Dəfələrlə Azərbaycanda şübhəli şəxs qismində saxlanılan şəxslərin polis idarələrinin, yaxud bölmələrinin yuxarı mərtəbələrinin pəncərələrindən atılması və intihar etməsi hadisəsi olub. Əksər hallarda vəfat edən şəxslərin qohumları bu versiyaya inanmayıb və onlar doğmalarının polis əməkdaşları tərəfindən döyüldükdən sonra yuxarı mərtəbənin pəncərəsindən aşağı atıldığını iddia ediblər.
Avqustun 20-də də Mingəçevirdə belə bir hadisə baş verib - narkotik vasitələrin satışında və istifadəsində şübhəli şəxs qismində Bəhruz Hacıyev Mingəçevir Şəhər Polis Şöbəsinə gətirilib, 10 dəqiqə sonra o, müəmmalı şəkildə ölüb.
Belə bir hadisə nəyə görə baş verə bilər? Bölməyə, idarəyə gətirilən şübhəli şəxslər intihar yolunu nəyə görə seçirlər – törətdikləri cinayətin cəzasından qorxduqları üçün, yoxsa polis işgənçəsinə dözmədikləri üçün?
Əgər törətdikləri cinayətin cəzasından qorxduqları üçün intiar yolunu seçirlərsə, o zaman bunun baş verməməsi üçün polis məkanı necə qurulmalı, adi vətəndaşların mühafizəsi necə təmin olunmaldır?
Yox, əgər, şübhəli şəxs polis içgəncəsinə dözməyərək intihar edirsə, polis-vətəndaş münasibətlərində çatışmayan cəhət nədən ibarətdir?
Elmi-Praktik Hüquq Mərkəzinin eksperti, sabiq polis rəisi Mahmud Hacıyev ANN.Az-a açıqlmasında bildirib ki, bu kimi halların qarşısını almaq üçün profilaktik tədbirlərin görülməsi vacibdir: "İlk növbədə polis vətəndaşla ünsiyyət qurmağı, dindirilməni formalaşdırmalıdır. İşlər yüksək səviyyədə təşkil olunmalıdır. Əvvəllər elə əməliyyatçılar, istintaqçılar vardı ki, vətəndaşla dost kimi söhbət etməyi bacarırdılar. Təsəvvür edin, o vaxt bu qədər texniki vasitələrin, qurğuların olmadığı dövrdə əməliyyat işləri elə səviyyədə qurulurdu ki, heç bir nöqsan baş vermirdi. İndiki vaxtda bu qədər inkişafın qarşısında, bu qədər texniki imkanların olduğu zamanda belə hadisələrin baş verməsi həqiqətən çox təəssüfləndiricidir”.
M.Hacıyev son dövrlər polis əməkdaşlarının nəinki şübhəli şəxs qismində saxlanılan şəxslərlə, hətta adi vətəndaşlarla münasibətinin normal olmadığını vurğulayıb: "Bu yaxınlarda döyülərək qətlə yetirilən jurnalist Rasim Əliyevin də polislərin şiddətinə məruz qaldığı fotolar var və bunu əksəriyyətimiz görmüşük. Bütün bunların qarşısı alınmalı və polislə vətəndaş arasındakı münasibət formalaşdırılmalıdır”.
Polis idarə və bölmə binalarının pəncərələrindən saxlanılan şəxslərin özlərini atması faktının əvvəllər də olduğunu bildirən M.Hacıyev qeyd edib: "Təxminən 10 il bundan əvvəl Bakı şəhər Baş Polis İdarəsinin köhnə binası vardı. Oranın yüksək mərtəbələrindən biri cinayət-axtarışı idarəsi idi. Həmin mərtəbədə 2-3 dəfə belə hal olmuşdu, yəni saxlanılan şəxslər özlərini pəncərədən yerə atmışdılar. Belə halların qarşısını almaq üçün həmin vaxt binanın pəncərələrini dəmir örtüklə bağlamışdılar. O vaxt isə cəmiyyət bu halı çox gülünc bir hal kimi qarşılamışdı".
M.Hacıyev bir daha qeyd etdi ki, proflaktik tədbir kimi polis bölməsindəki pəncərələrin dəmir örtüklərlə bağlanması polisə baş ucalığı gətirmir: "Elə etmək lazımdır ki, polis bölməsində olan vətəndaş özünü pəncərədən atmaq həddinə gəlməsin. Polislə vətəndaş arasındakı bu anlaşılmaz dialoq bir dəfəlik öz həllni tapmalıdır. Əməliyyat işi, istintaq prosesi peşəkarlıq, müəyyən taktika, istintaq fərziyyələri, metodika, taktika tələb edir. Bütün bunlara yüksək şəkildə əməl olunsa, vətəndaş özünü pəncərədən atmayacaq”.
Polis bölməsində dindirilən şəxsin təhlükəsizliyinin qorunması məsələsinə gəlincə, ekspert vurğulayıb ki, polis elə təhlükəsizliyi qoruyan orqandır:
"Polis elə təhlükəsizliyi qoruyan orqandır. Həqiqətən də bu çox təəssüfləndirici haldır. Polis özü hüquq mühafizə orqanıdı, vətəndaşın hüquq və müdafisəinin qorunduğu bir orqandır. Vətəndaş polisə gəlirsə, bu artıq o deməkdir ki, həmin şəxsin təhlükəsizliyi üçün 100 faizlik qarantiya olmalıdır”.
Xatırladaq ki, "Polis haqqında” qanununun 5-ci maddəsinə görə, insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi sahəsində polisin fəaliyyəti aşağıdakı formada tənzimlənməlidir:
"I. Polis öz vəzifələrini yerinə yetirərkən irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, bütün şəxslərin Azərbaycan Respublikasının Konstitusiyasında və tərəfdar çıxdığı dövlətlərarası müqavilələrdə nəzərdə tutulmuş hüquqlarını və qanuni mənafelərini hüquqa zidd əməllərdən qoruyur.
II. Polisin hər hansı şəxslə insanın ləyaqətini alçaldan şəkildə rəftar etməsi yolverilməzdir. Cinayət törədən və ya törətməkdə şübhələndirilən şəxsləri məlumat verməyə və ya cinayət əməlini törətməkdə təqsirini etiraf etməyə məcbur etmək, bu məqsədlə onları və digər şəxsləri hədələmək, işgəncəyə məruz qoymaq, onlara hər hansı fiziki və ya mənəvi təsir göstərmək qadağandır.
III. Şəxsin hüquq və azadlıqlarına qarşı polis tərəfindən bu Qanunla nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsinə yalnız Azərbaycan Respublikasının qanunları ilə müəyyən olunmuş əsaslarla və qaydada yol verilir.
IV. Hər hansı şəxsin hüquq və azadlıqları məhdudlaşdırıldıqda polis əməkdaşı məhdudlaşdırmanın əsaslarını və səbəblərini, habelə bununla əlaqədar həmin şəxsin hüquq və vəzifələrini ona izah etməlidir.
V. Polis tutulan və ya həbsə alınan şəxsin hüquqlarının həyata keçirilməsini təmin edir.
VI. Şəxsin hüquqları, azadlıqları və qanuni mənafeləri polis əməkdaşları tərəfindən pozulduqda polis orqanı həmin şəxsin pozulmuş hüquqlarının, azadlıqlarının və qanuni mənafelərinin bərpa olunması üçün zəruri tədbirlər görməyə, vurulan ziyanı ödəməyə borcludur.
VII. Polis əməkdaşlarının qanuna zidd hərəkətləri nəticəsində vurulmuş ziyan Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunan qaydada ödənilir”
Avqustun 20-də narkotik vasitələrin satışında və istifadəsində şübhəli şəxs qismində Bəhruz Hacıyev Mingəçevir Şəhər Polis Şöbəsinə gətirilib, 10 dəqiqə sonra o, müəmmalı şəkildə ölüb. Hazırda faktı üzrə cinayət işi başlanılıb və istintaq aparılır.
Daxili İşlər Nazirliyinin açıqlamasına görə, həmin orqanın Cinayət axtarışı bölməsinin əməliyyat müvəkkili polis baş leytenantı Şahlar Şahlarzadənin cinayətdə şübhəli şəxslərin saxlanılması və mühafizəsinə dair vəzifə təlimatının tələblərini pozaraq Bəhruz Hacıyevin təhlükəsizliyini təmin etməməsi və sayıqlığını itirməsi ağır nəticəyə səbəb olub.
Daxili təhqiqatın yekununa əsasən, Azərbaycan Respublikası daxili işlər nazirinin əmri ilə polis baş leytenantı Şahlar Şahlarzadə daxili işlər orqanlarında xidmətdən xaric edilib.
Eyni zamanda, tabelikdəkilərin xidməti fəaliyyətinə nəzarəti zəiflətdiyinə, cinayət törətməkdə şübhəli olduğuna görə gətirilən şəxslərin saxlanılması işini düzgün təşkil etmədiyinə görə Mingəçevir şəhər polis şöbəsinin rəisi polis polkovniki Ələsgər Bədəlova "şiddətli töhmət" elan olunub.
Mingəçevir şəhər Polis Şöbəsinin rəisi polkovnik Ələsgər Bədəlov mediaya açıqlamasında bildirib ki, faktla bağlı CM-nin 125-ci maddəsinə uyğun olaraq cinayət işi başlanılıb. O, dünən prezidentin göstərişi ilə vəzifədən azad olunmuş polis baş leytenantı Şahlar Şahlarzadənin saxlanıldığını deyib:
"Məsələ ilə bağlı polis baş leytenantı Şahlar Şahlarzadə işdən çıxarılıb, hazırda saxlanılıb. Çünki Şahlar hal şahidi gətirməyə getməklə səhlənkarlığa yol verib”.
Orxan Aslanlı
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !