Məlum olduğu kimi, UFC çempionu Həbib Nurməhəmmədovla sabiq peşəkar boksçu Floyd Meyvezer arasında döyüş baş tuta bilər. Döyüşün 2017-ci ildə Meyvezerlə Konor Makqreqor arasında olduğu kimi, rinqdə keçiriləcəyi gözlənilir.
Oxu.Az bu məsələ ilə bağlı sabiq boksçumuz, 2000-ci il Olimpiadasının bürünc mükafatçısı Vüqar Ələkbərovun fikirlərini öyrənib.
O bildirib ki, Nurməhəmmədovla Makqreqor arasında döyüşdə müsəlman olduğundan, birincinin tərəfini saxlayıb. Lakin V.Ələkbərov planlaşdırılan budəfəki döyüşdə qalibin əvvəldən bəlli olduğunu bildirib:
"Bilirsiniz, Floyd Meyvezerin belə şouya ehtiyacı yoxdur. Kim məndən inciyir-incisin. UFC, MMA ilə boksu bir tutmaq olmaz. Boks olimpiya idman növüdür. UFC isə idmandan çox, şoudur. Siz özünüz gördünüz ki, Makqreqor necə şoumendir. O, Meyvezerlə döyüşdə də uduzacağını bilirdi. Ancaq pul qazanmaq üçün bunu etdi.
Rinqdə boksçu ilə UFC döyüşçüsü vuruşa bilməz. Boksçunun vurduğu zərbə ilə digər idman növlərinin təmsilçilərinin zərbələri arasında yerlə göy qədər fərq var. Həmçinin Meyvezerlə də Həbib arasında yer-göy qədər fərq var. Həbib onu uda bilmək üçün ancaq özlərinin beşguşəli döyüş sahəsinə aparmalıdır”.
O bildirib ki, belə döyüşün baş tutacağına inanmır:
"Meyvezer adını boksun tarixinə yazdırmış insandır. O, hələ indiyədək peşəkar boksda məğlubiyyət nə olduğunu bilməyib. Bernard Hopkins, Məhəmməd Əli, Evander Holifild, Mayk Tayson kimi boksçular arasında onun da adı çəkilir.
Gəlin, bu iki nəfəri tərəzinin bir gözünə qoymayaq. Bu idmançıları təbliğ etmək lazımdır, şou göstərən UFC döyüşçülərini yox. Qoy, valideynlər övladlarını doğru-düzgün idman növlərinə yazdırsınlar.
Meyvezer və adını sadaladığım boksçular döyüşlərdən milyonlar qazanıb. Bəziləri milyarder olub. Meyvezerin belə döyüşdən pul qazanmasına ehtiyacı yoxdur. O, Makqreqorla bir döyüşdən 300 milyon dollar alan adamdır”.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !