2023-cü ilin ilk altı ayında Azərbaycandakı mağazalarda məhsulların vitrin və kassa
qiymətlərindəki fərqlərə görə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və
İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə rekord sayda müraciət daxil olub. Bu barədə Dövlət Xidmətinin
İstehlakçı hüquqlarının müdafiəsi şöbəsinin müdiri Roman Qaraşov bildirib.
Onun sözlərinə görə, qiymət fərqində bəzən 30 qəpiyə görə sahibkarlar 4-6 min manat arası cərimələnə bilər.
Onlardan bəzilərinə diqqət edək:
Nazlı Musazadə adlı Feysbuk istifadəçisi "Rahat” supermarketlər şəbəkəsinin
Yasamal filialından aldığı məhsullarda dəfələrlə kassa qiyməti ilə vitrin
qiymətinin üst-üstə düşmədiyini bildirir.
Sənan Məmmədov adlı istifadəçi isə öz sosial şəbəkə
hesabında "Bravo” supermaketlər şəbəkəsinə daxil
olan mağazaların birində aldığı məhsulun vitrin və kassa qiymətinin fərqli
olduğu bildirib.
Onun sözlərinə görə, aldığı məhsulun
vitrindəki endirimli qiyməti kassada nəzərə alınmayıb. Belə ki, vitrində
endirimlə 4,29 AZN-ə təklif edilən məhsul üçün kassada 6,29 AZN ödəməyi tələb ediblər.
Müştəri məhsulun vitrindəki
qiymətinin və alış-verişdən sonra ona təqdim edilən qəbzin fotosunu da
paylaşıb.



Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun sözlərinə görə, bu problemin qarşısını İqtisadiyyat Nazirliyi, eyni zamanda Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti almalıdır.
"Böyük marketlərdə vitrindəki qiymətin kassadakı qiymətə uyğun gəlməməsinə son vaxtlar çox rast gəlinir. Adətən vitrindəki qiymət aşağı, kassadakı qiymət isə yüksək olur. Bu isə süni qiymət artımıdır. Prezident dəfələrlə iqtisadi yığıncaqlarda bildirib ki, ölkədə süni qiymət artımı və monopoliya var. İqtisadiyyat Nazirliyi məhz bu amillərlə mübarizə aparmalıdır. Təəssüf ki, İqtisadiyyat Nazirliyi, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti bu vəziyyətin qarşısını ala bilmir. Digər tərəfdən istehlakçıların marketlərdə almadıqları mal üçün pul ödəməsi məsələsi də var. Təxminən ümumi şikayətləri birləşdirsək, bir ildə Azərbaycan vətəndaşları almadıqları mal üçün 500 milyon manat pul ödəyiblər. Belə bir halda istehlakçı malın vitrindəki şəklini, eyni zamanda kassadan aldığı çekin şəklini çəkməli və market sahibinə iradını bildirməlidir. Bunu etdikdən sonra yerindəcə dəyişiklik aparılmalıdır. Əks halda İqtisadiyyat Nazirliyinin 195 telefon nömrəsinə zəng vurub məlumat verilməlidir. Bütün bu işlər ictimai nəzarətin köməyi ilə yığışdırıla bilər. İctimai nazarət isə yalnız kütləvi informasiya vasitələrinin üzərindən getməlidir ki, həmin məsələ ictimailəşərək aradan qaldırılsın”, - Hüseynov bildirib.
İqtisadçı-marketoloq Seymur Quliyev bildirir ki, əgər kassa və vitrin qiyməti arasında
fərq varsa müştərinin ən ucuz olan qiyməti ödəməyə haqqı var.
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən bildirildi ki, sahibkarlıq sahəsində aparılan yoxlamalar 2024-cü ilin yanvarın 1-dək dayandırılıb.
"Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2024-cü il yanvarın 1-dək sahibkarlıq subyektlərində yoxlamalar dayandırılıb. Bununla belə, qeyd olunan pozuntu halları ilə əlaqədar Dövlət Xidmətinə istehlakçılar tərəfindən daxil olan müraciətlər əsasında araşdırmalar aparılır və müraciətdə yetərli faktlar olduğu halda, qanunvericiliklə nəzərdə tutulmuş tədbirlər görülür. İstehlakçılar malların üzərində göstərilən qiymətdən fərqli qiymətə satılması halları ilə rastlaşdıqda, bu halı təsdiq edən faktlar və pozuntuya yol vermiş ticarət obyekti barədə dəqiq məlumatları təqdim etməklə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət edə bilərlər”.
Həmçinin qeyd olunub ki, kassada ödəniş edərkən istehlakçıdan məhsulun üzərində göstərilən qiymətdən fərqli qiymətlə ödənişin tələb edilməsi istehlakçıların hüquqlarının pozulması hesab olunur.
"Məhsulun satış qiyməti məhz üzərində ( piştaxta və
ya vitrində) qeyd olunan qiymət hesab olunur. Buna görə də kassada ödəniş edərkən istehlakçıdan məhsulun üzərində
göstərilən qiymətdən fərqli qiymətlə ödənişin tələb edilməsi istehlakçıların
hüquqlarının pozulması, istehlakçının aldadılması hesab olunur. Belə hallar müəyyən olunduqda,
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsinə əsasən,
mal satan və ya əhaliyə xidmət göstərən şəxslər tərəfindən malın (xidmətin)
ölçüsünə, çəkisinə, hesabına, habelə istehlak xüsusiyyətinə və ya keyfiyyətinə
dair istehlakçıların az miqdarda aldadılmasına görə fiziki şəxslər üç yüz əlli
manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki
min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə
cərimə edilir”, - xidmətdən bildirilib.

İstiqamət:6.3.4. ictimai və dövlət maraqlarının müdafiəsi;
Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi çərçivəsində hazırlanıb.
Eltac Nurullazadə
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !