Plastik cərrahlar diplomlarını yanvarın 31-nə kimi Səhiyyə Nazirliyinə təqdim etməlidir

16:53 | 27.12.2024
Plastik cərrahlar diplomlarını yanvarın 31-nə kimi Səhiyyə Nazirliyinə təqdim etməlidir

Plastik cərrahlar diplomlarını yanvarın 31-nə kimi Səhiyyə Nazirliyinə təqdim etməlidir

Ölkədə fəaliyyət göstərən plastik cərrahlar 2025-ci il yanvarın 31-də qədər  peşə fəaliyyətinin qanunauyğunluğunu təsdiq edən sənədləri Səhiyyə Nazirliyinə təqdim etməlidir, əks halda onların sertfikasiya şəhadətnamələri ləğv olunacaq. Bu barədə Səhiyyə Nazirliyindən bildirilib. 

"Azərbaycan Respublikasının ərazisində praktik tibb fəaliyyəti ilə məşğul olan plastik cərrahlar peşə fəaliyyətinin qanunauyğunluğunu təsdiq edən sənədlərinin notariat qaydasında təsdiq edilmiş surətlərini (baza ali tibb təhsili, diplomdansonrakı təhsilə aid bütün sənədlər, əmək kitabçası, tibbi fəaliyyət ilə məşğul olmağa buraxılma barədə şəhadətnamə, sertifikasiya şəhadətnaməsi və s.) 2025-ci il 31 yanvar tarixinədək Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə şəxsən təqdim etməlidirlər. Mütəxəssis tərəfindən sənədlər tələb olunan qaydada və tarixədək təqdim edilmədiyi təqdirdə, bu hal onun praktik tibb fəaliyyəti ilə məşğul olmağa buraxılma barədə şəhadətnamə və ya sertifikasiya şəhadətnaməsinin ləğvi üçün əsas olacaq", - məlumatda deyilir. 
 
Bir müddət öncə saxta diplomların alınması ilə bağlı 50-yə yaxın plastik cərrahin adı mətbuatda hallanıb. 
 
Plastik cərrahların bir neçəsinin adı ölüm hallarında da hallanıb. 
 
Bundan sonra Səhiyyə naziri Teymur Musayev də jurnalistlərə bildirib ki, bu iş üzərində hazırda Baş Prokurorluqla birgə komissiya yaradılıb və müvafiq tədbirlər görülüb. 
 
Bu gün Baş Prokurorluq Səhiyyə Nazirliyi ilə birgə məlumat yayaraq bildirib ki, Səhiyyə Nazirliyinin İnsan resursları, elm və təhsil şöbəsinin müdiri Rüstəmova Səidə Nurəddin qızının qabaqcadan əlbir olduğu əvvəllər həmin Nazirliyin İctimai Səhiyyə və islahatlar Mərkəzinin akkreditasiya şöbəsinin müdiri vəzifəsində işləmiş Cabbarova Lətafət Kərim qızı və korrupsiya şəbəkəsinin digər üzvləri ilə birgə qanunsuz olaraq həkimlərin ixtisaslarının dəyişdirilməsi, onların tibbi və ya əczaçılıq fəaliyyəti ilə, o cümlədən plastik cərrahiyyə fəaliyyəti ilə məşğul olma hüququ verən sertifikasiya imtahanlarına buraxılmasına icazələrin verilməsi, saxta məqbul qiymətləndirmə ilə müvafiq sertifikatlarla təmin olunması və digər bu kimi sui-istifadə hallarına yol verməsi müqabilində çoxsaylı şəxslərdən müxtəlif məbləğlərdə rüşvət almalarına əsaslı şübhələr müəyyən edilib. 
 
Adı çəkilən şəxslərə ev dustaqlığı təyin edilməklə vəzifələrindən uzaqlaşdırılıb. 
 
Gülnar Nazimqızı 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM