"Azərbaycan prezidenti İlham Əliyev mənimlə görüşdə korrupsiya ilə mübarizəyə çox sadiq olduğunu qeyd etdi. Biz nəinki burda, Avropada, Balkan ölkələrində, dünyanın hər yerində korrupsiya ilə mübarizə məsələsinə diqqət yetiririk. Biz bu gün razılığa gəldik ki, daha güclü, demokratik, şəffaf Azərbaycan naminə ölkə bu yolda tutduğu mövqeni inkişaf etdirəcək, biz də bütün vətəndaşların faydalanıb bəhrələnməsi naminə bu sahədə əməkdaşlığı davam etdirəcəyik”.
APA-nın xəbərinə görə, bunu ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Viktoriya Nuland deyib.
O bildirib ki, Azərbaycanda keçirdiyi görüşlərdə demokratiya, insan haqları sahəsində vəziyyət də müzakirə olunub.
V. Nuland qeyd edib ki, hökumətlə vətəndaşlar arasında sıx güclü təmasların olması gələcək baxımından çox vacibdir: "ABŞ Azərbaycanın firavan gələcəyi naminə hökumətlə vətəndaş cəmiyyəti arasında bu təşəbbüs və dialoqları 20 ildən artıqdır ki, dəstəkləyir. Bundan başqa, biz münasibətlərdə narahatlıq yaradan məsələlərə də toxunduq. Razılığa gəldik ki, ABŞ-la Azərbaycan arasında vətəndaş cəmiyyəti və hökumət arasında dialoq qurmaqla azad media və demokratiya sahəsində işimizi daha da gücləndirək”.
Xalqlar və vətəndaşlar arasında münasibətlərə gəlincə, V. Nuland vurğulayıb ki, tələbə mübadiləsi istiqamətində də söhbətlər aparılıb. Onun sözlərinə görə, Fullbright, İREX, FOREX proqramları çərçivəsində gənclərin ABŞ-da, gənc amerikalıların isə bura gələrək mədəniyyət və digər sahələr barədə məlumatlandırılması istiqamətində danışıqlar olub: "Əlaqələrimiz son sütunu da ümumi əlaqələrimizin ümumi bir komponentidir".
V. Nuland qeyd edib ki, strukturlu dialoq olması zamanın tələbidir: "Məhz bu baxımdan mən çox məmnunam ki, vətəndaş cəmiyyəti və demokratiya sahəsində dialoqun qurulmasına razılıq verildi. İnanıram ki, bu dialoq imkan verəcək ki, bəzi məsələlərə aydınlıq gətirilsin, öz həllini tapsın. Bir daha yaradılan imkanı və verilən razılığı yüksək qiymətləndirirəm”.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !