Azərbaycan "Şəbəkələşmə Hazırlığı İndeksi”nə görə əvvəlki mövqeyindən 7 pillə irəliləyərək dünyanın 148 ölkəsi arasında 49-cu yerə yüksəlib. Ölkə internetinin müəyyən problemlərinin fonunda bu inkişafın əsas səbəbi nədir? Ölkə vətəndaşları sürətli internetin fasilələrlə işləməsi, regionlarda sürətli internetin olmaması, qiymətlərin hələ də baha qalması kimi çətinliklərlə üzləşdiyi bir vaxtda yüksək göstəriciyə nail olmaq nəyin göstəricisidir? Ümumiyyətlə, Azərbaycanda sürətli internet şəbəkəsi sisteminin qurulması nə vaxt başa çatacaq? Azərbaycanda dövlət qurumları tam halda nə vaxt elektron xidmətə keçəcək? Hələ də bir çox nazirlik, komitə və xidmətlərdə elektron xidmətin olmamasının səbəbi nədədir? Bu sualları cavablandırmaq üçün Azərbaycan İnternet Forumunun (AİF) prezidenti, mütəxəssis Osman Gündüzə müraciət etdik.
Təcrübəli mütəxəssis Osman Gündüz ANN.Az-ın əməkdaşının suallarını cavablandırarkən bildirib ki, Azərbaycanda son dövrlərdə internetin inkişafı üçün xeyli uğurlu addımlar atılıb: "Ölkəmizdə genişzolaqlı internetin inkişafı sahəsində aparılan işlər sayəsində internet istifadəçilərinin sayında artım hiss olundu. Dolayı yolla bu inkişaf özünü digər sahələrdə də göstərdi. Məsələn, elektron təhsil, elektron ticarət buna misal ola bilər. İnformasiya texnologiya kommunikasiyaları və digər sahələr bağlı bir çox layihələr həyata keçirildi. Bu istiqamətdə atılan addımlar bu inkişafın əsas səbəbləri kimi götürülə bilər. Dövlət tərəfindən bu texnologiyaların inkişafına dəstək fonduda bu istiqamətdə müəyyən addımlar atır. Artıq bir neçə qrant layihələri həyata keçirib. Ötən il 30-40 təşkilat qrantla bağlı dəstəklənib. Güzəştli kreditlərlə bağlı artıq neçə-neçə təşkilatlar müraciət edir. Bu sektorda bütün istiqamətdə atılan addımlar dolayı yolla bu indeksin müsbətə doğru dəyişməsində rol oynayıb".
Buna baxmayaraq O.Gündüz hazırda internetlə bağlı ölkədə problemlərin mövcud olduğunu da vurğulayıb: "Xüsusən regionlarda, kəndlərdə bu problemlər özünü daha çox biruzə verir. Onların aradan qaldırılması üçün müxtəlif layihələrin həyata keçirilməsinə ehtiyac var. Məsələn, genişzolaqlı internetin inkişafı lahiyəsi dövlət hesabına maliyyələşdirilməlidir. Amma 2015-ci ilin dövlət büdcəsi təsdiqlənən zaman məlum olub ki, bu layihəni maliyyələşdirmək mümkün olmayacaq. Bu da bizim üçün heç də xoşagələn hadisə deyil. Düşünürəm ki, dövlər qurumları regionlarda genişzolaqlı internetin inkişafı üçün əlavə imkanlar tapmalıdır. Kreditlər tapılmalı, müyyən islahatlar həyata keçirilməli, vəsaitlərə qənaət olunmalı və bu da regionlardakı genişzolaqlı internetin inkişafına yönəldilməlidir".
Ekspertin açıqlamasına görə, hökümətin təsdiq etdiyi bəlli xidmət siyahısı var: "Bu xidmətlərin sayı 450-yə qədərdir. Bu 450 xidmətin 100-ə qədəri elektronlaşmayıb. Əlbəttə, bu müəyyən dövlət qurumlarına məxsus xidmətlərdir. Əgər ölkədə bu islahata çoxdan start verildiyi halda bu kimi dövlət xidmətləri elektronlaşmayıbsa, deməli, bu. düzgün deyil. Bu proseslə bağlı dövlət başçısının imzaladı fərman və sərəncamları mövcuddur, eləcə də Nazirlər Kabinetinin qaydaları təsdiq olunub. Artıq bir neçə müddətdir ki, bu proses gedir. 100-ə qədər xidmət hələ də elektronlaşmayıb. Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin bu sahə üzrə müəyyən səlahiyyətləri var. Eyni zamanda Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bu xidmətləri elektron formada həyata keçirən qurumlarla bağlı həyəcan siqnalı çalmalı və bu məsələ gündəmə gətirilməlidir”.
Orxan Aslanlı
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !