlükəsini daha da dərinləşdirə bilər. Ancaq biz hələ neftin qiymətinin aşağı düşməsi təsirlərini hiss etməmişik”. 

Azər Mehdiyev xatırladıb ki, 2008-ci ildə neftin qiyməti kəskin ucuzlaşdı və bu özünü 2009-cu il Azərabycan iqtisadiyyatında göstərdi: "İndi də məhz bu proses davam edəcək. Yəni Azərbaycan dünya bazarında neftin qiymətinin aşağı düşməsinin təsirlərini gələcək illərdə daha çox hiss edəcəyik”.   

Qeyd edək ki, sentyabrın 14-də Maliyyə Nazirliyi 2016-cı ilin dövlət büdcəsinin göstəricilərini açıqlayıb. Nazirlik 2016-ci ilin dövlət və icmal büdcələri üzrə layihələrin təqdimatın da göstərib ki, növbəti il üçün dövlət büdcəsinin gəlirləri 14 milyard 566 milyon manat, xərcləri 16 milyard 264 milyon manat təşkil edəcək. Xarici valyutada ifadə olunan büdcə daxilolmalarının və xərclərinin hesablanmaları üçün manatın ABŞ dollarına məzənnəsi isə 1,05 manat qəbul edilib. Bundan başqa büdcədə neftin baza qiyməti 50 dollar götürülüb.

Orxan Aslanlı

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM