`Oğlunun başını kəsən ata` saxta videosunun əsl görüntüləri – VİDEO

18:26 | 23.09.2018
`Oğlunun başını kəsən ata` saxta videosunun əsl görüntüləri – VİDEO

`Oğlunun başını kəsən ata` saxta videosunun əsl görüntüləri – VİDEO

Sosial şəbəkələrdə bir xəbər dolaşır. Xəbərin özü yox, ora əlavə olunan video hər kəsi heyrətə gətirib. Və demək olar ki, bu barədə danışmayan qalmadı. Qeyd olunurdu ki, İraqda Aşura mərasimində ata uşağının başını kəsir. Bu görüntülərə baxıb hər kəs ölkə müsəlmanlarını, xüsusi ilə Aşura mərasiminə gedənləri ən təhqiredici şəkildə söyməyə başladılar. Görünən odur ki, elə əsl məqsəd də bu olub. Amma XXI əsrdə yalan məlumatın ömrü heç 1 gün də çəkmir və aparılan araşdırmalar nəticəsində əsl həqiqət ortaya çıxır.

FaktXəbər olaraq həmin görüntülərin əslini tapmağa çalışdıq və 2 saatlıq bir araşdırma buna kifayət etdi.

İlk öncə onu qeyd edək ki, görüntülər heç də Aşura gününə aid deyil və 2016-cı ilin may ayının 22-də çəkilib. 2016-cı ildə Aşura günü isə oktyabrın 12-nə təsadüf edib. Xəbərdəki ilk saxtakarlıq budur.

Daha sonra bu xəbərin nə zaman və harada yayılmasını araşdırdıqda məlum olur ki, sözügedən görüntülər 18 sentyabr tarixində, yəni Aşuradan 2 gün qabaq yəmənli jurnalist Sami əl-Ğubari tərəfindən paylaşılıb.

Jurnalistin tvitter səhifəsinə baxdıqda isə onun fərari prezident Mənsur Hadinin təbliğatçılarından olduğu görünür. Hansı ki, Yəmən xalqının haqlı tələbindən sonra qırğın törədərək Səduiyyə rejiminə sığınıb. İndi isə yeni Yəməndə hakimiyyətə qayıtmaq üçün hər şeyə hazır olduğunu ortaya qoyub. Bunun üçün də öz xalqının hər gün bombardman edilməsi üçün dəridən-qabıqdan çıxır. Hakimiyyət eşqi ilə 20 milyondan artıq əhalisi olan Yəmənin daha çox blokadada saxlanılması, insanların xəstəlikdən, aclıqdan ölməsi üçün çalışır. Sami əl-Ğubari isə onun təbliğatı ilə, xalqın haqlı tələblərini aşağılamaqla məşğuldur. O qədər saxtakarlıqla məşğuldur ki, 100 minlərlə insanın qatıldığı kütləvi aksiyadan foto paylaşır və fotodakı insanların fotoşopla çoxaldıldığını yazır. Həmin aksiyanın video görüntüləri isə yenə onun saxtakarlığını ortaya qoyur. Eyni ilə "Aşura günü İraqda övladının başını İmam Hüseyn üçün kəsən ata”nın görüntüsü kimi. 6 dəqiqəyə yaxın bir videonu kəsərək, keyfiyyətini aşağı salıb, bununla da iyrənc sifətini ortaya qoyub. Azərbaycanın bəzi KİV-ləri də ona qoşulub. Axı nə çətin işdir bir fotonun, videonun əslini axtarıb tapmaq? Əslində çətin deyil, sadəcə şiə müsəlmanları, onların 14 əsrdir qeyd etdiyi Aşura mərasiminə kölgə salmaq niyyəti var.

Tanınmış İslam alimləri Aşura və digər mərasimlərdə özünə xətər yetirməyi birmənalı şəkildə haram elan ediblər və sözügedən mərasimlərin İslama, Əhli-beytə yaraşar şəkildə keçirilməsini buyurublar. Bədənə əziyyət verilən hər bir işin İslamda bəyənilmədiyini bildiriblər. Alimlərin bu tövsiyyələrinə uyğun şəkildə illərdir Azərbaycanda da zəncirlə, qılıncla özlərinə xəsarət yetirmək yox, Aşura günü qana ehtiyacı olan insanlar üçün məscidlərdə, ibadət ocaqlarında qanvermə aksiyası keçirilir və çox da müsbət qarşılanır. 

Kimlərsə bu fətvalardan kənara çıxırsa, alimlərin tövsiyyələrini dinləmirsə, həmin fərdlərin əməlləri İslamla bir çərçivəyə salınmamalıdır. Bu ona bənzəyir ki, orta məktəbdə Riyaziyyat fənnini pis oxuyan uşağa görə, Riyaziyyat fənnini, Pifaqoru, Dekartı, Evklidi söyəsən. 

Gələk videonun əslinə.

Yuxarıda da qeyd etdiyimiz kimi video 2016-cı ilə aiddir və İraqda çəkilib. Görüntülərdə yer alanlar isə Kərkükdə yaşayan Qadiriyyə təriqətinin dərvişləridir və icra etdikləri ayin də sırf onlara məxsusdur və İslamla da yaxından-uzaqdan əlaqəsi yoxdur. Onlar bu cür çalğı alətləri ilə məclislər keçirir, oxuyur və ayinlər icra edirlər. Bu ayinlər isə kəsici-deşici alətlərlə özlərinə xəsarət yetirməkdən ibarətdir.


Təqdim etdiyimiz videoda da bu aydın şəkildə görünür. Uşağını yerə uzadaraq başını qılıncla kəsmək kimi bir görüntü sərgiləyirlər. Əgər bizim mediada iddia edildiyi kimi həmin uşağın başını ata kəsirsə, ətrafa qan sıçramalı, yerə qan tökülməli, uşaq qışqırmalıdır. Amma videonun təqdim etdiyimiz keyfiyyətli videosunda belə bir görüntü yoxdur. Videonu keyfiyyətsiz şəkildə yayanların əsl məqsədi də məhz bunu gizlətmək olub.

O qədər saxtakardırlar ki, iyrənc niyyətlərini həyata keçirmək üçün videonun keyfiyyətini aşağı saldıqdan sonra oradakı uşağın oğlan deyil, qız olduğunu da unudublar.



www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM