Polis Akademiyasında təntənəli mərasim keçirilib

17:45 | 02.07.2020
Azərbaycan Polisi Günü - iyulun 2-də Daxili İşlər Nazirliyinin (DİN) Polis Akademiyasında 2019-2020-ci tədris ilinin buraxılışına həsr olunmuş təntənəli mərasim keçirilib. 

Anews.az xəbər verir ki, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov tədbirdə iştirak edib.

Tədbir iştirakçıları xalqımızın ümummilli lideri Heydər Əliyevin, suverenliyimiz və ərazi  bütövlüyümüz uğrunda şəhidlik zirvəsinə ucalmış, xidməti borcu yerinə yetirərkən həlak olmuş polis əməkdaşlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Sonra Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. 
Təntənəli mərasimdə çıxış edən nazir V.Eyvazov Akademiyanın müəllim və müdavim heyətini əlamətdar gün münasibətilə təbrik edərək məzun gününün yaddaşlarda dərin iz qoyan unudulmaz hadisə, eyni zamanda, yeni həyatın başlanğıcı olduğunu, məzunları qarşıda daha məsul və şərəfli bir fəaliyyətin gözlədiyini diqqətə çatdırıb.

Qeyd olunub ki, dövlət müstəqilliyimizin bərpasından sonra ali təhsilli polis kadrlarına tələbat bütün ciddiliyi ilə gündəmə gəldiyindən Bakı Xüsusi Orta Milis Məktəbinin bazasında Polis Akademiyası yaradılıb və ona birinci dərəcəli ali təhsil müəssisəsi statusu verilib. Akademiyanın sonrakı inkişafı ulu öndərin və möhtərəm Prezident İlham Əliyevin adı ilə bağlı olmaqla ötən illər ərzində onun maddi-texniki bazası əhəmiyyətli dərəcədə güclənib, müasir infrastrukturu formalaşıb.

Daxili işlər orqanlarında peşəkarlığın artdığı ilə bağlı möhtərəm Prezidentin polisin 100 illik  yubileyi münasibətilə təbrikində qeyd olunan fikirləri xatırladan  general-polkovnik V.Eyvazov  Akademiyada müasir düşüncəsi, vətənpərvərliyi və digər mənəvi keyfiyyətləri ilə seçilən, yeni çağırışlara adekvat cavab verən, qarşıdakı hədəflərə çatmaq üçün müasir dünyagörüşünə malik Azərbaycan polisinin yeni nəslinin yetişdiyini professor-müallim heyətinin uğuru adlandırıb.  

Nazir hazırkı internet  əsrində, rəqəmsal dünyada yüksək bilik və bacarıq olmadan keçinməyin mümkünsüzlüyünü, bunun üçün Akademiyada kursantların intellektual səviyyəsinin yüksəldilməsindən ötrü  hər cür şəraitin yaradıldığını, gələcəyin polislərinin xüsusi nəzəri bilik, fiziki və psixoloji hazırlığında pedaqoji kollektivin maksimum səy göstərdiyini, kursantlarda yüksək peşəkarlıq formalaşdırmaqla bərabər, indiki dövrdə çox vacib olan milli ruh, vətənpərvərlik, humanizm, zabit qüruru kimi mənəvi dəyərlər aşılamaq  üçün səylərini artırdıqlarına da diqqət çəkib.

V.Eyvazov pandemiya dövrünün çətinliklərinə baxmayaraq mart ayının 14-dən etibarən tətbiq olunan sosial izolyasiya tədbirlərinin icrası sahəsində daxili işlər orqanları əməkdaşlarının aidiyyəti vəzifələri uğurla yerinə yetirməsinin, gücləndirilmiş iş rejimində çalışmasına baxmayaraq hər bir polis əməkdaşının  qanun çərçivəsində hərəkət edərək insanların köməyinə çatmasının, onların həyati problemlərinin həllinə yardımçı olmasnın, müraciətlərə həssaslıqla yanaşmasının, habelə, qanunu pozanlara qarşı mübarizədə dönməzliyinin ictimaiyyət  tərəfindən həssaslıqla və minnətdarlıq hissi ilə qarşılandığını xüsusi vurğulayıb. 

Daxili İşlər naziri cənab V.Eyvazov təntənəli mərasim iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevi əmin edib ki, sıralarımıza qoşulan gənc zabitlər də xalqımızın asayişinin, təhlükəsiz həyatının etibarlı qorunması işinə layiqli töhfələr verəсək, qanunla müəyyən edilmiş vəzifələri və qarşıya qoyulmuş tapşırıqları tam yerinə yetirəсəkdir.

Polis Akademiyasının rəisi, polis general-mayoru Nazim Əliyev bu ali polis təhsil ocağında təlim-tədris prosesinin təkmilləşdirilməsi və maddi-texniki bazanın daha da möhkəmləndirilməsi istiqamətində görülən işlər barədə məruzə ilə çıxış edib. 

O, təlim-tədris prosesinin daha da təkmilləşdirilməsi, bu işə ixtisaslı mütəxəssislərin cəlb olunması, informasiya texnologiyaları ilə peşəkarcasına işləməyi bacaran yeni nəsil polis əməkdaşlarının yetişdirilməsi, bütövlükdə müasir dövrün çağırış və təhdidlərinə cavab verən ixtisaslı kadr hazırlığının həyata keçirilməsi barədə qarşıya qoyulan tələblərin, əmr və göstərişlərin tam və yüksək səviyyədə yerinə yetirilməsi üçün bundan sonra da əzmlə çalışacaqlarına, bilik və bacarığımızı əsirgəməyəcəklərinə Daxili İşlər nazirini əmin edib.

Tədbirin sonunda daxili işlər naziri Polis Akademiyasını fərqlənmə ilə bitirmiş məzunlara - Ata Vəliyevə, Məhəmməd Rzayevə, Nurlan Yusifova diplomları və "polis baş leytenantı" xüsusi rütbələrinin paqonlarını təqdim edib. 

 Polis leytenantı Nurlan Mirzəyev yaş kötüyünə rəmzi xatirə lövhəsini vurub.

Daha sonra döyüş bayrağı dördüncü kurs müdavimlərinə təhvil verilib. Müdavimlər "Azərbaycan Polisi" marşını ifa ediblər.  

Sonda şəxsi heyət mətin addımlarla tribunanın qarşısından keçib.

www.anews.az

Tərəfdaşların xəbərləri

REKLAM