• $
  • £

Nizamnamə kapitalı 1 manat olan şirkət tenderdə qalib ola bilərmi? - ARAŞDIRMA

Nizamnamə kapitalı 1 manat olan şirkət tenderdə qalib ola bilərmi? - ARAŞDIRMA
12.01.2024 11:45
Dövlət İmtahan Mərkəzi tərəfindən İmtahanların təşkili üçün istifadə olunan materialların alınması istiqamətində keçirilən tenderin qalibi "LEADS GROUP SUPPLY" MMC-nin nizamnamə kapitalı 1 manatdır.
 
Nizamnamə kapitalı 1 manat olan şirkət tenderdə qalib ola bilərmi?
 
Deputat Vahid Əhmədov hesab edir ki, şirkətin nizamnamə kapitalının 1 manat olması gülməli haldır.
 
"Nizamnamə kapitalı şirkətin dövriyyəsini, avadanlığını və s. müəyyən etmir. Nizamnamə kapitalı şirkət yaradan zaman müəyyən məbləğin qoyulub yaradılması üçündür. Ola bilər ki, o şirkətin dövriyyəsi 10 milyon olsun, amma şirkətin nizamnamə kapitalının 1 manat olması gülməlidir”, - o bildirib. 
 
Deputatın sözlərinə görə, tenderlərin aparılmasında çox ciddi problemlər var.
 
"Bəzən elə şirkətlər qalib gəlir ki, baxırsan avadanlığı, mexanizmi və s. yoxdur, elə şirkət də var ki, kifayət qədər imkanı, gücü var tenderin qalibi ola bilmir. Tender düzgün aparılmayanda, müəyyən problemlər olanda belə hallar yaranır. Məncə, müəyyən məhdudiyyətlər qoyulmalıdır. Tenderdən əlavə satınalmalarda da çox ciddi problemlər var idi. Biz qanunda dəyişiklik etmişik. Tenderlərdəki müəyyən məsələlərə də baxılacaq. Bunları da həll etməyə  ehtiyac var.  Çünki tenderin normal keçirilməsi tikintiyə, məhsulun keyfiyyətinə və s. təsir edən əsas amillərdən biridir. Tenderin keçirilməsi şəffaf olmalıdır”, - Əhmədov bildirib.
 
Bank eksperti, hüquqşünas Əkrəm Həsənovun sözlərinə görə, nizamnamə kapitalına 1 qəpik qoyaraq şirkət açmaq olar, lakin tenderin qalibi olacaq şirkətin xərclədiyi vəsaitin yarısı özünə məxsus olmalıdır.
 
"Nizamnamə kapitalı hüquqi şəxsin təsis etdiyi şirkətə, Məhdud Məsuliyyətli Cəmiyyətə (MMC) qoyduğu ilkin pul vəsaitidir. Azərbaycan qanunvericiliyinə görə, nizamnamə kapitalı üçün minimal məbləğ müəyyən edilməyib. Bu o deməkdir ki, 1 qəpiklə də şirkət yaratmaq olar. İstənilən şəxs, o cümlədən kommersiya hüquqi şəxsləri həm öz pulu ilə, həm də borc aldığı pul ilə xidmət göstərir. Buna görə də, o deyə bilər ki, mənim kapitalım 1 qəpikdir və mən borc alacam, lazımi işləri görəcəm və bununla da fəaliyyət göstərəcəm. Bu barədə heç bir məhdudiyyət yoxdur. Qanunvericilikdə buna məhdudiyyətlər qoyulmalıdır. Yəni tender qalibinin görəcəyi iş üçün xərclədiyi vəsaitin ən azı yarısı özünə məxsus olmalıdır”, - o vurğulayıb.  
 
Hüquqşünasın fikrincə, dövlət satınalmalarında da boşluqlar çoxdur.
 
"Bu il yanvarın 1-dən Dövlət Satınalmaları haqqında qanun yeni versiyada qüvvəyə mindi. Bu qanun əvvəlki qanuna nisbətdə daha təkmildi, amma yenə də problemlər olduğu kimi qalır. Birincisi həm əvvəlki, həm də yeni qanuna görə boşluqlardan biri  ilin əvvəlində elektron satınalma portalında bütün dövlət qurumunun illik planları, nə alacaqları dərc olunmalıdır. Bu dərc edilməlidir. Hər il Milli Məclisə dövlət büdcəsi təqdim olunanda dövlət qurumları planı hazırlamağa başlamalıdır. Hər il ilin əvvəlinə təsdiq edib portala qoymalıdır. Bu şəffaflıqdır. Potensial təchizatçılar da hansı dövlət qurumunun nə almasını görməlidir. Onlar bunu etmirlər. Son anda elan yerləşdiriləndə çoxunun bundan məlumatı olmur. Bunu şirkətlərini qalib etmək üçün edirlər. İkincisi,  təchizatçıların maliyyə göstəriciləri ilə bağlı ciddi tələblər yoxdur. Düzdür elə fəaliyyət növləri onların öz vəsaiti lazım deyil. Biri var ki, xidmət sahəsidir burada onların əsas kapitalı pul deyil, işləridir. Elə sahələr var ki, orada pul olmalıdır. Məsələn, tikinti şirkətidir, 10 manatlıq kapitalı var. Bu gülüncdür. Qanun bunu ayırmır, fərqləndirmir. Tenderi keçirən dövlət qurumlarının rəhbər vəzifəli şəxslərinin qohumlarına məxsus olan şirkətlər qalib olur. Qanunda bir tək məhdudiyyət onun tender komissiyasının üzvü olmamasıdır. Məsələn, dövlət qurumunun rəhbəri tender keçirir və orda həmin rəhbərin oğluna mənsub olan şirkət qalib olur. Qanun deyir ki, bunun üçün gərək rəhbər şəxs tender kommisiyasının üzvü olmasın, qaliblə müqaviləni də imzalamasın. Rəhbər bunu başqa şəxslərə həvalə edə bilər. Bu əslində riyakarlıqdır. Belə şeylər çoxdur və bundan da suistifadə edirlər”, - Həsənov əlavə edib.
 
Bundan əvvəl "LEADS GROUP SUPPLY" MMC keçirilən tenderlərin 18-də qalib olub.
 
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 90-maddəsinə görə, məhdud məsuliyyətli cəmiyyətin nizamnamə kapitalı onun kreditorlarının mənafelərinə təminat verən əmlakının minimum miqdarını müəyyənləşdirir. Cəmiyyətin nizamnamə kapitalının miqdarı onun kreditorlarının mənafelərinə təminat verən məbləğdən az ola bilməz. Maliyyə bazarlarında nəzarət edilən subyektlərə münasibətdə nizamnamə kapitalının minimum miqdarı, onun formalaşdırılması qaydası sahəvi qanunların tələbləri nəzərə alınmaqla müəyyən edilir.
 
Əgər ikinci və ya hər bir növbəti maliyyə ili başa çatarkən məhdud məsuliyyətli cəmiyyətin xalis aktivlərinin dəyəri nizamnamə kapitalından az olarsa, cəmiyyət öz nizamnamə kapitalının azaldığını elan etməyə və müəyyənləşdirilmiş qaydada qeydə aldırmağa borcludur. Əgər cəmiyyətin göstərilən aktivlərinin dəyəri nizamnamə kapitalının minimum miqdarından az olarsa, cəmiyyət ləğv edilməlidir.
 
İstiqamət: 6.3.12. azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi;
Qeyd: Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi çərçivəsində hazırlanıb. 
 

 
Aygün Mirakif

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
DYP sürücülərə müraciət edib
Cəmiyyət 09:46
DYP sürücülərə müraciət edib
Tərtərdə kişi su kanalında boğulub
Cəmiyyət 08:49
Tərtərdə kişi su kanalında boğulub
Müctəba Xameneinin müraciəti yayılıb
Cəmiyyət 23:00
Müctəba Xameneinin müraciəti yayılıb
"Əhmədli" stansiyasında sərnişin qatar yoluna düşüb
Cəmiyyət 19:23
"Əhmədli" stansiyasında sərnişin qatar yoluna düşüb
Bakı və İmişlidə yaşıllıqlara 49 min manatdan çox ziyan vurulub
Cəmiyyət 18:06
Bakı və İmişlidə yaşıllıqlara 49 min manatdan çox ziyan vurulub
DTX-nin "Bilgəh" İstirahət mərkəzində Vətən müharibəsi iştirakçıları ilə görüş təşkil edilib
Cəmiyyət 17:31
DTX-nin "Bilgəh" İstirahət mərkəzində Vətən müharibəsi iştirakçıları ilə görüş təşkil edilib
Bakıda bu küçədə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Cəmiyyət 16:43
Bakıda bu küçədə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Rusiyadan Ermənistana Azərbaycandan tranzitlə daha 700 ton taxıl göndəriləcək
Cəmiyyət 16:16
Rusiyadan Ermənistana Azərbaycandan tranzitlə daha 700 ton taxıl göndəriləcək
Kəlbəcərə dolu yağıb
Cəmiyyət 15:52
Kəlbəcərə dolu yağıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol