Məlumatda bildirilir ki, sahənin əsas məhsulu olan əmtəəlik neft hasilatı 25,0 milyon ton, əmtəəlik təbii qaz hasilatı isə 29,7 milyard kub metr təşkil edib.
Deputat Vüqar Bayramov qeyd edir ki, neft hasilatının azalmasına baxmayaraq, onun bazar qiyməti hələ də yüksəkdir.
"Qiymətin proqnozlaşdırılandan daha yüksək olması ölkəyə daha çox vəsaitin daxil olmasına imkan yaradır. Ümumiyyətlə bazar qiymətinin hər proqnozlaşdırılandan 10 barrel yüksək olması ölkə üçün təxminən 450 milyon əlavə vəsait, dövlət neft fondu üçün isə 1 milyard dollara yaxın əlavə vəsait deməkdir. Ona görə də neftin bazar qiyməti birbaşa ölkəyə daxil olan valyutanın həcmini müəyyənləşdirir. Bütün hallarda neft bazarında da volatillik var. Xüsusən də qeyri-neft sektoru üzrə valyuta gəlirlərinin artırılması çox vacibdir”, - o əlavə edib.
Deputat bildirir ki, Azərbaycanda müqayisəli üstünlüyə malik sektorlar var.
"Aqrar sektor və emaledici ərzaq sektoru hər zaman müqayisəli üstünlüyə malikdir. Azərbaycanın təxminən ildə 3 milyard dollarlıq qeyri-neft ixracatının 40%-i aqrar sektorun payına düşür. Aqrar sektorda xüsusən emaledici səneyenin inkişafına ciddi ehtiyac var. Digər tərəfdən xidmətdə logistika və nəqliyyat müqayisəli üstünlüyə malikdir. Eləcə də Azərbaycanın yüngül sənayedə üstünlüyü kifayət qədər böyükdür və bu sahəyə də daha çox diqqətin ayrılması, xüsusən yeni texnologiyanın cəlb edilməsinə ehtiyac var ki, Azərbaycan istehsal etdiyi yüngül sənaye məhsullarını ixrac etməklə ölkəyə valyuta axınını təmin edə bilsin”, - Bayramov qeyd edib.
Neft Araşdırmalar Mərkəzinin rəhbəri, enerji məsələri üzrə ekspert İlham Şaban bildirir ki, neft hasilatının azalma tempi 2024-cü ildə bir qədər səngisə də, daha sonra azalma davam edəcək.
"Çünki 2024-cü ilin 1-ci yarısında Azəri-Çıraq-Günəşli yatağında yeni hasilat platforması istifadəyə veriləcək. Bu platforma gündəlik 100 min barrel neft hasil etmək gücündə olacaq və azalmanın tempini aşağı salmaq yönündə Azərbaycanda son 10 ildə atılmış ən yüksək addım olacaq. Bundan əvvəl sonuncu platforma 2014-cü ilin yanvar ayında Qərbi-Çıraq platforması işə düşmüşdü. Ümumillikdə azalma ona görə davam edəcək ki, artıq nefti kommersiya baxımından hasil etmək istehsalçılar, yəni şirkətlər üçün qeyri-rentabellik olacaq. Bu o demək deyil ki, Azərbaycanda neft bitəcək. Faktiki olaraq bir şeyin istehsalı, onun istehsalçısı üçün istehsal xərcləri satış qiymətlərindən aşağı olan səviyyəyə qədər davam edəcək. Bu 2045-2060-ci illərdə olacağını indidən demək çətindir. Biz çox böyük sürətlə dəyişən texnoloji bir dövrdə yaşayırıq. 2015, 2017, 2018-ci illərdə biz pronoz verə bilməzdik ki, Azərbaycanda elektrik avtomobilləri dəb halını alacaq. Çünki hökümətin ötən il atdığı addımlar məhz elektrik, hibrid avtomobillərin ölkəyə idxalının kəskin artmasına gətirib çıxardı. Ona görə texnoloji baxımından 2030-cu ildə və ondan sonrakı dövrdə nə olacağını təxmin etmək çətindir”, - o əlavə edib.
Ekspert qeyri-neft sektorundan gələn gəlirləri artırmağın lazım olduğunu bildirib.
"Fakt ondadır ki bizim 2011-ci ildə neftdən gələn gəlirlərimiz pik həddə olub. Yəni 20 milyard dollara yaxın vəsait daxil olub. Ötən il qiymətlər Rusiya-Ukrayna müharibəsi ilə əlaqədar olaraq çox yüksək oldu, nəticədə neft fonduna dövlətin qazancı mənfəəti kimi 11,4 milyard dollar neft-qaz vəsaiti qazandı. Neft isə az bir rəqəm qalaraq 10 milyard dolların altında oldu. Cari il üçün bu ən yaxşı halda 8 milyard dollar olacaq. Sonrakı dövrdə neftin qiyməti bir az da aşağı düşsə, bu 6 milyard dollar olacaq. Bəlkə də hasilatın azalsa da, 2030-cu ildə biz 4-5 milyard dollar qazdan qazana bilərik. Ümumən götürəndə bizdə neft aşağı düşür qaz hasilatı artır. Biz onun ixracının artmasında maraqlıyıq. Hökümətin proqnozları ona gedir. Hökümətin neftdən-qazdan mənfəəti faktiki olaraq dəyişmir. Yəni bu 10 milyard dollar ətrafındadır. Dəyişən odur ki, insanlarımızın sayı, həyat səviyyəsi, tələbatları artır. Məhz bunu neft-qazdan gələn gəlirlər hesabına biz 2010-cu ildə sıçrayış edib müxtəlif layihələrə eninə-boyuna xərcləyə bilirdiksə, 2020-də bunu qızıl ortaqlığa saldıq, səngidi. Lakin 2030-da bu bizə yetərli olmayacaq. Nəticə etibarilə qeyri-neftdən gələn gəlirlərimizi artırmalıyıq. Baxmayaraq ki, 15 ildir biz neft gəlirlərinin böyük hissəsini qeyri-neft sektoruna xərcləyirik, lakin o daim neftdən gələn vəsait hesabına, qeyri-neft sektorunun suvarılması hesabına əmələ gəlir. Bizə elə sahələr lazımdır ki, neftin pulu bura qoyulmadan özü öz gəlirini artırsın. Bu isə insan kapitalından keçir. Bizim yüksək səviyyəli kadrlarımız nə qədə çox olarsa, ölkənin gələcəyi, insanların firəvan yaşayışı ondan asılı olacaq.
Məsələn, 1 il əkib-becərib 200 milyonluq hansısa kənd təsərrüfatı məhsulunu ixrac etməyə nail olursunuz. Onun bir illik qazancı 200 milyon dollardır. Biri də var ki, 2 tanker milyon barreldir, Ceyhandan ixrac edirsən 200 milyon dollar pul gəlir. Məsələdə bundandır ki, bizim qeyri-neft sektorunda gəlir gətirən sahələr həddən artıq azdır. Misal üçün, 1 İphone istehsal edirsən, onu 3000 manata satırsan. Fərqi belə göstərmək istəyirəm. Gərək ki, texnoloji cəhətdən irəli gedək, onun əlavə gətirdiyi dəyər dünya bazarında yüksək olsun”, - o vurğulayıb.
İqtisadçı Eldəniz Əmirov bildirir ki, qaz hasilatının artması nisbətən neft hasilatından gələn gəlirlərin azalmasını kompensasiya edə biləcək.
"Neft hasilatının azalması ölkəyə neft gəlirlərinin azalması ilə nəticələnir. Xoşbəxtlikdən neft hasilatı azalsa da, qaz hasilatında artımlar davam edir. Qarşıdakı zamanda qaz hasilatının kifayət qədər olacağı neftdən gələn gəlirlərin azalmasına nisbətdə konpensasiya edə biləcək. Çünki, qazdan gələn gəlirlər artıq neftdən gəlirlə bərabərləşməyə başlayıb”, - o deyib.
İqtisadçı qeyd edir ki, neft hasilatının azalması təkcə ölkənin valyuta ehtiyyatlarının artım dinamikasına təsir etməklə yanaşı eyni zamanda neft sektoru üzrə vergi daxilolmalarının həcminin azalmasına gətirib çıxarır.
"Hazırda neft sahəsi üzrə vergi daxilolmaların da ciddi həcmdə azalmalar var. Lakin bununla yanaşı qeyri-neft sektoru üzrə artımlar müşahidə edilir. Qeyri-neft sektoru üzrə Ümum Daxil Məhsulda (ÜDM) artım var ki, onun artması nəticədə bu istiqamətdə vergi daxil olmalarının artmasına gətirib çıxarır”, - Eldəniz Əmirov vurğulayıb.
Onun sözlərinə görə, neftin azalmasının qarşısını almaq mümkün olmasa da, yeni texnologiyaların tətbiqi ilə Azərbaycan uzun müddət neft hasilatçısı olaraq qalacaq.
Aygün Mirakif
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !