“Nurgün Motors”un prezidenti həbsdən çıxan oğlunu cəzalandırdı

13:35 | 28.11.2017
“Nurgün Motors”un prezidenti həbsdən çıxan oğlunu cəzalandırdı

“Nurgün Motors”un prezidenti həbsdən çıxan oğlunu cəzalandırdı

"Nurgun Motors” şirkətlər qrupunun rəhbəri Nuru Əliyevin oğlu Nurxan Əliyevin həbs müddəti başa çatıb. 

Anews.az musavat.com-a istinadən xəbər verir ki, bir neçə gün əvvəl 15 sutkalıq həbs cəzası sona çatan N.Əliyev hazırda piyada gəzir. Atası N.Əliyevi tənbeh etmək məqsədi ilə onu maşınsız qoyub. 

Xatırladaq ki, Nəsimi rayon Məhkəməsinin qərarına əsasən N.Əliyev polisin əmrinə tabe olmamaqda təqsirli bilinib. Hakim Elman İsayevin sədrlik etdiyi iclasda N.Əliyev 15 gün müddətinə inzibati qaydada azadlıqdan məhrum edilmişdi. N.Əliyev İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (polisin əmrinə tabe olmama) maddəsinə əsasən ittiham edilib. Nəsimi rayonu ərazisində Yol Patrul Xidmətinin (YPX) əməkdaşları ilə avtomobil sahibi arasında insident baş verib. "İnfiniti" markalı avtomobilin sərnişini Nurxan Nuru oğlu Əliyev yol ilə paralel hərəkət edən YPX avtomobilində olan polisləri təhqir etmiş, polisin "Saxla!" əmrinə tabe olmamışdı. Sonradan avtomobili dayandırmışdılar. N.Əliyev maşından enərək kiçik çavuş Sənan Ədilzadənin üz nahiyəsinə yumruq zərbəsi endirmişdi. Ardınca sürücü və sərnişin xidməti maşını idarə edən digər polisi təhqir etmişdi. Varlı biznesmen oğlunu əraziyə çağırılan Polis Post Patrul Xidmətinin əməkdaşları da sakitləşdirə bilməmişdilər.

Araşdırma zamanı məlum olub ki, avtomobil "Nurgün Motors” şirkətlər qrupuna məxsusdur. Sürücü və sərnişinin isə qanunvericilikdə nəzərdə tutulan qaydada avtomobili idarə etmək hüququ yoxdur. Onlar asayiş keşikçilərinə göstərdikləri müqavimətə görə Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis bölməsinə aparılıb. Bundan sonra sərnişin N.Əliyev Respublika Narkoloji Mərkəzinin alkoqol sərxoşluğunu təyinetmə məntəqəsinə dəvət edilib. Məntəqədə həkim yoxlanışı zamanı onun sərxoş olduğu müəyyən edilib. Bu olay ictimiləşəndən sonra N.Əliyevə yüngül cəza təyin olunduğu da üzə çıxmışdı. Bildirilirdi ki, hakim Elman İsayev varlı biznesmen oğluna qarşı hədən ziyadə humanistlik nümayiş etdirib. Cinayət Məcəlləsinin 315-ci – hakimiyyət nümayəndəsinin tələbinə tabe olmama, hakimiyyət nümayəndəsinə zor tətbiq etmə maddəsini İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (polisin əmrinə tabe olmama) maddəsinə çevirməklə ona yüngül cəza təyin edib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti