Nəqliyyat Nazirliyi ilə bağlı son dəyişiklik nəyə xidmət edir? - AÇIQLAMALAR

16:10 | 28.09.2015
Nəqliyyat Nazirliyi ilə bağlı son dəyişiklik nəyə xidmət edir? - AÇIQLAMALAR

Nəqliyyat Nazirliyi ilə bağlı son dəyişiklik nəyə xidmət edir? - AÇIQLAMALAR

"Nəqliyyat Nazirliyinin cəmiyyətdəki mövqeyinə, nüfuza təsir edən əsas amil məqliyyat müfəttişlərinin sürücülərlə etrdikləri kobud hərəkətlər oldu"  -  bunu ANN.Az-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib.
   
Prezidentin sərəncamı ilə "Dəmir Yolları" QSC-nin Nəqliyyat Nazirliyinin tərkibindən çıxarılması bu qurumun strukturunu daha da zəiflətdi. Çünki bu cür dəyişikliklər, yəni Nəqliyyat Nazirliyinin tabeliyindən hansısa iri idarənin çıxarılması birinci dəfə deyil. Dəniz nəqliyyatı, Xəzər dəniz gəmiçiyili bu quruma daxil idisə, müxtəlif illərdə bu qurumlar nazirlikdən alınıb. 

Nəqliyyat Nazirliyinin tərkibindən bu qurumların çıxarılmasının əsas səbəbi nədir? Strukturlarının əlindən alınması, funksiyasının azaldılması Nəqliyyat Nazirliyinin yaxın gələcəkdə birdəfəlik bağlanması ilə nəticələnə bilərmi? Ümumiyyətlə, bu qurumun cəmiyyət qarşısında nüfuzunun azalmasının əsas səbəbləri nədən ibarətdir?

Nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov və iqtisadçı ekspert Natiq Cəfərli bu mövzu ilə bağlı fikirlərini ANN.Az bildiriblər. 
 
 

Ekspert Ərşad Hüseynov dünyanın bütün ölkələrində - istər iqtisadiyyatı inkişaf edən, istər inkişaf etməkdə olan, hətta zəif iqtisadiyyatı olan ölkələrdə belə Nəqliyyat Nazirliyi sisteminin mövcud olduğunu deyib: "Çünki Nəqliyyat Nazirliyinin ümumi  ölkə təsərrüfatında payı çoxdur. Ümumiyyətlə, Nəqliyyat məsələsində yüksək səviyyəli dövlət idarə etməsi, tənzimlənməsi lazımdır. Bu tənzimləməni də Nəqliyyat Nazirliyi həyata keçirməlidir”.
 
Hüquqşünas hesab edib ki, ayrı-ayrı vaxtlarda Nəqliyyat Nazirliyində baş verən struktur dəyişilikliyi sırf onların fəaliyyətinin səmərəliliyini artırmaq üçündür: "Bütövlükdə Nəqliyyat Nazirliyinin ləğv edilməsindən söhbət gedə bilməz. Hətta əksinə olaraq deyə bilərəm ki, "Dəmir  Yolları" QSC-nin, Hava nəqliyyatının, Dəniz nəqliyyatının Nəqliyyat Nazirliyindən ayrılması düzgün deyil. Bu qurumların hamısı Nəqliyyat Nazirliyinin tabeliyində olmalı idi. Sadəcə olaraq Nəqliyyat Nazirliyinin çevikliyini, sürətli olmasını təmin etmək üçün digər vasitələrdən də istifadə edilməlidir”.
 
 

Digər ekspert Natiq Cəfərli Nəqliyyat Nazirliyinin təsərrüfat işləri ilə məşğul olmadığı qənaətindədir: "Yəni hər hansı bir dövlət qurumu özünə tabe olan QSC, müfəttişlik yaratmaqla şəxsi biznes yeri açmamalıdırlar. Əslində bu bütün nazirliklərə aiddir. Bəzi nazirliklərdə hər hansı problemlər yaranan kimi həmin qurumlar cəza olaraq dövlət qurumundan alınır və təəssüf ki, bu halların baş verməsi ilk dəfə deyil. Bu gün isə gündəmdə olan məsələ Nəqliyyat Nazirliyinin nazirlik olaraq funskiyalarının azaldılmasıdır. Ancaq ən çox düşünülən sual budur ki, hər hansı bir qurum nazirlik tərkibindən ayrılırsa, niyə özəl olaraq fəaliyyət göstərmir, ancaq dövlət qurumlarına verilir? Və yaxud yeni qurumlar yaradılaraq onlara verilir? Bu isə effektiv atılmış addım deyil”.

Ekspert daha sonra əlavə edib ki, ümumiyyətlə Nəqliyyat Nazirliyi tərkibində yaradılmış Nəqliyyat Müfəttişliyi və onun işçiləri cəmiyyətdə nazirliyə və onun əməkdaşlarına olan nifrəti daha da artırdı: "Çünki nəqliyyat müfəttişlərinin avtobus, taksi sürücülərinə qarşı etdikləri vəhşiliklər insanların psixologiyasında həmin quruma qarşı mənfi fikri formalaşmasına səbəb oldu. Daha dəqiq desək, bu artıq insanların beynində bu quruma qarşı yığılmış əsəblərin son damcısı oldu. Nəqliyyat müfəttişlərinin etdikləri hərəkətlər mətbuatda da yetirincə işıqlandırılıb. Əhali, eləcə də qurum rəhbərləri bu barədə hadisələrdən xəbərdardırlar. Bir sözlə, bütün bu səbəblər nazirlikdə struktur dəyişikliklərinin edilməsinə gətirib çıxardı”.
 
Qeyd edək ki, sentyabrın 18-də prezident İlham Əliyev "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 20 iyul tarixli 383 nömrəli Sərəncamında dəyişikliklər edilməsi və Səhmdar Cəmiyyətinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə sərəncam imzalayıb. Bununla da Azərbaycan Dəmir Yollar QSC-i Nəqliyyat Nazirliyinin tabeliyindən çıxmış olub.

Orxan Aslanlı

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM