Orta məktəblərdə illik dərs müddəti artırılacaq

12:03 | 11.12.2013
Orta məktəblərdə illik dərs müddəti artırılacaq

Orta məktəblərdə illik dərs müddəti artırılacaq

 Təhsil Nazirliyi tərəfindən ümumtəhsil məktəblərində həyata keçiriləcək islahatların əsas prioritetləri açıqlanıb.Təhsil Nazirliyindən ANN.Az-a verilən xəbərə görə, nazirlik tərəfindən ümumi təhsil sistemində aktual problemlərin həllinə istiqamətlənmiş islahatyönlü tədbirlər planı hazırlanıb. Həmin tədbirlərin keçirilməsində əsas məqsəd məktəblərdə sağlam və səmərəli təhsil mühitinin yaradılması, təhsilin keyfiyyətinin yüksəldilməsi və məktəbin idarə olunmasının müasir tələblər səviyyəsinə çatdırılmasından ibarətdir.İslahatların çoxməqsədliliyinin onların eyni vaxtda və keyfiyyətlə həyata keçirilməsinə mənfi təsir göstərə biləcəyini nəzərə alaraq, bu tədbirlərin bəziləri ilkin mərhələdə yalnız Bakı şəhərinin məktəblərində keçiriləcək. Bakı şəhərində ölkə üzrə ümumtəhsil məktəblərinin sayca 8 faizi yerləşsə də, şagirdlərin sayı baxımından şagird kontingentinin 28 faizi əhatə olunub. Şagirdlərin sayı, idarəetmə heyətinin və müəllimlərin nisbi peşəkarlığı, həmçinin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin mövcudluğu həmin yeniliklərin tətbiqi üçün Bakı şəhərinin seçilməsini şərtləndirib.Qeyd olunanlara əsasən Təhsil Nazirliyi növbəti tədris ilində bəzi tədbirlərin həyata keçirilməsini nəzərdə tutur. Bunlara məktəb rəhbərlərinin səmərəli fəaliyyətini təmin etmək məqsədi ilə onlar üçün peşə standartları əsasında təlimlərin keçirilməsi, keyfiyyət sertifikatı almış məktəb direktorlarının əmək haqqına əlavələrin edilməsi, hesabatlılıq və məsuliyyətin bölüşdürülməsi prinsiplərinin tətbiq edilməsi yolu ilə məktəblərin idarə edilməsində şəffaflığın və aşkarlığın artırılması, korrupsiyaya qarşı tədbirlərin sistemli və davamlı aparılması, korrupsiya halları ilə mübarizə nəticəsində cəmiyyət və məktəb, cəmiyyət və müəllim arasında sağlam münasibətlərin bərqərar olunması və digər məsələlər daxildir.Bundan əlavə, yeni tədbirlərdə təhsil sahəsində innovativ ideyaların, o cümlədən “Ən yaxşı ümumtəhsil məktəbi” və “Ən yaxşı müəllim” müsabiqələrindən qaynaqlanan müasir yanaşma və layihələrin dəstəklənməsinə şəraitin yaradılması, dərsliklərin və müəllimlər üçün metodik vəsaitlərin təkmilləşdirilməsi ilə bağlı onların müəlliflərinə təlimlərin keçirilməsi, fənn kurikulumlarının mahiyyətinin valideynlərə çatdırılması üçün maarifləndirmə işlərinin gücləndirilməsi, şagirdlərin tədris proqramlarını səmərəli mənimsəməsi məqsədilə ilə illik dərs müddətinin 2 - 3 həftə artırılması (2014-2015-ci tədris ilində bütün ölkə ərazisini əhatə etməklə), yuxarı siniflərdə şagirdlərin həftəlik dərs yükünün azaldılması, onların meyl və maraqlarını nəzərə alaraq, məcburi və seçmə fənləri əhatə edən tədris planlarının tətbiqi, ümumi təhsil müəssisələrinin dövlət standartlarına cavab verən qida məhsulları və iaşə xidməti ilə təmin edilməsinə nail olunması və məktəblilərin sağlamlığının qorunmasına və fiziki tərbiyəsinə diqqətin artırılması yolu ilə onların pis vərdişlərdən çəkindirilməsinə və sağlam böyümələrinə şəraitin yaradılması daxildir.Qeyd edək ki, Təhsil Nazirliyi “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda nəzərdə tutulan əsas hədəflərin həyata keçirilməsi və bu məqsədlə geniş ictimaiyyətin məlumatlandırılması üçün təhsilin bütün pillələri - məktəbəqədər, ümumi, ilk-peşə ixtisas, orta ixtisas, ali təhsil və diplomdan sonrakı təhsillə bağlı hər il növbəti il üçün prioritetləri elan edəcək.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti