Papa transları qəbul etdi - Roma Kilsəsi tarixində ilk dəfə

16:33 | 28.01.2015
Papa transları qəbul etdi - Roma Kilsəsi tarixində ilk dəfə

Papa transları qəbul etdi - Roma Kilsəsi tarixində ilk dəfə

Papa Fransisk bütün tabuları dağıdır. O, vaxtilə kilsənin qovduğu ispan əsilli transseksualı və onun qadın sevgilisini Vatikanda qəbul edib.

ANN.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, görüşün baş tutmasına həmin transın Roma Papasına yazdığı məktub səbəb olub. Bir müddət əvvəl 48 yaşlı Dieqo Neria Lejarraqa Papaya göndərdiyi məktubunda 8 il əvvəl cinsiyyətini dəyişdirdiyini və bundan sonra problemlər yaşadığını, gündəlik həyatda, eləcə də inancını yerinə yetirərkən, çətinliklərlə üzləşdiyini dilə gətirib.

Lejarraqa məktubunda katolik inancına bağlı olduğunu, ibadətlərini yerinə yetirən zaman isə din xadimlərinin onun ləyaqət və şərəfini tapdaladığını qeyd edib. Onun yazdığına görə, kilsəyə ibadətə gedən zaman kilsə xidmətçiləri onu içəri buraxmır, onu təhqir edir və qapıdan qovurlar. Hətta bir rahib onu "Sən şeytanın qızısan" - deyə döymək istəyib.  

"La Repubblica" qəzetinin yazdığına görə, bu məktubdan təsirlənən Papa Fransisk ötən ilin sonlarında Lejarraqanı şəxsən özü telefonla iki dəfə zəng edərək, onu qız rəfiqəsi ilə birlikdə Müqəddəs məkana - Vatikana dəvət edib. Görüş ötən həftənin şənbə günü baş tutub. Papa onları öz iqamətgahında - Əziz Marta qonaq evində qarşılayıb. Görüşlə bağlı yayılan xəbərlərdə qeyd olunur ki, Lejarraqa Papa ilə görüşü zamanı "seçim imkanım olsaydı, öz şəxsi həyatımı seçməzdim" - bildirib.

Bir müddət əvvəl Papa "kilsənin qapıları hər bir yaralı fərdə açıq olmalıdır" şüarı ilə çıxış etmişdi. Vəzifəyə başladığı 2013-cü ilin mart ayından indiyə kimi Vatikanda ciddi dəyişikliklər yaradan Papa Fransisko "Mən kiməm ki, eynicinsləri mühakimə edim?" - deməklə bütün diqqətləri üzərində cəmləyib.

Onu da qeyd edək ki, Papa hələ Argentinada kardinallıq edərkən Müqəddəs Cümə günü şərəfinə transseksualların ayağını yuyub. O, Həzrəti İsanın 12 havarisinin ayaqlarını yuması mərasimini xatırladan ayində peyğəmbərin trans fərdlərin də ayaqlarını yuduğunu da deyirmiş.

Papa Fransiskin "Kilsənin qapıları eynicinslilərə və boşananlara, digər qovulanlara açıq olmalıdır" - təklifi Yepiskoplar Məclisindəki mühafizəkar din adamlarının müxalif çıxması səbəbindən qəbul edilməmişdi.

ANN.Az
    

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM