Azərbaycanda peşə təhsili sisteminin quruluşu müəyyən olunub.
AzVision.az-ın məlumatına görə, "Peşə təhsili haqqında” qanun layihəsinin 9-cu maddəsində nəzərdə tutulur:
1. ilk peşə təhsili – müxtəlif peşə istiqamətlərinə aid fəaliyyətin sahəsi üzrə sadə vəzifələrin icrasına imkan verən nəzəri və metodiki hazırlıq;
2. texniki peşə təhsili – müxtəlif peşə istiqamətlərinə aid fəaliyyətin spesifik sahəsi üzrə sadə, xüsusi və mürəkkəb işləri yerinə yetirmək imkanı verən nəzəri, metodiki və praktiki hazırlıq;
3. orta peşə təhsili – müxtəlif peşə istiqamətlərinə aid fəaliyyətin spesifik sahəsi üzrə həyata keçiriləcək işlərin planlaşdırılması, təşkili və idarə edilməsi daxil olmaqla sadə, xüsusi və mürəkkəb işləri müstəqil yerinə yetirməyə imkan verən yüksək nəzəri, metodiki və praktiki hazırlıq.
Peşə təhsili müəssisələrinin növləri bunlardır:
1. peşə məktəbi;
2. peşə liseyi;
3. peşə təhsil mərkəzi.
Qaydaya əsasən, ümumtəhsil müəssisələrində təhsil alan şəxslərə ilk peşə təhsili almaq hüququ verilir.
Peşə məktəbinə qəbul olunan şəxslərə yalnız texniki peşə təhsili almaq hüququ verilir.
Peşə liseyinə ümumi orta təhsil bazasından qəbul olunan şəxslərə texniki peşə təhsili ilə yanaşı tam orta təhsil, tam orta təhsil bazasından qəbul olunan şəxslərə texniki peşə təhsili almaq hüququ verilir.
Peşə təhsil mərkəzinə ümumi orta təhsil bazasından qəbul olunan şəxslərə texniki peşə təhsili ilə yanaşı tam orta təhsil və orta peşə təhsili, tam orta təhsil bazasından qəbul olunan şəxslərə texniki peşə təhsili və ya orta peşə təhsili almaq hüququ verilir.
Peşə təhsil müəssisələrində ixtisasartırma və yenidən hazırlanma kursları təşkil olunur. Ümumi orta və tam orta təhsil səviyyəsini bitirib, istehsalatda və ya digər iş sahələrində müəyyən nəzəri və praktiki peşə bacarıqları qazanmış şəxslər üçün işəgötürənlərin və fərdlərin sifarişləri əsasında həmin və ya digər peşənin öyrənilməsi, ixtisasının artırılması və yenidən hazırlanması üzrə kurslarda təhsil müddəti 6 aya qədərdir.
Peşə təhsili müəssisələrində təhsil müddəti aşağıdakı qruplara görə müəyyənləşdirilir:
Peşə məktəblərində: 1. ümumi orta təhsil bazasından qəbul olunmuş və texniki peşə təhsili alanlar üçün təşkil edilən qruplarda təhsil müddəti peşənin mürəkkəbliyindən asılı olaraq – 1-2 il; 2. tam orta təhsil bazasından qəbul olunmuş və texniki peşə təhsili alanlar üçün təşkil edilən qruplarda – 1 il;
peşə liseylərində:
1. ümumi orta təhsil bazasından qəbul olunmuş və texniki peşə təhsili ilə yanaşı tam orta təhsil alanlar üçün təşkil edilən qruplarda – 3 il;
2. tam orta təhsil bazasından qəbul olunmuş və texniki peşə təhsili alanlar üçün təşkil edilən qruplarda – 1 il;
Peşə təhsil mərkəzlərində:
1. ümumi orta təhsil bazasından qəbul olunmuş və texniki peşə təhsili ilə yanaşı tam orta təhsil alanlar üçün təşkil edilən qruplarda – 3 il;
2. tam orta təhsil bazasından qəbul olunmuş və texniki peşə təhsili alanlar üçün təşkil edilən qruplarda – 1 il;
3. ümumi orta təhsil bazasından qəbul olunmuş orta peşə təhsili alanlar üçün təşkil edilən qruplarda – 4 il;
4. tam orta təhsil bazasından qəbul olunmuş orta peşə təhsili alanlar üçün təşkil edilən qruplarda – 3 il.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !